Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" proqram təminatındakı ciddi xəta səbəbindən ABŞ-dan 421 mindən çox nəqliyyat vasitəsini geri çağırmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) rəsmi məlumat yayıb.
Verilən məlumata görə, defekt avtomobillərin hərəkəti zamanı qəfil və gözlənilməz tormozlanmaya səbəb ola bilər ki, bu da yollarda ciddi qəza riskini artırır. Geriçağırılma kampaniyası əsasən 2025-2026-cı illərdə istehsal edilmiş "Santa Cruz", "Tucson", "Tucson Hybrid" və "Tucson Plug-In Hybrid Electric" modellərini əhatə edir.
Mütəxəssislər müəyyən ediblər ki, avtomobillərin ön kameralarının proqram təminatındakı nasazlıq ön toqquşmanın qarşısını alan sistemin (FCA) vaxtından əvvəl və əsassız yerə aktivləşməsinə yol açır. Nəticədə sistem qarşıda heç bir maneə olmadığı halda belə avtomobili qəfil dayandırır. Şirkət indiyədək bu problemlə bağlı 370-dən çox şikayət daxil olduğunu və artıq arxadan vurulma ilə nəticələnən bir neçə yol qəzasının qeydə alındığını bildirib.
"Hyundai" rəsmi dilerlər vasitəsilə bütün nasaz avtomobillərin ön kamera proqram təminatını tamamilə pulsuz şəkildə yeniləyəcəyini elan edib. Avtomobil sahiblərinə iyul ayından etibarən rəsmi bildirişlərin göndərilməsinə başlanılacaq.
Musavat.com