EN

Moskva Paşinyanı qorumaq ZORUNDA – Nikol pirojkini KİMİNLƏ yemişdi?

Rusiyada Ermənistan istehsallı konyak və şərab məhsullarının satışı dünəndən dayandırılıb. Səbəb, daha doğrusu, bəhanə bəsitdir: “Standartlara cavab vermir”.

Halbuki Ermənistan markalı spirtli içkilər Rusiyaya illərdir idxal edilir. Özü də hər iki tərəf üçün sərfəli qiymətlərə. Eləcə də digər yerli məhsullar. Nə oldu, keyfiyyət indi yada düşdü? Yüksək çinli Moskva rəsmilərinin Nikol Paşinyan hakimiyyətinin ünvanına səslənən və getdikcə artan şantaj, təhqir və təhdidlər fonunda əlbəttə inandırıcı görünmür.

Sözsüz ki, əsl motiv Ermənistanda yaxınlaşmaqda olan parlament seçkiləridir. Daha dəqiqi, Kremlin hədəfi hazırda qələmə qazanmaq şansı digər qüvvələrdən üstün olan iqtidar partiyasının reytinqinə bu cür üsullarla zərbə vurmaqdır. Seçiciyə bu yolla təzyiq edib onu Rusiyaya bağlı proksi-müxalifətə meylləndirməkdir. Qısası, mesaj belədir ki, indiki iqtidar qalsa, altını ən çox çəkən əhali olacaq. Dolanışıq pisləşəcək, iş yerləri itiriləcək və s.

Bu yerdə yada məşhur kinofilmdəki obrazın – Kərbəlayi İsmayılın sözləri düşür: “Adətən, sel gələndə əvvəl çör-çöp gətirər, iri, qol-budaqlı kötüyü selin gur yeri axıdar”. Əcəba, Putin Paşinyan üçün görəsən, daha hansı sürprizi hazırlayıb? Ermənistana “sel” də gələ bilərmi? Yəni, konyaka qadağanın ardınca Moskva tutaq ki, satdığı qazı bahalaşdırarmı?

Skeptiklərə görə, bəli, mümkündür. Nikbinlər isə hesab edir ki, bu, Rusiyanın öz ayağına “güllə sıxması” demək olar. Ona görə ki, əks-effekt yaratmaqla əhalinin Moskvaya nifrəti artar...

Paşinyana qarşı, həmçinin, fiziki terror üsulu riskli bir iş. Əvvəla, şübhələr dərhal şimala yönələcək – hətta rusun barmağı olmasa belə. Özəlliklə ABŞ, ümumən Qərb özlərinin adamı saydıqları namizədə qarşı bu hücuma görə Rusiyanı bağışlamaz. Ukraynada işğalçı müharibə fonunda onun haqda beynəlxalq hüququ saymayan yırtıcı, terrora dəstək verən dövlət imici möhkəmlənər. Bu üzdən nə qədər qəribə də olsa, Moskva Paşinyanı ən azı, seçkilərədək qorumaq zorunda.

Paşinyan

Ötə yandan, Nikol Paşinyan olmasın, seçki siyahısında ikinci yerdə gedən spiker Alen Simonyan olsun. Diqqət edilib yəqin ki, Paşinyan avtobusda pirojki və qarğıdalı yeyəndə də, sucuq və çiyələk yeyəndə də məhz Simonyanla birgə reklam çarxına çəkilib. Yanında məhz o olub. Bu da daxili auditoriya ilə yanaşı, Moskvaya siyasi varisin kimliyi haqda aydın mesajdır.

Simonyan isə Rusiyaya qarşı Baş nazirdən də radikal mövqedə olan şəxsdir. Çünki təpədən-dırnağa qərbçidir. Yəni, Kreml “yağışdan çıxıb yağmura düşə” bilər...

Yaxud Paşinyanın hansısa rəqibinə qarşı nəsə törədib məsuliyyəti onun üstünə atmaq da çıxış yolu sayılmaz. Ona görə ki, rəqib qüvvələrin populyarlığı hakim “Mülki Müqavilə” partiyasından geri qalır. Nikol onları niyə aradan götürsün ki? O başqa məsələ ki, seçkilərdən sonra radikal-revanşistlərə qarşı qanuni cəza tədbirləri sərtləşdirilrə bilər...

Rusiya üçün ən idealı yəqin ki, 7 iyun seçkilərində hakim partiyanın qalib gəlməməsi və ya qalib olsa belə, təkbaşına hökumət formalaşdıra bilməməsi variantıdır. Bir növ Gümrüdə son bələdiyyə seçkilərində presedentin təkrarlanması Kremldən ötrü arzu olunandır. Harda ki, hakim partiya seçkilərdə ən çox səs toplasa da, yetərli sayda nümayəndə yeri qazanmadığından, müxalifət partiyaları yığışıb şəhər rəhbərliyinə öz namizədliyini təsdiqləmişdi (Həmin mer korrupsiya ittihamı ilə həbsdədir).

Ancaq “cin ayrı, şeytan ayrı” deyiblər. Fərq ondadır ki, hazırda bütün ölkədə seçki dönəmidir və Gümrü daxil, faktiki Ermənistanın taleyi həll olunur. Bu, mer seçkisi deyil...

Z. SƏFƏROĞLU

Chosen
48
musavat.com

1Sources