EN

Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA

Bakı-Tbilisi qatarına kassadan ilk bilet alan sərnişinin Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşı olması ilə bağlı məlumatlar yayılıb.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkə paylaşımlarında bununla ADY-nin ucuz piar kampaniyası apardığı, situasiyanı imitasiya etdiyi iddia olunur.

Məsələ ilə əlaqədar ADY-nin Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Bəxtiyar Hacıyev yayılan məlumatı təkzib etdi və bildirdi ki, təmsil etdiyi qurumun belə kampaniyaya ehtiyacı yoxdur: “Azərbaycan Dəmir Yolları kifayət qədər ciddi və etikalı bir qurumdur. Onun bu cür piara heç bir halda ehtiyacı yoxdur. Əgər bizim belə bir niyyətimiz olsaydı, işi daha peşəkar şəkildə həyata keçirərdik. Baxanda görünür ki, burada sadəcə bir telefonla, əməkdaşlarımız tərəfindən çəkilən şəkillərdir. Emosiyalar və ilk sərnişin olması xüsusilə xoşlarına gəlir və çəkirlər.

İkinci bir məsələ, əgər biz belə bir şey etmiş olsaydıq, niyə əməkdaşımızı çəkirdik, nə qədər müxtəlif sahələrdə çalışan adamlar var. Elə bizim 14 min əməkdaşımız var, o əməkdaşlarımızdan birininin ailə üzvünü gətirərdik, niyə məhz öz əməkdaşımızı çəkirdik? Bu, kifayət qədər gülünc iddiadır.

Bizdə bilet satış sistemi açılmamışdan sistemdə Tbilisi əlavə olunmuşdu. Bunu görən sərnişinlər elə biliblər ki, saytda problem var, bilet almaq mümkün deyil, bəziləri hətta günorta saatlarından durub kassaya gəlmişdilər. Bu xanım da kassaya elə gələnlərdən biri idi. Sadəcə gəldi, növbədə oldu və bileti kassadan birinci alan sərnişin oldu. Onu görən əməkdaşlar da telefonla çəkdilər.
Bu cür iddialar heç bir halda həqiqətə uyğun deyil”.

B.Hacıyev həmçinin əlavə edib ki, sözügedən istiqamətə artıq 3000 bilet satılıb. Hətta bəzi reyslər tamamilə dolub.

Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir.

Chosen
22
4
turkustan.az

5Sources