EN

İnsanlar sanki həyatları ilə qumar oynayırlar So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az bildirir, 525.az portalına istinadən.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı

Qlobal Şəhərsalma forumu - WUF13 başlayan gün Bakının yenidən yağış altında iflic olması təkcə kommunal problemi yox, ciddi reputasiya riskini də ortaya çıxardı.

Şəhərsalma və urbanizasiya məsələlərini müzakirə etmək üçün Bakıya gələn xarici mütəxəssislər şəhərin güclü yağışlara nə dərəcədə hazır olmasınıu öz gözləri ilə gördülər.

Bu, əlbəttə, arzuolunan hal deyil, amma reallıq da budur, ondan qaçmaq olmur.

Əslində problem yeni deyil, hökumət də belə halın ola biləcəyindən öncədən xəbərdardır və riskin fərqində idi.

Bir müddət öncə Prezident yanında bu məsələ ilə bağlı geniş müzakirələr aparılmış, daha sonra "2026-2035-ci illər üzrə Bakı və Abşeronda su, kanalizasiya və yağış suları sistemlərinin təkmilləşdirilməsi Dövlət Proqramı" təsdiqlənmişdi.

Problemin həlli üçün maliyyə ayrıldığı da açıqlanıb.

Amma indiki anda problem başqadır.

Maraqlıdır ki, son yağışlardan sonra Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, proqramın ilk nəticələri 2028-2030-cu illərdə görünəcək, tam həlli isə 2035-ci ilə planlaşdırılır.

İndi əsas sual budur ki, yaxın illərdə bu problemlər təkrarlanmalıdırmı?

2030-cu, hətta 2035-ci ili gözləməkmi lazımdır? Bu müddətdə Bakı hər güclü yağışda yenidən iflic olacaqmı? Su altında qalan konkret ərazilərlə bağlı daha operativ və lokal həll yolları yoxdurmu?

Qeyd olunan dövrlərdək Bakıda qlobal tədbirlər təxirə salınmalıdırmı?

Cəmiyyətin digər əsas sualı, narahatçılığı isə həm də problemin səbəbləri ilə bağlıdır.

Son 15-20 ildə plansız tikilən binalar, zəif drenaj sistemləri, bağlanan təbii axın xətləri və normativsiz urbanizasiya ilə bağlı audit olacaqmı? Kimlər, hansı qurumlar işləri görüb, kimlər məsuliyyət daşıyır, hansı qurumlar nəzarət edib?

Düşünürəm ki, bu suallara aydın cavab verilmədən, buraxılan səhvlər və qanunsuzluqlar qeyd edilmədən,  cavabdehliklə bağlı vəzifəli şəxslərin hesabatları olmadan problemin köklü həlli də çətin olacaq.

Eyni zamanda yeni Dövlət Proqramının icrası əvvəlki yanaşma ilə - "tikək, sonrasına baxarıq" prinsipi ilə davam edərsə, şəffaflıq, hesabatlılıq, dövlət nəzarəti və ictimai nəzarət, ciddi koordinasiya təmin olunmazsa, problemlər daha da dərinləşəcək.

lll

- Bakı - Tbilisi qatarında qiymətlər necə olacaq?

Xatırlayıram ki, 5 illik fasilədən sonra bərpa olunan Bakı - Balakən qatarı üçün müəyyən olunan hədsiz yüksək qiymətləri ADY "komfort", "VIP zal", "dünya təcrübəsi" ilə izah etmişdi.

Hansı ki, daxili bir reysdə vətəndaşa zorla mənasız bir yemək seti təklif edərək, qiyməti süni qaldırmaq  halıyla heç bir yerdə rastlaşmaq mümkün deyil.

Öz evindən gələn yerli vətəndaşların əksəriyyəti isə gecə 12-də verilən bu setdən istifadə etmir.

Zorla təqdim edilən yemək seti yalnız qiymət artımına şərait yaradır ki, həm də məhz buna görə də

SV-nin qiyməti 72-100 manat arasında dəyişir.

Əvvəllər bu, 22 manat 50 qəpik olub.

Ümumiyyətlə isə, ADY-nin Bakı - Balakən üçün təklif etdiyi qiymətlər vaqonun tipindən asılı olaraq  əvvəlkilərdən 3-4 dəfə bahadır.

Əvvəllər plaskart 7-8 manat idi, hazırda ən yaxşı halda 18-25 manatdan başlayır.

Əvvəllər kupe 13 manat idi, hazırda ən yaxşı halda 27-33 manatdan başlayır.

Qeyd olunan yemək setinin zorla deyil, seçimlə olması, yalnız turistlərə təqdim edilməsi təklifini isə ADY rəhbərliyi indiyədək yaxın buraxmayıb.

