EN

87 yaşlı sabiq Rumıniya prezidenti: “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin atasıdır” - VİDEO

1996-2000-ci illərdə Rumıniya prezidenti olmuş, hazırda 87 yaşı olan Emil Konstantinesku Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında diqqətçəkən fikirlər səsləndirib. O, Heydər Əliyevi “Azərbaycan dövlətçiliyinin atası” adlandırıb.

Musavat.com xəbər verir ki, mayın 20-də Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarest şəhərində yerləşən “Marriott” mehmanxanasının “Grand Ballroom” zalında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Emil Konstantinesku mətbuata müsahibəsində bildirib ki, Azərbaycanın müstəqilliyinə həsr olunmuş mərasimdə iştirak etmək onun üçün təkcə sevinc deyil, həm də mənəvi borcdur.

Keçmiş prezident qeyd edib ki, prezident seçildikdən cəmi iki həftə sonra ATƏT-in Lissabon sammitində Heydər Əliyevlə tanış olub:

“Heydər Əliyev mənə yaxınlaşdı və bildirdi ki, bizim dost olmağımızı və yalnız Azərbaycanla Rumıniya arasında dostluq münasibətlərinin qurulmasını deyil, həm də ölkələrimizin Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin qurulmasında rol oynamasını istəyir”. 

heyder_aliyev_260123_3.jpg

E.Konstantineskunun sözlərinə görə, ulu öndər Azərbaycan–Avropa münasibətlərinin, eləcə də NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı vasitəsilə Azərbaycan–ABŞ əlaqələrinin inkişafında maraqlı idi.

Rumıniyanın sabiq prezidenti prezident mandatını yeni aldığı dövrdə Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli səfərlərin həyata keçirildiyini də xatırladıb. O bildirib ki, Heydər Əliyevlə həm Bakıda, həm də Buxarestdə qarşılıqlı şəkildə səfirliklərin açılması və səfirlərin təyin olunması barədə qərarlar qəbul ediblər:

“Bu, gözəl dostluğun başlanğıcı idi. Bu xatirəni bizdən sonra gələn nəslə ötürməyi özümə borc hesab edirəm. Həmin xatirələr hafizəmdə və qəlbimdə çox isti izlər buraxıb”.

Keçmiş prezident vurğulayıb ki, bu gün artıq Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən strateji planların reallığa çevrildiyi müşahidə olunur.

E.Konstantinesku həmçinin mayın 11-13-də İstanbul şəhərində keçirilən 29-cu Avrasiya iqtisadi zirvə görüşündə iştirak etdiyini bildirib. O qeyd edib ki, tədbir çərçivəsində ona Prezident İlham Əliyev haqqında nəşr olunmuş “Prezident” kitabı hədiyyə edilib. 

87b8f47c-b30e-4711-8c3e-3767fb9a0c1b.jpg

Keçmiş prezident həmin kitabın redaksiya heyətinin üzvü olmaqdan qürur duyduğunu vurğulayaraq, nəşrin yaxın vaxtlarda Kişineu şəhərində təqdim olunduğunu, oktyabr ayında isə Buxarestdə növbəti təqdimat mərasiminin keçiriləcəyini açıqlayıb.

Müsahibəsinin sonunda Emil Konstantinesku Azərbaycan xalqına və azərbaycanlı dostlarına ən xoş arzularını çatdırıb. O, Azərbaycanın inkişaf modelinin digər dövlətlər üçün nümunə olduğunu bildirib:

“Bu nümunə bir ölkənin öz gələcəyini əmək, sədaqət və xüsusilə də vətən sevgisi sayəsində necə inşa edə biləcəyinə dair əyani sübutdur”.

Musavat.com

Chosen
30
1
musavat.com

2Sources