EN

Bir milyon ev üçün nəhəng külək elektrik stansiyası tikilir

Danimarka Şimal dənizində öz tarixinin ən böyük dəniz külək elektrik stansiyası olan “Thor” layihəsinin tikintisinə başlayıb. Layihə tamamlandıqdan sonra təxminən bir milyon Avropa evini elektrik enerjisi ilə təmin edəcək.

HİT.az xəbər verir ki, yeni külək parkı Danimarkanın qərb sahilindən təxminən 22 kilometr məsafədə, Tüsmindeyə yaxın ərazidə yerləşəcək. Layihə Almaniyanın “RWE” enerji şirkəti ilə Norveçin Norges Bank Investment Management qurumu tərəfindən həyata keçirilir. Tam istismara verilməsinin 2027-ci ilə planlaşdırıldığı bildirilir.

Stansiyada hər biri təxminən 15 meqavat gücə malik 70 ədəd “Siemens Gamesa SG 14-236 DD” tipli külək turbini quraşdırılacaq. Turbinlərin hündürlüyü pərlərlə birlikdə təxminən 266 metrə çatacaq. Pərlərin uzunluğu isə 115 metrə yaxın olacaq ki, bu da standart futbol meydançasının uzunluğunu aşır.

“Thor” külək parkının ümumi gücü 1000 meqavatı keçəcək və bu göstərici təxminən bir milyon ev təsərrüfatının enerji ehtiyacını qarşılamağa imkan verəcək.

Şimal dənizinin seçilmə səbəbi kimi bölgədə ilboyu güclü və sabit küləklərin olması göstərilir. Bununla belə, dəniz şəraitində tikinti və istismar ciddi çətinliklər yaradır: şiddətli fırtınalar, duzlu suyun yaratdığı korroziya və güclü dəniz axınları mühəndislərin qarşısında əsas problemlər kimi qeyd olunur.

Turbinlərin dəniz dibində təxminən 28 metr dərinliyə qədər bərkidilmiş iri özüllər üzərində quraşdırılacağı bildirilir.

Ən mürəkkəb məsələlərdən biri isə istehsal olunan enerjinin sahilə ötürülməsidir. Elektrik enerjisi sualtı kabellər vasitəsilə dənizdəki yarımstansiyalara göndəriləcək, daha sonra isə Danimarka enerji şəbəkəsinə qoşulacaq.

Mütəxəssislər obyektə xidmət göstərməyin də çətin olacağını, texniki heyətin turbinlərə gəmi və ya helikopterlə çatmalı olacağını bildirirlər.

Layihə Danimarka və ümumilikdə Avropa İttifaqının fosil yanacaqlardan imtina edib bərpa olunan enerji mənbələrinə keçid strategiyasının bir hissəsidir. “Thor” istifadəyə verildikdən sonra Avropanın ən böyük dəniz külək elektrik stansiyalarından biri olacaq.

Samir
 

Chosen
33
hit.az

1Sources