EN

Routerdəki işıqlar niyə yanıb sönür?

ain.az bildirir, Lent az portalına istinadən.

Router üzərindəki yanan və yanıb-sönən lampalar sadəcə dekorativ element deyil, əslində cihazın diaqnostika sistemi hesab olunur. Bu indikatorlar internet bağlantısının olub-olmadığını, məlumat ötürülməsinin gedib-getmədiyini və ümumi iş vəziyyətini göstərir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hər bir Wi-Fi router fərqli istehsalçılar tərəfindən hazırlandığı üçün indikatorların mənası modeldən asılı olaraq dəyişə bilər. Buna baxmayaraq, əksər cihazlarda ümumi işləmə prinsipi oxşardır.

Router işə salındıqda lampalar adətən yavaş və ritmik şəkildə yanıb-sönür. Bu, cihazın sistemini yüklədiyini və internetə qoşulmağa çalışdığını göstərir. Bağlantı uğurla qurulduqdan sonra isə indikator sabit şəkildə yanmağa başlayır.

Yanıb-sönmə sürəti də mühüm siqnaldır. Yavaş yanıb-sönmə çox vaxt qoşulma mərhələsini və ya sistemin yüklənməsini bildirir. Sürətli yanıb-sönmə isə şəbəkədə aktiv istifadə olduğunu göstərir – məsələn, fayl yüklənməsi, video izləmə və ya onlayn oyun zamanı bu hal normal sayılır.

Əgər lampa uzun müddət fasiləsiz yanıb-sönür və sabit vəziyyətə keçmirsə, bu, internet bağlantısında və ya provayder avadanlığında problem olduğuna işarə edə bilər.

Rənglər də fərqli mənalar daşıyır. Yaşıl işıq adətən normal işləməni göstərir. Ağ rəng bir çox hallarda yaşıl ilə eyni məna daşıyır. Mavi indikator aktiv bağlantını və ya ayar rejimini bildirə bilər. Sarı işıq çox vaxt sistemin yükləndiyini göstərir. Narıncı və ya qırmızı isə əksər hallarda xəta və ya internetin olmadığını göstərən siqnaldır.

Router üzərindəki simvollar da indikatorların mənasını anlamağa kömək edir. Ayrı-ayrı lampalar Wi-Fi siqnalını, LAN portlarının aktivliyini və ya WAN bağlantısını göstərə bilər. Məsələn, Wi-Fi və ya Ethernet lampası yanıb-sönürsə, bu, cihazlar arasında məlumat mübadiləsinin getdiyini göstərir. Hətta internet olmasa belə, daxili şəbəkə işləməyə davam edə bilər və bu da indikatorlarda əks olunur.

Ümumilikdə, yanıb-sönən yaşıl işıq əksər hallarda normal fəaliyyətin göstəricisidir. Lakin dəqiq vəziyyəti anlamaq üçün yalnız rəngə deyil, həm də yanıb-sönmə tezliyinə və indikatorların yanındakı işarələrə diqqət yetirmək lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
lent.az

1Sources