ADY-nin son illərdə dəmir yolu infrastrukturunun bərpası istiqamətində atdığı addımlar nə qədər təqdirəlayiq olsa da, təklif etdiyi qiymət siyasəti heç bir halda  ağlabatan olmayıb.

Qatarla sərnişindaşıma gündəlik  istifadə olunan ictimai bir minik növüdür.

Onu "komfort", elit bir formaya salmaqla zorla yemək seti verib süni qiymət artımı yaratmaq doğru bir hal deyil.

İctimai nəqliyyat üçün bu tip yanaşma qüsurludur.

Bakı - Tbilisi qatarının qiymətlərin necə olacağını hələlik ADY açıqlamayıb.

Ümid edirəm Bakı - Balakən qatarında tətbiq edilən "komfort", "elit" prinsiplər, zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq.

Aslan İsmayılov, hüquqşünas:

- Dəfələrlə şahidi olsam da, bu mövzuya toxunmaq istəmirdim. Bu gün Bibiheybətdən AzNeft dairəsinə gələnə qədər 2 dəfə real insan ölümünə səbəb ola biləcək hadisənin şahidi olduğumdan artıq bu mövzunu ictimailəşdirmək qərarına gəldim. İnsanlar sanki həyatları ilə qumar oynayırlar. Bir dəfə Bibiheybət məscidinin qarşısında, bir dəfə isə Bayraq Meydanı tərəfdə cavan xanımlar piyada keçidi olmayan yerdə telefonla danışa-danışa yolu keçdilər. Hər iki dəfə də ancaq sürücülərin cəld reaksiyası hər iki xanımın sağ qalmasına səbəb oldu. Xanımlar isə heç nə olmamış kimi yollarını davam etdilər.

Hesab edirəm ki, DYP əməkdaşları belə hallara xüsusi diqqət yetirməli və qaydanı pozan şəxslərə qarşı ən ciddi tədbirlər görməlidirlər. Elə piyada keçidindən də telefonla danışa-danışa, yellənə-yellənə keçənlərə qarşı da tədbirlər görülməlidir. Ən qıcıqlandırıcı olanı da odur ki, belə hallara ən çox yaşlı nəsil yox, cavanlar yol verirlər. Bu yol hərəkət qaydalarının pozulmasından başqa, həm də mədəniyyətsizlik göstəricisidir. Belə hallarda həmin şəxslərin, xüsusilə gənc xanımların foto və videolarını da yaymaq qınanmamalıdır.

İlqar Fəhmi, yazıçı:

- Şəhərdə güclü yağışın gətirdiyi fəsadlar göz qabağındadı.

Amma bu ağrılı görüntüləri kəsib üstünə gülməli səslər, məzəli mahnılar qoyub yumoristik videolar düzəldərək paylaşmaq nə anlam verir? Paylaşırıq, yayırıq, hələ altına daha da məzəli şərhlər yazmaqda bəhsə giririk...

Belə çıxır ki, bizim üçün belə xoş olmayan situasiyalar elə əylənmək üçün lazımdı?

Qurban olduğum da görür ki, bunlar hər şeyi məzhəkəyə çevirir, fikirləşir ki, yəqin xoşdu da bunlara belə şeylər... Bəlkə elə ona görə yağışın ardı arası kəsilmir?

Allah daha böyük təbii fəlakətlərdən saxlasın. Hərçənd inanıram ki, bekar qəhrəmanlarımız tufanı da, zəlzələni də, vulkanı da lağlağıya çevirə bilər... Ta başlarına daş düşməyincə...

Vüsal Məmmədov, jurnalist:

- Mən orta məktəbdə oxuyanda belə bir sevimli oyunumuz var idi: xəritənin qabağında dayanıb ölkə adı deyirdik, qarşı tərəf həmin ölkəni tapmalı idi. Uşaqların ən çox sevdiyi ölkələrin arasında Lesoto və Svazilend də var idi. Çünki heç kimin ağlına gəlmirdi ki, əyilib xəritənin aşağısında, Cənubi Afrikada iki xırda nöqtəni axtarsın. Tərs kimi, adları da yerləşmədiyi üçün yazılmırdı. Mən Svazilendi o vaxtdan sevirəm. İndi həmin ölkənin kralını Azərbaycanda görmək məktəb illərimi yadıma saldı. Fərq ondadır ki, ölkə indi Esvati adlanır.

İradə İsak, jurnalist:

- Jurnalistika yüksək çinlilərin önündə müj durmaq deyildi. Onlara insanları narahat edə bilən sualları vermək idi. Bizə belə öyrətmişdilər.

Yeri gələndə polemika aparmaq, bəzən razılaşmamaq, daha aydınladıcı suallar vermək idi.

Vətəndaşın sualı orada yoxdursa, o veriliş baxılmayacaq.

Bəlkə TV-ləriniz sualların da əvvəlcədən razılaşdırıldığı üçün baxılmır?

