EN

Fərdi səyahət, yoxsa tur paketi – Ekspert ən doğru seçimi AÇIQLADI

Bildiyimiz kimi, artıq yay mövsümü yaxınlaşır və bir çox insanlar tətil planlarını indidən qurmağa başlayır. Kimisi hazır tur paketlərinə üstünlük verir, kimisi isə səyahətini fərdi şəkildə təşkil etməyi daha rahat hesab edir.

Bəs maraqlıdır, büdcə baxımından hansı daha sərfəlidir: tur paketləri, yoxsa fərdi səyahət? Hansı halda vətəndaş daha az xərcə düşür və ümumilikdə daha rahat seçim hansıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə bildirdi ki, yay mövsümünün başlanması ilə həm yerli, həm də xarici turizmdə inkişaf müşahidə olunur:

"Azərbaycanlı müştərilər daha çox həm ölkədaxili istiqamətlərə, həm də xarici turlara rəğbət göstərirlər. Xarici turlarda əvvəlcədən rezervasiya etdikdə daha çox endirim əldə etmək mümkündür. Sadəcə, bunun üçün ən azı 3 ay əvvəlcədən rezervasiya olunmalıdır və bu endirimlər 30 faizə qədər çata bilir. Amma daxili turizmdə, təəssüf ki, bunu çox vaxt görmürük və yerli turistlər üçün mövsüm başlayan kimi qiymətlər olduqca yüksək olur. Bu da daxili bazarda təkliflə tələbin üst-üstə düşməməsi ilə əlaqədardır. İlk dəfə səyahətə gedən müştərilər daha çox büdcə paketlərinə üstünlük verirlər. Çünki onlar istiqaməti tanımırlar və büdcə paketi onlar üçün daha sərfəli görünür. Amma fərdi şəkildə səyahət etməyin də öz üstünlükləri var. Xüsusilə səyahət edən insanlar fərdi paket seçirlərsə, bu, onlar üçün daha məqsədəuyğun olur. Çünki onlar harada və necə qalacaqlarını, hansı otelə gedəcəklərini əvvəlcədən onlayn şəkildə rezerv edə və qiymətləri daha uyğun formada tənzimləyə bilirlər. Yəni hər iki variantın özünəməxsus üstünlükləri var. Sadəcə, bütün bunlar əvvəlcədən ciddi şəkildə araşdırılmalıdır. Hansı ölkəyə gedilirsə, oranın gəzməli-görməli yerləri araşdırılmalı, tur qiymətlərinə baxılmalı, daha sonra uçuş zamanı hansı aviaşirkətdən istifadə olunacağı, büdcə, ekonom və ya biznes klass seçiminin necə olacağı müəyyən edilməlidir. Bunların hamısı çox vacib məsələlərdir. Daha sonra ümumi bir qərara gəlmək mümkündür və nəticədə daha doğru seçim ortaya çıxır".

NURİYYƏ

Chosen
53
1
redaktor.az

2Sources