EN

Qlobal güclər Hörmüzə ALTERNATİV axtarışında – Türkiyə və Suriya...

Yaxın Şərqdə cərəyan edən irimiqyaslı müharibələr qlobal ticarət yollarını iflic etdiyi bir vaxtda, dünya siyasətinin iqtisadi və strateji xəritəsini kökündən dəyişdirəcək misli görünməmiş, tarixi bir hadisə baş verib.

Musavat.com-un xəbər verdiyi kimi, dünyanın ən güclü dövlətləri strateji çıxılmaz vəziyyətdən qurtulmaq üçün Suriya ilə bağlı sensasion addım atıblar.

Belə ki, Suriya "Böyük Yeddilik" (G7) qrupunun 1975-ci ildə yaradılmasından bəri ilk dəfə olaraq sammitə rəsmi dəvət olunmuş ölkə statusunda qatılacaq. Dünyanın aparıcı informasiya agentliklərindən olan Reuters-in diplomatik vəziyyətlə yaxından tanış olan üç fərqli mənbəyə istinadən yaydıöı məlumata görə, iyunun 15-dən 17-nədək Fransanın cənub-şərqindəki Evian-le-Ben şəhərində keçiriləcək bu kritik sammitdə Suriyanı rəsmən keçid dövrünün prezidenti Əhməd əş-Şaraa təmsil edəcək.

Mənbələrin bildirdiyinə görə, bu tarixi dəvət cari həftədə Parisdə G7-nin geniş tərkibli danışıqlarında iştirak edən Suriyanın maliyyə naziri Yisr Barniyə şəxsən təqdim olunub. Suriyalı rəsminin verdiyi eksklüziv məlumata görə, sammit çərçivəsində aparılacaq danışıqların əsas diqqət mərkəzində və müzakirə mövzusunda Suriyanın beynəlxalq logistikadakı yeni rolu dayanacaq. Söhbət İranla davam edən müharibə nəticəsində qlobal neft və ticarət daşımalarının əsas damarı olan Hörmüz boğazının tamamilə bağlanmasının dünyanı alternativ yollar axtarmağa məcbur etməsindən gedir.

Bu kontekstdə Qərb dövlətləri Suriyanı qlobal tədarük zəncirləri üçün "potensial strateji qovşaq (hab)" qismində görürlər və bu tarixi gedişlə bölgədəki bütün tarazlıqları yenidən qurmağı hədəfləyirlər.

WhatsApp

Qeyd etməyə dəyər ki, Hörmüz boğazından təhlükəsiz və maneəsiz keçid məsələsi ilk dəfə 1980-1988-ci illərdə baş verən İran-İraq müharibəsi zamanı, müharibə edən tərəflər bu vacib su yolundan keçən tankerlərə hücum etdikdə ortaya çıxıb. Bu böhrandan sonra Körfəz ölkələrindən Səudiyyə Ərəbistanı Krallığın şərq sahilini Qırmızı dənizdəki Yanbu əl-Bəhr limanı ilə birləşdirən Şərq-Qərb Neft Boru Kəmərini inşa etdi. Bir neçə il sonra BƏƏ Əbu-Dabi əmirliyindən Oman körfəzinə qədər Həbshan-Füceyra boru kəmərini işə saldı.

İraq isə əvvəldən Kərkük-Ceyhan neft kəmərini tikmişdi və onunla nəqli təmin etdi. Bu kəmərin gündəlik ötürücülük gücü azdır - 250 min barel. İndi isə Hörmüz boğazının blokadası İraqı may ayının əvvəlində tender elan edilmiş 4,6 milyard dollarlıq Bəsrə-Hədisə neft kəməri infrastruktur layihəsinin həyata keçirilməsi səylərini sürətləndirməyə məcbur edib. Boru kəmərinin bu hissəsi İraqın cənubundan Suriya sərhədinə doğru 685 kilometr uzanacaq və daha sonra İordaniyanın Qırmızı dəniz sahilindəki Əqəbə limanına, eləcə də Suriya və Türkiyəyə qədər uzadıla bilər. Tamamlanarsa, bu iddialı layihə gündə 3 milyon barelə qədər neft nəql edə biləcək.

