EN

FİKRƏT FƏRHADOĞLU - 50: BİR İCİM SU KİMİ İCİLƏN ÖMÜR...

Fikrət Fərhadoğluna yubiley yazısı...

Bəzən bir insan haqqında danışanda onun peşəsini demək kifayət etmir. Çünki bəzi adamlar yalnız bir peşənin deyil, bir dövrün, bir mühitin, bir düşüncə tərzinin ifadəsinə çevrilirlər. Elə insanlar var ki, onların adı çəkiləndə yaddaşa yalnız bir jurnalist, bir yazar, bir redaktor gəlmir — həm də sözün ağırlığını daşıyan, cəmiyyətin ağrılarını içindən keçirən, həqiqətin tozunu ayaqqabısından silmədən yaşayan bir insan gəlir.
Fikrət Fərhadoğlu məhz belə insanlardandır.
Bu gün onun ömür kitabında yeni bir səhifə açılır. Əlli yaş...

İnsan ömrünün yarım əsrə çatan bu məqamı sadəcə təqvim hadisəsi deyil. Bu yaş artıq yaşanmış zamanın hesabatı, keçilmiş yolların sükutlu aynası, insanın öz taleyi ilə üz-üzə dayandığı dayanacaqdır. Bəziləri üçün əlli yaş yorğunluğun başlanğıcıdır, bəziləri üçün isə həyatın həqiqi mənasını anlamaq dövrü.
Fikrət Fərhadoğlu isə bu yaşa qələmin işığında gəlib çatdı.
O qələmin ki, bəzən sərt olub. Bəzən duzlu. Bəzən cəmiyyətin gizlədilən yaralarına toxunduğu üçün narahatlıq yaradıb. Amma heç vaxt susmayıb.
Çünki susmaq onun təbiətində olmayıb.

Şabanlıdan başlayan yol

Fikrət Fərhadoğlu Cəlilabad rayonunun Şabanlı kəndində dünyaya göz acıb. Hər insanın taleyi görünməyən bir nöqtədən başlayır. O nöqtə bəzən bir kənd həyətində eşidilən ilk səs, bəzən bir kitabın saralmış səhifəsi, bəzən də uşaqlıq yaddaşına hopmuş bir ədalətsizlik olur.
Fikrət Fərhadoğlunun da həyat yolunun başlanğıcında zamanın sərtliyi, həyatın reallığı və insan talelərinin ağrısı dayanırdı.
O, həyata yalnız baxan adamlardan olmadı. O, həyatın içinə girdi. İnsanların sevincini də gördü, çarəsizliyini də. Kənd adamının yorğun baxışını da gördü, şəhərin gurultusunda itib gedən insanların səssizliyini də.
Bəlkə də buna görə sonralar onun yazılarında həyatın qoxusu hiss olundu. Çünki o yazılar kabinet təxəyyülündən yox, küçələrin, insanların, gündəlik həyatın içindən doğurdu.
İllər keçdikcə Fikrət ücün söz sadəcə peşəyə çevrilmədi. Söz onun üçün vicdan məsuliyyətinə çevrildi.

Jurnalistika - sadəcə peşə deyil

Jurnalistika bəzən çox yanlış anlaşılır. Kənardan baxanlar elə bilir ki, jurnalist olmaq sadəcə xəbər yazmaq, hadisə haqqında məlumat verməkdir. Əslində isə həqiqi jurnalistika insanın öz vicdanını hər gün yenidən sınağa çəkməsidir.
Çünki həqiqəti yazmaq həmişə rahat olmur. Həqiqətin tərəfi çox vaxt səsli olmur. Bəzən ən böyük həqiqətlər qorxu içində susan insanların gözlərində yaşayır. Fikrət Fərhadoğlu məhz o susqun həqiqətlərin izinə düşən qələm adamlarından biri oldu.
Onun yazılarında təkcə informasiya yox idi. Orada mövqe vardı. Orada narahatlıq vardı. Orada cəmiyyətin problemlərinə biganə qalmayan bir insanın daxili yanğısı vardı.
Bu səbəbdən onun qələmi illər boyu oxucular tərəfindən fərqli qəbul edildi. Çünki o, oxucuya sadəcə xəbər təqdim etmirdi. O, insanı düşünməyə vadar edirdi.
Chosen
54
paytaxt.org

1Sources