EN

Təfəkkürü səssiz danışdıran nüsxələr Şahanə Müşfiq yazır

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Kitabxanalar insanın səssiz dostları olan kitablarla görüşdüyü, dərdləşdiyi, sanki zamanın ləngidiyi, bütün dünyanın bir anlıq susduğu möcüzəvi məkanlardan biridir.

Təəssüf ki, sürətlə yenilənən texnologiya günümüzdə kitabxanaların da rolunu bir qədər azaldıb, ekrana aludə cəmiyyət kitab səhifələrindən, kitabxana rəflərindən uzaq düşüb. "525-ci qəzet"in bu layihəsi oxucular, xüsusən tələbə-gənclər üçün vacib bir xatırlatma, yenidən kitabxana adlı doğma məkana üz tutmağa çağırış məqsədi daşıyır.

Bu gün kitabxanalar təhsil müəssisələrinin nəzdində də öz dəyərli ömrünü yaşayır. Əlbəttə, onların sakinləri daha çox tələbələr, müəllimlər və tədqiqatçılardır. Layihəmiz üzrə budəfəki ünvanımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi oldu. Burada həmsöhbətimiz Mərkəzin direktoru Zinharə Həsənovadır. "525-ci qəzet"in daimi oxucusu olan Zinharə xanım, son bir neçə həftədə ali təhsil müəssisələrinin kitabxanalarına həsr etdiyimiz silsilədə rəhbəri olduğu kitabxananı da görməkdən məmnunluğunu ifadə etdi. Onunla söhbətimizə qapı arxasında qapalı otaqda deyil, kitabxananın fondlarını, oxu zallarını gəzə-gəzə başladıq.

Bir əsrlik ənənədən müasir mərkəzə

Zinharə xanım söhbətimizin əvvəlində bildirdi ki, Universitet yarandığı günlərdən onun kitabxanası da təşkil edilib. Yarandığı ilk illərdə öz fondunu müəllimlərin mühazirə mətnləri ilə formalaşdıran kitabxana hazırda 750.000-ə yaxın kitab fonduna malikdir. Mərkəzin fondu Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, fars, türk və slavyan dillərində olan ədəbiyyatlarla zəngindir.

Onun sözlərinə görə, Mərkəz fondunun zənginliyinə, oxucu sayına, nadir və qiymətli kitabların sayına görə Respublika ali məktəb kitabxanaları arasında ilk sıralarda qərarlaşıb. Müsahibimiz qeyd etdi ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi yenidənqurmadan sonra 2022-ci ilin martın 1-də açılıb. Kitabxananın ən müasir elektron sistemlər əsasında qurulmuş iş prinsipi haqqında məlumat verən Z.Həsənova bildirdi ki, bu layihə korporativ sosial məsuliyyət prinsipini rəhbər tutan "bp Azərbaycan" şirkəti tərəfindən maliyyələşdirilib. Nəticədə ölkəmizin müəllim hazırlığının mərkəzi olan Pedaqoji Universitetdə ən müasir tələblərə cavab verən kitabxana-xidmət infrastrukturu formalaşdırılıb. Tələbə, magistrant və doktorantlar üçün mərkəzdə rahat iş şəraiti yaradılıb.

Zinharə xanım dedi ki, Kitabxana adi günlərdə saat 09:00-dan 19:30-a kimi, imtahan sessiyaları zamanı isə saat 09:00-dan 21:00-dək fəaliyyət göstərir, gələcəkdə kitabxananın 24 saat işləməsi planlaşdırılır.

Divarlar arxasındakı unikal sərvət

Zinharə xanımla söhbətimiz nadir kitabların qorunduğu fondda davam edəndə böyük qürurla bildirdi ki, Pedaqoji Universitetin kitabxanası ölkəmizin ən zəngin ikinci universitet kitabxanası olmaqla, eyni zamanda xeyli sayda qədim və nadir kitabların, əlyazmaların da qorunduğu unikal bir məkandır: "Kitabxananın nadir kitablar fondunda müxtəlif dövrlərə aid 1000 nüsxəyə yaxın nadir kitab və əlyazmalar qorunur ki, onlardan 121 nüsxə nadir kitab "Azərbaycanın Kitab abidələri" elektron nəşrində qeydə alınıb və Azərbaycan Respublikasının Milli-mədəni Sərvətləri Reyestrinə daxil edilib. Digər kitabların da işlənilməsi məqsədi ilə ADPU-nun peşəkar kitabxanaçıları sahə üzrə mütəxəssislərin cəlb edilməsi ilə intensiv iş aparırlar.