Hazırda İran böhranı fonunda BƏƏ və Səudiyyə Ərəbistanı mövcud olanlara paralel olaraq daha bir neçə boru kəməri tikməyi, eləcə də sahillərində neft ixrac terminalları və saxlama müəssisələri şəbəkəsini genişləndirməyi planlaşdırır. Əmirlik və Səudiyyə Ərəbistanı hakimiyyətlərinin ciddi niyyətləri investor axtarışı ilə təsdiqlənir və Amerika maliyyə korporasiyaları artıq investor kimi çıxış etməyə razılıq veriblər. Amerikalıların özləri, xüsusən də Hörmüz boğazına alternativ infrastruktur və logistika sisteminə sahib olmaqda maraqlıdırlar, çünki bu, onların maliyyə nəzarəti altında olacaq.

Təklif olunan layihələr, həqiqətən də etibarlıdır və bunu Əmirliklər və Səudiyyə Ərəbistanının mövcud neft kəmərlərindən istifadə təcrübəsi də sübut edir. Səudiyyə Ərəbistanı boru kəməri artıq gündə maksimum 7 milyon barel tutumunu nəql edir, Əmirlik boru kəməri isə hazırda 1,8 milyon barel ilə işləyir və zərurət yarandıqda tutumu artırmaq potensialı var. Hətta sonuncu baş versə belə, mövcud tutum tankerlərin gündə 15 milyon barel neft daşıdığı Hörmüz boğazını əvəz etməyəcək. Buna görə də hər iki ölkə mövcud boruların yanı ilə ikinci boru xəttini çəkirlər.

Beynəlxalq Enerji Agentliyi dəfələrlə ixracatçılara və investorlara İraqdan Aralıq dənizi sahilində yerləşən Türkiyənin Ceyhan limanına neft kəməri çəkmək təklifləri ilə müraciət edib. Fars körfəzi ətrafından çıxarılan neft-qazın Suriya üzərindən Aralıq dənizinə, oradan dünya bazarına çıxarılmasını nəzərdə tutan təşəbbüslər 2000-ci illərin əvvəllərindən irəli sürülüb. 2001-ci ildə ilk dəfə Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya çatdırılması məsələsi gündəmə gətirilib və tərəflərlə razılaşdırılıb. Bəşər Əsəd əvvəlcə bu layihəyə müsbət fikir bildirsə də, 2006-cı ildə xəttin Suriyadan keçməsinin əleyhinə olduğunu bildirdi və layihə kağız üzərində qaldı. İqtisadçı-ekspert Elman Sadıqovun dediyinə görə, layihəyə 2 dövlət qarşı çıxırdı. Rusiya və İran: “Rusiya düşünürdü ki, Qətər qazı Avropaya çıxsa Qazprom öz dominant mövqeyini itirəcək. O zaman Avropanın idxal etdiyi qazın 40 faizi Qazpromun payına düşürdü. İran isə Fars körfəzində bəzi qaz yataqları ilə bağlı Qətərlə arasında mübahisə olduğunu bildirir və əslində həm də öz qazını Suriya üzərindən Avropaya çıxarmaq istəməsi səbəbindən Əsədə ciddi təzyiq göstərirdi. Rusiyanın hərbi bazasının və İranı dəstəkləyən qüvvələrin Suriyada güclü mövqedə olmaları səbəbindən Əsəd Suriyanın mənafeyinə uyğun olan və ona milyardlar qazandıracaq bu layihəyə yox deməyə məcbur oldu”.

