EN

Boliviyada etirazçılar tərəfindən bağlanan yollarda humanitar dəhliz yaradılacaq

BAKI, 23 may. TELEQRAF

Boliviya hakimiyyəti etiraz aksiyaları səbəbindən bağlanan magistrallarda ərzaq və dərman daşınması üçün humanitar dəhliz yaratmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Marko Antonio Oviedo məlumat verib.

Nazirin sözlərinə görə, mayın 23-də “Ağ bayraqlar altında humanitar dəhliz” adlı xüsusi əməliyyat keçiriləcək. Əməliyyatın əsas məqsədi Oruro və La-Pas şəhərlərini birləşdirən yolların açılmasıdır.

Marko Antonio Oviedo bildirib ki, əməliyyat polis tərəfindən həyata keçiriləcək, hərbçilər isə logistik dəstək göstərəcək.

Nazir qeyd edib ki, tədbirin əsas məqsədi ərzaq və tibbi oksigen çatışmazlığından əziyyət çəkən El-Alto və La-Pas sakinlərinin normal həyat şəraitini təmin etməkdir.

Onun sözlərinə görə, əməliyyat sülh yolu ilə aparılacaq və prosesə insan hüquqları təşkilatları, katolik kilsəsinin nümayəndələri və Qırmızı Xaç da cəlb olunacaq.

Qeyd edək ki, Boliviyada bir neçə həftədir hökumət əleyhinə etiraz aksiyaları davam edir. Müxtəlif bölgələrdə yollar bağlanıb.

Hakimiyyət yaranmış təchizat problemləri və iğtişaşlara görə keçmiş prezident Evo Morales tərəfdarlarını məsul hesab edir.

Mayın 18-də Boliviyanın faktiki paytaxtı La-Pasda baş verən toqquşmalar və iğtişaşlar zamanı təxminən 100 nəfər saxlanılıb.

Chosen
96
teleqraf.com

1Sources