Hazırda ADPU kitabxanasının fondunda ərəb, fars, rus, əski əlifbalı Azərbaycan dili və bir neçə Avropa dillərində nəşr olunmuş müxtəlif sahələrə aid nadir nəşrlər qorunur. Onlar arasında ən qədim nəşr 1741-ci ildə Sankt-Peterburqda nəşr olunmuş Rikotanın o dövr Osmanlı imperiyasından bəhs edən 278 səhifəlik kitabıdır".

Müsahibim qeyd edir ki, uzun illər ərzində yalnız ümumi fondun tərkibində saxlanılan bu qiymətli mənbələrin ictimailəşdirilməsi və onların xüsusi qaydada ayrıca fond kimi mühafizəsinin təşkili yalnız son illərdə Universitetin rektoru, professor Cəfər Cəfərovun diqqəti sayəsində, o cümlədən, aparılan təmir və yenidənqurma işləri nəticəsində kitabxananın sahəsinin genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi hesabına mümkün olub.

Müsahibim bizə bir neçə əsr əvvələ aid olan nadir əsərləri göstərə-göstərə, onlar haqqında geniş məlumat verir:

"Bayaq qeyd etdiyim 1741-ci ilə aid Rikotanın əsəri 1957-ci ildə ADPU kitabxanasının fonduna daxil olub. Kitabxanamızda 1780-ci ildə nəşr olunmuş "İmperatriça Yekaterina Aleksandrovnanın fərmanları" saxlanılır. 564 səhifəlik külliyyat 1725-ci ilin fərmanları ilə başlayır. Eyni zamanda nadir fondumuzda dahi Nizami Gəncəvinin "Xəmsə"sindən "İsgəndərnamə" və "Sirlər xəzinəsi" poemalarının fars dilində XIX əsrə aid daşbasma üsulu ilə çap olunmuş nüsxələri də var. Bunlardan "İsgəndərnamə" poemasının nüsxəsi hicri təqvimlə 1284-cü ilə, yəni miladi təqvimlə 1866-cı ilə aiddir, "Sirlər xəzinəsi" poemasının nüsxəsinin nəşr tarixi isə dəqiq məlum deyil. Bu əsərlərin bərpaya ehtiyacları var. Nəşr ili məlum olmayan daşbasma çapı əsərlərindən biri də 973 səhifəlik "Ərəbcə-türkcə lüğət"dir.

Bu fondda XVIII əsrdən başlayaraq, Çar Rusiyasının tarixinə, coğrafiyasına, müxtəlif təbiət elmlərinə aid kitablar, o cümlədən lüğətlər, ensiklopedik nəşrlər, bədii ədəbiyyatlar, fars və ərəb dillərində isə, əsasən XIX əsrə aid olan klassik şərq ədəbiyyatı nümunələri, Hafizin, Sədinin divanları, "Şahnamə" və sair çoxluq təşkil edir".

"Tarixi-Nadir"lə üz-üzə

Bu kitablarla üzbəüz rəfdə isə XX əsrin əvvəllərində xalqımızın milli maarifçilik hərəkatında aparıcı rol oynamış "Molla Nəsrəddin", "Füyuzat", "Dəbistan", "Tuti" kimi jurnal və məcmuələrin orijinal nüsxələri diqqətimi cəlb edir. Onları vərəqləyərkən həmsöhbətimin "yəqin ki, o məşhur filmdə adı çəkilən "Tarixi Nadir" kitabı sizə tanışdır" cümləsi ilə rəfin sağ küncündə özünə yer etmiş kitaba doğru dönürəm. Zinharə xanım dəri üzlü, fars dilində daşbasma üsulu ilə çap olunmuş məşhur "Tarixi Nadir" kitabının hicri-qəməri təqvimlə 1320, miladi təqvimlə 1902-ci ilə aid nüsxəsini göstərərək deyir: "Bu məşhur əsərin kitabxanamızdakı nüsxəsi 270 səhifədən ibarətdir. Bildiyimiz kimi, "Tarixi Nadir" əsəri Nadir şah Əfşarın şəxsi tarixçisi Mirzə Mehdi xan tərəfindən qələmə alınıb və onun bir çox nüsxələri var. Klassik poetik fars dilində qələmə alınan əsərin oxunması və tərcüməsi olduqca çətin bir işdir. Bizdəki nüsxənin müəllifini müəyyən edə bilməmişik. Ancaq Mirzə Mehdi xan adlı müəllifin kitabxanamızda digər bir əsəri də var. "Təbriz" adlı 45 səhifəlik əsər hicri 1283-cü ilə (red. - 1866-cı il) aiddir. Ola bilsin ki, müəllif "Tarixi Nadir"in müəllifidir. Lakin digər tərəfdən "Təbriz" tarixi deyil, bədii əsərdir".

