EN

İlham Əliyevin postmünaqişə gündəliyinin NÖVBƏTİ TƏNTƏNƏSİ – Qarabağ nümunəsi dünyanın DİQQƏT MƏRKƏZİNDƏ

Azərbaycanın möhtəşəm ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumu bir çox əlamətdar hadisələrlə yadda qaldı. Bu dəfəki tədbirdə əvvəlki WUF-lardan fərqli olaraq hər bir ziyarətçi nəzəri biliklərdən daha çox real mənzərə ilə zənginləşdi, məlumatlandı. Beləcə, Azərbaycan Forumun gündəliyinə əhəmiyyətli dərəcədə substantiv töhfə verdi və unikal təcrübəsini paylaşdı.

Forum çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində ziyarətçilər müasir şəhərsalmanın qədim arxitektura ilə sintezini əyani şəkildə gördü. Bütün bu təqdimatlar hər bir ziyarətçinin böyük marağına səbəb oldu.

Qarabağdakı yenidənqurma dünyanın diqqət mərkəzində

Təsadüfi deyil ki, Ukrayna Baş nazirinin yenidənqurma üzrə müavini və icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba jurnalistlərə açıqlamasında bildirib ki,  Azərbaycan pavilyonunda, Şuşanın və bütövlükdə Qarabağın, Şərqi Zəngəzurun bərpasına həsr olunmuş stenddə gördükləri onu heyran edib:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təcrübəsi bu gün bütün dünya üçün çox mühüm örnəkdir. İlk növbədə, ona görə ki, bərpa işləri "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyaları, “yaşıl enerji” zonası əsasında həyata keçirilir. 

Yəni, sıfırdan müasir, ekoloji, dayanıqlı və insan üçün rahat olan bir infrastruktur qurulur. ​İkincisi isə, bu bərpa prosesi çox böyük sürətlə aparılır. Biz görürük ki, cəmi bir neçə il ərzində Füzulidə, Zəngilanda müasir hava limanları tikilib, yollar salınıb, Şuşada böyük bərpa işləri görülüb, insanlar artıq öz doğma yurdlarına, məsələn, Ağalı kəndinə, Talış kəndinə, Laçına, Füzuliyə qayıdırlar. Bu, "Böyük Qayıdış" proqramının uğurla icra olunduğunu göstərir”.

O etiraf edib ki, ​Ukrayna üçün Azərbaycanın təcrübəsi çox maraqlıdır:

“Çünki Ukrayna da gələcəkdə öz dağıdılmış şəhər və kəndlərini bərpa etməli olacaq və Azərbaycanın bu modern, texnoloji bərpa yanaşması bizlər üçün, eləcə də münaqişələrdən zərər çəkmiş digər ölkələr üçün çox dəyərli bir modeldir”.

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma modeli

Məlum olduğu kimi, “Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycanın öz maliyyə və insan resurslarına arxalanaraq genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir.

Nəzərə alaq ki, bu ərazilər Ermənistan tərəfindən urbisidə, ekosidə və kultursidə məruz qalıb.

Nəinki tarixi və mədəni abidələr, hətta bütün kommunikasiyalar məhv edilib. Bu da yeni şəhərlərin və iri yaşayış məntəqələrin sıfırdan qurulmasını zəruri edib.

Təqdirediləsi haldır ki, aparılan məskunlaşma “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası əsasında reallaşır. “Ağıllı şəhər” və “Ağıllı kənd” bu gün dünya praktikasında öz təsdiqini tapmış yanaşmadır. Həm idarəetmənin çevikliyinin, həm də şəffaflığının artırılması baxımından bu konsepsiya çox vacibdir.

Bu, eyni zamanda, vətəndaşların kommunal xidmətlərə əlçatanlığını asanlaşdırır. Çünki “Ağıllı şəhər” və “Ağıllı kənd” prinsipində kommunal, sosial xidmətlərə əlçatanlıq daha yüksək olur. Daha qısa müddətdə sosial xidmətləri daha keyfiyyətli şəkildə əldə etmək imkanları yaranır.

Bu, həmçinin fərqli sektorların - sənaye, aqrar sahələrin inkişafı üçün də yaxşı imkanlar yaradır. Sözügedən model bütövlükdə Qafqazda yaşayış məntəqələrinin qurulması və məskunlaşma baxımından yeni və xüsusi bir yanaşmadır. Təbii ki, bu da bütün dünya ölkələri üçün maraqlı və faydalı bir innovasiyadır.

Nəzərə alaq ki, yaxın gələcəkdə işğaldan azad olunmuş 9 şəhər və 100-dən artıq kəndin yenidən qurulması məhz bu layihə əsasında nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası”na çevrilir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq:

“Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik.

...Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər".

Nəzərə alaq ki, Qarabağ və Şərqi Zəngəzurda bütün infrastruktur "Yaşıl Enerji Zonası" konsepsiyası nəzərə alınaraq yenidən qurulur. Belə ki, bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub.

Qarabağ yalnız postmünaqişə deyil, həm də postmodern inkişaf nümunəsidir  

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Liderlər sessiyasındakı çıxışı zamanı deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir:

"Qısa müddət ərzində azad edilmiş ərazilərdə şəhərlər bərpa olunub, yeni yaşayış məntəqələri inşa olunub".

Dünya Şəhər Forumunun (WUF13) bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın dayanıqlılığını, qətiyyətini və forumun təşkilinə göstərdiyi yüksək səviyyəli öhdəliyi xüsusi vurğulayıb:

“Azərbaycan dünyaya təkcə qurmaq deyil, həm də yenidən qurmaq və transformasiya etmək bacarığını göstərdi”.

Qeyd edək ki, Azərbaycanın “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyası aparıcı dövlətlərin belə marağına səbəb olub.

Təsadüfi deyil ki, bu yaxınlarda  Avropa İttifaqı ilə Azərbaycan arasında “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasını müzakirə edilib.

WUF13: Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya nümayişi

Ümumiyyətlə, WUF13 Azərbaycanın müasir şəhərsalma təcrübəsinin təşviqində mühüm platforma rolunu oynadı. Üstəlik Forumda dünyaya yeni mesajlar verilmədi, həm də Azərbaycanın son illərdə əldə etdiyi uğurlar sivilizasiyaya örnək olaraq təqdim edildi.

Ona görə də WUF13-un yekunları həm Azərbaycan, həm də dünya ölkələri və beynəlxalq təşkilatlar üçün əlamətdar və yaddaqalan oldu.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
14
1
bizim.media

2Sources