EN

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Bakı şəhərinə müxtəlif ölkələrdən - Suriyanın Dəməşq, Qazaxıstan Respublikasının Astana, Ruandanın Kiqali, Vyana Əyalət Parlamenti, Estoniyanın paytaxtı Tallinn, Niderlandın Haaqa, Efiopiyanın paytaxtı Əddis-Əbəbə, Moldovanın paytaxtı Kişineu, Tanzaniyanın Dar-əs-Salam və BƏƏ-nin Dubay şəhərlərindən gəlmiş nümayəndə heyətləri ilə Bakı Şəhər İcra Hakimiyyətində görüşlər keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, BƏƏ nümayəndə heyətinə ərəb dilində nəşr olunan "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabı təqdim edilib. Qeyd olunub ki, Dubay təcrübəsi sübut etdi ki, müsəlmanlar istədikdə sıfırdan ultra müasir şəhər yarada bilərlər. Azərbaycan isə öz növbəsində müsəlmanların işğal altında olan torpaqlarını geri almağa qadir olduqlarını göstərdi. "Bütün bunlara görə biz cənab Prezident İlham Əliyevə minnətdarıq. O, Azərbaycan tarixinin parlaq şəxsiyyətidir", - deyə Eldar Əzizov bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüşlərdə vurğulayıb ki, bugünkü paytaxtımız dövlət başçısı cənab İlham Əliyevin əsəridir və daim onun diqqət və qayğısı ilə əhatə olunur. Bundan əlavə, o, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri barədə də qonaqlara ətraflı məlumat verib.

Xarici qonaqlar Bakı şəhərinin gözəlliyi, təmizliyi və həyata keçirilən yaşıllaşdırma işlərindən heyranlıqla danışıb, paytaxtın gecə işıqlandırılmasını xüsusi vurğulayaraq şəhərin çoxsaylı park və ictimai məkanlarının gözəlliklərini qeyd ediblər. Onlar, həmçinin Bakının şəhərsalma təcrübəsini öyrənərək öz ölkələrində tətbiq edəcəklərini bildiriblər.

Keçirilən görüşlərdə qonaqlara 11 dildə çap olunmuş Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabı təqdim edilib.

"Azərbaycan"

6Sources