Elektron kitabxana və rəqəmsal statistika

Nadir fonddakı qiymətli nəşrlərlə vidalaşdıqdan sonra söhbət elektron kitabxana sisteminin üzərinə gəlir. Kitabxananın direktoru deyir ki, ADPU-nun Elektron Kitabxanası elmi-tədqiqat və təhsilin informasiya təminatına yönəlib. Orada dərsliklər, metodik nəşrlər, tezis və dissertasiyalar, elmi jurnallardan məqalələr, konfrans materialları, universitetin tarixinə dair məruzələr və digər materiallar elektron formada mövcuddur.

Elektron kitabxananın resursları ADPU Kitabxanasının bütün fondunun bir hissəsini təşkil edir. Onlar kitabxananın elektron kataloqunda təqdim olunur.

Kitabxana müdiri deyir ki, 2025-ci ilin statistik nəticələrinə görə, ötən il ərzində elektron kataloqda 15 min 600 adda 88 min 347 nüsxə ədəbiyyat oxucuların istifadəsinə verilib. Elektron resursların 71 min 790 nüsxəsi Azərbaycan, 1998 nüsxəsi rus, 14 min 559 nüsxəsi isə digər dillərdədir.

Həmçinin, 2025-ci ildə Kitabxana-İnformasiya Mərkəzinin oxucularının ümumi sayı 10 min 277 nəfər, onlayn müraciətlərin sayı isə 40 min 203 olub.

Elmi nəşrlər və universitetin kitab mədəniyyəti

Zinharə Həsənova ilə söhbətdən və kitabxanaya dair bütün fondları tək-tək gəzdikdən sonra Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovla görüşürük. Universitet kitabxanalarına həsr etdiyimiz layihədən məmnunluğunu bildirən Asəf müəllim, mətbuatın bu cür mövzulara yer verməsinin xüsusi önəm daşıdığını da vurğuladı. Eyni zamanda prorektor qeyd etdi ki, ADPU-da 7 adda dövri-elmi jurnal nəşr olunur:

"Mənim rəhbərliyimlə dərc olunan "Magistrant" jurnalı respublikada bu formatda ilk elmi nəşr olmaqla, ADPU-da fəaliyyətə başlayıb. 2021-ci ildən nəşr olunan "Magistrant" jurnalının artıq 32-ci buraxılışı işıq üzü görüb. Biz bu yaxınlarda onun 30-cu sayını xüsusi şəkildə qeyd etdik. Jurnalda yalnız ADPU-nun deyil, ölkənin digər ali məktəblərində təhsil alan magistrantların da məqalələri dərc olunur".

A.Zamanov söhbətimizdə ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətinə də diqqət çəkdi: "Kitabxana bp şirkətinin və universitetin dəstəyi ilə əsaslı şəkildə təmir olunub. Burada Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi tətbiq edilib. Sistem "Ruslan Neo" proqramı ilə idarə olunur".

Asəf müəllimlə də söhbətimizi yekunlaşdırıb bu unikal məkana vida edərkən bir daha şahidi oluram ki, ADPU Kitabxana-İnformasiya Mərkəzi təkcə kitabların saxlandığı məkan deyil, həm də keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayan böyük elm və yaddaş xəzinəsidir.

Hər ali təhsil ocağında bu səssiz məkanların rəfləri arasında dolaşdıqca anlayırsan ki, kitabxanalar hələ də insanı özünə qaytara bilən ən doğma ünvanlardan biridir. Növbəti doğma ünvanda görüşənədək!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
525.az

1Sources