Əgər nanayın yerini "fərəqət" tutacaqdısa, Ofeliya xanımın ər corabını yuması ilə bağlı polemikaları daha səmimi idi.

Simran Qədim, yazıçı:

- Müəllifin ölümü

Bəli, müəlliflər ölüb, amma çoxlarının bundan xəbəri yoxdur. Bu gün yazıçılıqda süni zəkadan geniş istifadə olunur. Bəs yazıçılar süni zəkadan nə dərəcədə istifadə edə bilərlər? Və ya etməlidirlər?

Üç variant ola bilər. Birincisi, mətn tamamilə müəllifin öz zehninin məhsuludur. İkincisi, mətni tamamilə süni zəka yazıb. Üçüncüsü, mətni süni zəka yazıb, amma müəllif onun üzərində işləyib, əlavələr edib, ixtisarlar aparıb.

(Üçüncü variantın tərsi də ola bilər: mətni təbii zəka yazar, amma süni zəka onun üzərində işləyər, əlavələr edib ixtisarlar aparar).

Bu məqamda Teseyin gəmisi paradoksuna bənzər suallar yaranır: süni zəkadan istifadə edilərək yazılan mətnlərin müəllifi kimdir? Mətnin neçə faizi müəllifə, neçə faizi alqoritmə aid ola bilər? Hansı andan sonra mətn artıq "müəllif"in yox, "maşın"ın əsəri sayılır?

Əslində, bu sualların əhəmiyyəti düşündüyümüz qədər böyük deyil. Çünki biz ilk növbədə müəllifləri yox, fikirləri qiymətləndiririk, qiymətləndirməliyik.

Oxuduğumuz bütün kitabların müəlliflərini tanıyırıqmı? Şopenhauerin mizantrop şəxsiyyətinə görə əsərləri dəyərsizdirmi? Şopenhauer özü nə dərəcədə Kantdan, Spinozadan, Buddadan bəhrələnib? "Dünya iradə və təsəvvür kimi"ni Şopenhauer yazıb, yoxsa Kant, Spinoza, Budda?..

Mətn hələ süni zəkadan çox-çox öncə müəllifdən ayrılıb, öz müstəqil həyatına başlayıb. İndi "bunu kim yazıb?" sualından çox, "buradakı fikirlər nə dərəcədə dəyərlidir?" sualı vacibdir.

Qeyd: mətni tamamilə süni zəkanın yazması çox mübahisəlidir, çünki süni zəka verilən tapşırıq və kiberməkandakı materiallar əsasında fəaliyyət göstərir.

Elçin Rüstəmli, jurnalist:

- Bakı Metropolitenin rəisi Vüsal Aslanovun rezonans doğuran çıxışına orjinaldan qulaq asdım.

Məğzi belədir ki, Bakının mərkəzində metro çıxışlarının sayını artırmadan şəhər kənarında yeni stansiyalar inşa etmək doğru deyil. Çünki oradan mərkəzi stansiyalara sərnişin axını yaranacaq və nəticədə onsuz da yüklənmiş infrastruktur pis vəziyyətə düşəcək.

Gəlin reallığa baxaq, görək düz deyir, yoxsa yox.

Hazırda İçərişəhər, 28 May, Sahil, Nizami, Elmlər Akademiyası, Gənclik və Nərimanov metro stansiyaları səhər və axşam saatlarında basırıq olur.

Aslanov deməyə çalışır ki, ətraf qəsəbələrin əhalisi yerüstü nəqliyyatdakı tıxacdan, bir neçə marşrut dəyişməkdən imtina edib metrodan istifadə edəcək. Nəticədə adıçəkilən stansiyalarda vəziyyət dözülməz hala gələcək.

Məncə, doğru təsvir edir. Amma çıxış yolu kimi nə təklif edir? Mərkəzdə stansiya çıxışlarının artırılması. Hazırda bu istiqamətdə işlər aparılır. Bu, nə qədər effektli olacaq, demək çətindir. Çünki mərkəzdə çıxışlarla yanaşı, yeni stansiyalara ehtiyac var, o zaman sərnişin paylanması daha rahat olar.

Daha bir vacib məqam yerüstü nəqliyyatı qaydaya salmaqdır. O zaman yeraltında vəziyyət düzələcək.

Qısası, Vüsal Aslanov məlum çıxışı şəhər ətrafında yaşayan sakinlərin mərkəzə gəlməsinin əleyhinə olduğunu ifadə etmir. Mən də sosial şəbəklərdə paylaşımlara baxıb zarafatyana paylaşım etmişdim. Həqiqət naminə bunu yazmağı borc bildim.

Metronun problemlərinə gəlincə, hədsiz çoxdur, onu həll etmək istəyirlərsə, ilk növbədə şəffaflıqdan başlamaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
54
525.az

1Sources