EN

Galt & Taggart:Bakı–Tbilisi dəmir yolunun yenidən açılması 2026-cı ildə turizmə müsbət təsir göstərəcək



Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda regiondan gələn turistlərin sayında müvəqqəti azalma müşahidə olunsa da, Bakı ilə Tbilisi arasında dəmir yolu əlaqəsinin bərpası turizm potensialına müsbət təsir göstərəcək. Gürcüstan mediasının yaydığı məlumata görə, bu barədə Galt & Taggart şirkətinin son araşdırmasında bildirilir. Araşdırmaya əsasən, Bakı–Tbilisi dəmir yolunun fəaliyyətinin bərpası nəticəsində yaranmış turizm gəlirləri çatışmazlığı tam şəkildə kompensasiya olunacaq. "Qiymətləndirməmizə görə, Yaxın Şərqdən turizm gəlirlərində itki 2026-cı ilin mart-aprel aylarında təxminən 150 milyon dollar təşkil edib. Lakin Azərbaycan dəmir yolunun yenidən açılması bu itkini tam kompensasiya edəcək. Proqnozumuza əsasən, bu marşrut üzrə turizm gəlirləri 2026-cı ilin ikinci yarısında əlavə 200 milyon dollar olacaq", – araşdırmada qeyd olunub. Hesabata görə, Azərbaycanın Gürcüstana gələn turistlərin ümumi sayındakı payı 2019-cu ildəki 15 faizdən 2025-ci ildə 4 faizə qədər azalıb. Bu azalma pandemiya dövründə quru sərhədlərinin bağlanması və Bakı–Tbilisi dəmir yolu xəttində tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirilir. Araşdırmada vurğulanır ki, gündəlik dəmir yolu xidmətinin bərpası bu tendensiyanın dəyişməsinə kömək edəcək. Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin dəmir yolu əlaqəsi mayın 26-da bərpa olunacaq. Bakı ilə Tbilisi arasında sərnişin qatarlarının hərəkəti pandemiya dövründə dayandırılmışdı. Gürcüstan İqtisadiyyat Nazirliyi və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən, altı illik fasilədən sonra mayın 26-dan etibarən Tbilisi və Bakı arasında gündəlik sərnişin dəmir yolu əlaqəsi yenidən fəaliyyətə başlayacaq.
Chosen
45
baki-xeber.com

1Sources