EN

​Ukrayna Krımın “həyat yolu”nu bağladı FOTO + VİDEO

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyanın müharibədəki əsas nailiyyəti puç olur

Vladimir Putin dəfələrlə çıxışlarında rusiyalılara Ukraynadakı işğalçılıq müharibəsindəki “nailiyyətlər” barədə danışarkən, işğal nəticəsində Azov dəniznin Rusiyanın daxili dənizə çevrilməsini və xüsusilə də işğal edilmiş ərazilərdən Krım yarmadasına quru yolunun açılmasını qeyd edib. Lakin indi Azov dənizi ekoloji fəlakətlə üz-üzədir, Krıma gedən quru yolu isə son günlərdə faktiki olaraq bağlanıb. Səbəb Ukrayna PUA-larının uçuş məsafəsinin artması, bu yolu nəzarətə götürməsi, orada hərəkət edən hərbi texnikadan yanacaq daşıyan yük maşınlarına qədər hər şeyi vurmasıdır.

Vəziyyət o yerə çatıb ki, Xerson vilayətinin Rusiyanın təyin etdiyi işğal administrasiyasının başçısı Vladimir Saldo M-14 Mariupol-Berdyansk-Melitopol-Geniçesk avtomobil yolunda yük maşınlarının hərəkətini məhdudlaşdıran fərman imzalayıb. Söhbət Rusiya ərazisini Krımla birləşdirən yeni tikilmiş yoldan gedir. Bu, Rusiya ilə işğal olunmuş Krım arasında əsas quru yoludur. 

Bu yol Moskva üçün “yarımcan” Krım körpüsündən qat-qat daha əhəmiyyətlidir. Çünki əsas hərbi logistika, eləcə də Krımın yanacaq və digər strateji əhəmiyyətli vasitələrlə təminatı məhz bu yolla həyata keçirilirdi.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada Ukrayna PUA-larının M-14 avtomobil yolu boyunca Rusiya hərbi yük maşınlarını və yanacaq daşıyan texnikanı vurmasının nəticələrini, eləcə də H-20 Mariupol-Donetsk avtomobil yolunu nəzarətə götürməsini əks etdirən videolar yayımlanır.

Daha əvvəl “Z-kanallar” və hərbi analitiklər də Ukraynanın Krıma gedən "quru dəhlizində" Rusiya logistikasına hücumları artırdığını bildirmişdilər.

Saldonun M-14 avtomobil yolunda nəqliyyatın hərəkətini məhdudlaşdırmaq qərarı göstərir ki, Ukraynanın hücumları bu marşrut boyunca nəqliyyatın hərəkətini təhlükəli edib və işğal olunmuş ərazidə Rusiya logistikasını olduqca çətinləşdirib.

Rusiyanın təyin etdiyi “qubernator” etiraf edib ki, artıq Ukrayna dronları tərəfindən onlarla yanacaq və yük maşını yandırılıb. Əlbəttə ki, hərbi texnika da bu sıradadır.

Zərbələrin nəticələrini göstərən videolar getdikcə daha da çoxalır və dəmir yolu nəqliyyatına edilən hücumlar da qeydə alınır.

Həmin qərarda “qubernator” əsasən mülki daşımalara məhdudiyyət qoyub, hərbi yüklər və yanacaq üçünsə yol açıq olmalıdır. Lakin “Z-bloqerlər” Saldonun bu qərarını “axmaqlıq” adlandırıblar. Məsələn, "Rıbar" kanalı yazıb ki, Saldonun qərarı Ukrayna PUA-larının işini yüngülləşdirəcək. Çünki bundan sonra həmin yolla yalnız vacib hərbi yüklər və yanacaq, eləcə də Krım üçün olan strateji məhsullar daşınacaq. Deməli, yolla hərəkət edən bütün maşınlar Ukrayna PUA-ları üçün birbaşa hədəf olacaq və onlar “seçim etmək üçün əziyyət çəkməyəcəklər”.

Beləliklə, Ukrayna dronları artıq Melitopol və Mariupol üzərindədir. Bu şəhərlər müvafiq olaraq cəbhə xəttindən 80-130 kilometr məsafədə yerləşirlər. Mütəxəssislər qeyd edirlər ki, Ukrayna dronları 150 km-ə qədər məsafələrdə işğalçı qüvvələrin logistikasına aktiv şəkildə təsir göstərməyə başlayıb və "quru dəhlizi” adlanan ərazini faktiki idarə edir.

Ukrayna taktikası aşağıdakı kimi işləyir: FP-1 və FP-2 kimi dronlar anbarları, komanda məntəqələrini və hava hücumundan müdafiə sistemlərini; Hornet kimi dronlar uzaq məsafəli logistika vasitələrini; uzun mənzilli FPV dronları isə cəbhəyə daha yaxın hərbi logistikanı vurur.

Bu məsələyə ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) da xüsusi önəm verib. İnstitutun analitikləri qeyd edirlər ki, sözügedən yolun PUA nəzarətinə götürülməsi Rusiyanın döyüş imkanlarına olduqca mənfi təsir göstərir və onun qoşunlarının irəliləməsinə mane olur.

İndi Rusiya “Z-kanalları” yazır ki, Krıma gedən M-14 yolu nəzarətə götürüləndən sonra növbə Kerç tərəfdən Krım körpüsünə gedən yolundur. Ukrayna PUA-larının artıq bu yolu da “təmizləməyə” başladığı barədə məlumatlar yayılır. Krım körpüsünün özü isə məlum partlayışlardan və bunun körpünün konstruksiyasına ciddi ziyan vurmasından sonra iri nəqliyat vasitələri üçün bağlıdır. Ukrayna PUA-ları bu nəqliyyat arteriyasını da atəş nəzarətinə götürəndən sonra zatən yuxarıda qeyd edilən səbəblərdən yanacağın və digər məhsulların “od qiymətinə” olduğu Krımın düşəcəyi vəziyyəti təsəvvür etmək çətin deyil...

Cəlal Məmmədli

“AzPolitika.inbfo” 

Посмотреть эту публикацию в Instagram

Публикация от Крым.Реалии (@krymrealii)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
azpolitika.info

1Sources