Suriya üzərindən reallaşdırılması təklif olunan digər layihə isə Ərəb Qaz Xəttidir. Misir qazını əsas xətt ilə İordaniya, Livan və Suriyaya, ayrılmış bir qol ilə isə İsrailə nəql edən və hazırda işləyən bu xəttin növbəti mərhələdə uzadılaraq Türkiyəyə, sonra isə Avropaya çatdırılması da nəzərdə tutulmuşdu. Hətta Türkiyənin ildə 4 milyard kub metr qaz alışını da öhdəliyinə götürən razılıq əldə olunmuşdu: “Yenə də yuxarıda qeyd olunan səbəblərdən yuxarıda qeyd olunan hər iki dövlətin (Rusiya və İran) təzyiqi ilə Əsəd 2009-cu ildə bu razılaşmanın da ləğv olunduğunu bəyan etdi”.

Hələ 2010-cu ildə İraqla Suriya arasında  neft kəmərinin çəkilməsi ilə bağlı razılaşma əldə olunub. Suriyadakı Əsəd rejimini dəstkləyən İran da bu kəmərlərin çəkilməsini aktiv dəstəkləyirdi. Layihələr nefti İraqın Kərkük bölgəsindən Suriya və Türkiyə vasitəsilə Aralıq dənizi sahillərinə çatdırılmasını nəzərdə tuturdu. Lakin o zaman ABŞ-ın səyləri nəticəsində bu layihələr elə kağız üzərində qaldı. Suriyada rejim dəyişiklyindən sonra İraq tərəfi ötən əsrdə bu ölkədən Suriyaya çəkilmiş və uzun illərdir fəaliyyətini dayandırmış  850 km-lik Kərkük-Bəniyas neft kəmərinin bərpası məsələsini qaldırıb.  1950-ci illərin əvvəllərində tikilən kəmər fikir ayrılıqları səbəbindən fəaliyyəti dayandırılıb və 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsi zamanı infrastruktura ciddi ziyan dəyib. 2019-2020-ci illərdə İran aktiv şəkildə kəmərin bərpası üçün təşəbbüslər göstərsə də, yenə də ABŞ-ın səyi ilə bu, mümkün olmayıb. Vaşinqton kəmərlə İran neftinin nəql olunacağını proqnozlaşdırırdı. Son vaxtlar Hörmüz ətrafında yerləşdirilən ABŞ hərbi qüvvələrinin aşkarladığı hallar göstərir ki, İran uzun illər boyu öz neftini məhz İraq nefti adı altında ixrac edib. Artıq dəniz yolu ilə bu imkan qalmayıb - ABŞ blokadası imkan vermir, üstəlik, İraq tərəfinə ciddi xəbərdarlıqlar olunub. Suriyadakı yeni hakimiyyət ABŞ və Avropa ilə münasibətləri sürətlə yaxşılaşdırır. Belə bir şəraitdə nəinki Kərkük-Bəniyas kəmərinin bərpası, əvvəllər layihələndirilmiş digər kəmərlərin də inşası planları reallaşa bilər.

Hazırda BƏƏ, Səudiyyə Ərəbistanı, İraq öz neftini Hörmüzdənkənar marşrutlarla ixraca yönəldə bilirsə, Qətərin belə imkanı yoxdur. Dünyanın ikinci ən böyük maye qaz ixaracatçısı olan ölkədən ixracın dayanması qaz bazarı üçün böyük zərbədir. Bu baxımdan, İranın Hörmüzlə bağlı addımları bu layihənin reallaşdırılması üçün böyük stimul rolunu oynayır.

Suriyanın G7 zirvəsinə dəvət olunması ABŞ və Qərbin Hörmüzə alternativ nəql infrastrukturunun qurulması məsələsinə çox ciddi yanaşdığını göstərir. Bu yanaşma Suriya və Türkiyənin yalnız regionda deyil, qlobal iqtisadiyyatda rolunun artmasına gətirib çıxara bilər.

Dünya SAKİT,
Musavat.com

Chosen
30
musavat.com

1Sources