EN

WUF13-ün bağlanış mərasimi keçirilib - Yenilənib 

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi baş tutub...

Poliqon xəbər verir ki, mərasimdə BMT Baş katibinin müavini Amina Mohammed, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rozbax, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, WUF13 üzrə milli koordinator və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, eləcə də müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, şəhər merləri və ekspertlər iştirak ediblər.

Bağlanış mərasimində çıxış edən natiqlər forumun şəhərlərin dayanıqlı inkişafı, mənzil təminatı, iqlim dəyişikliyi, urbanizasiya proseslərinin idarə olunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm platforma rolunu oynadığını vurğulayıblar.

Qeyd olunub ki, "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusu altında keçirilən WUF13 şəhər inkişafı sahəsində qlobal çağırışların müzakirəsi və həll yollarının müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradıb.

Forum çərçivəsində dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektor nümayəndələri arasında çoxsaylı görüşlər, müzakirələr və əməkdaşlıq təşəbbüsləri həyata keçirilib.

Tədbirdə bildirilib ki, WUF13 rekord göstəricilərlə yadda qalıb. Forumda 176 ölkədən on minlərlə iştirakçı təmsil olunub, yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və yan tədbir təşkil edilib.

Mərasimin sonunda forumun iştirakçılarına və təşkilatçılarına təşəkkür edilib, Azərbaycanın qonaqpərvərliyi və tədbirin yüksək səviyyədə təşkili xüsusi vurğulanıb. WUF13-ün yekun mesajında şəhərlərin gələcəyinin həmrəylik, innovasiya və birgə fəaliyyət əsasında qurulmasının vacibliyi qeyd olunub.

***

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirilir.

Poliqon xəbər verir ki, bağlanış mərasimində rəsmilər, BMT təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Bağlanış mərasimi bədii proqramla başlayıb, videoçarxlar nümayiş edilib.

Bağlanış mərasimində çıxış edən BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib: “Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir”.

O diqqətə çatdırıb ki, bu həftə Bakıda gördüyümüz ən vacib məqamlardan biri əməkdaşlığın yalnız işlək mexanizm deyil, həm də böyük problemlərin həllində effektiv vasitə olmasıdır.

Daha sonra mərasimdə WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev görülən işlərlə bağlı detallı məlumatları iştirakçılarla bölüşüb: “Forum beynəlxalq medianın diqqət mərkəzində olub. 1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla təşkilində mühüm rol oynadığını bildirib: “Bakıda keçirilən Dünya Şəhər Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır”.

Daha sonra bağlanış mərasimində müxtəlif ölkələrin nümayəndələri və BMT rəsmilərinin fikirləri dinlənilib.

Bağlanış mərasimində çıxışlardan sonra konsert proqramı keçirilib.

Sonra Ümumdünya Şəhərsalma Forumuna (WUF) sədrliyin Azərbaycandan Meksikaya təhvil verilməsi mərasimi keçirilib.

Sonda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ü bağlı elan edib.

***

Poliqon xəbər verir ki, bağlanış mərasimində rəsmi şəxslər, BMT təmsilçiləri və digər şəxslər iştirak edir.

Poliqon.info

Chosen
43
50
poliqon.info

10Sources