ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar jurnalist Əminə xanım Yusifqızının 75 illik yubileyinə
"İnsanlıq bir təbəssümlə başlar" - deyib dönya görmüş müdriklərimiz. Əlbəttə, burada təbəssüm sözünün alt qatları dərindir, sadəcə dodağın səyirməsi anlamında işlədilmir - "Hələ içimdəki insan yaşayır", "Məndən qorxma, gəl bir dərdləşək", "Dünya hələ də yaşanacaq yerdir" və sair. Bax, hər şey Onlardan başlayır - həyatımıza girib sevgini, səbri, mərhəməti, güvəni bizimlə paylaşa bilən insanlardan. Dərd hansı pərgarla, meyarla ölçülür, bilmirəm, amma bu həqiqətdir ki, o anda biri üzünə məsum təbəssümlə baxsa, yaşadığını hiss etsə, dərdin yüngülləşir, için isinir, ancaq gözəl nəsnələr haqqında düşünürsən. Doğrudan da həyatımız boyu qarşılaşdığımız insanlar ya imtahanımızdır, ya ərmağanımız...
Mən Əminə xanımla uzun illərin dostu-yoldaşı deyiləm, bir yerdə 40 təknə çörək də kəsməmişik. Tanışlığımıza səbəb xarakterimiz və peşəmizdir. İlk vaxtlar daha çox bölgələrdəki qəzetlərin taleyindən danışardıq: "Əməkdaşlar buradan az-çox maaş alırlar, onlara necə deyim ki, sabahdan işə gəlməyin qəzet çıxmayacaq, çoxu kredit ödəyir, körpə uşağı olanlar var. 90 yaşını keçmış tarixdir bu qəzet, necə bağlayım" - deyirdi. Özümü görürdüm onun narahat çöhrəsində. Bir ara əl-ələ verib qəzeti yaşatmaq üçün davamlı nəşrinə başladıq, çap xərclərini və kollektivin əməkhaqqını təkbaşına öhdəsinə götürdü, nələrə qatlandı, nələr etdi, bunu bir mən və bir də kollektiv yaxşı bilir. Amma bir gün o da bitdi. Əməyini, ömrünü verdiyi qəzetin nəşrinin davamı üçün mübarizə aparırdı - çünki peşəsini sevir, çünki əməyinə hörmət edirdi, çünki maaşa baxan o kollektivi düşünürdü. Bölgə mətbuatımızın inkişafında onun qədər müstəsna xidmətləri olan peşəkar jurnalist çox azdır. "Kür" qəzeti Əminə xanım üçün canlı idi - yaşamalı idi, öyrətməli və öyrənilməli idi. Onu tanıyanlar yaxşı bilirlər, "Kür"də bər-bəzəkli yazılara az rast gəlinirdi. Öz xarakteri kimi idi qəzeti də - dominant, sağlam, ya doğru yazmağı, ya da yazmamağı bacarmaq.
İnsanları seçmək özünü seçməkdir əslində. "Kür"süz qaldığımıza bərabər üzüldük bir xeyli, sonra bir-birimizə təsəlli verdik, "Dünya hələ də yaşanacaq yerdir" - deyib ümidimiz kəsmədik, əlimiz üzmədik. Bakıya köçdü, tez-tez olmasa da, arada görüşüb söhbətləşir, Bakının nəqliyyatına öyrəşə bilmədiyindən gileylənir, mən də ona metrodan necə istifadə etməyi, kartı turniketə göstərib necə keçməyi öyrədirdim. Gülərək "müəllimliyimdən" razı qaldığını deyirdi. Arada Türkiyədə oxuyan tələbə oğluma göndərmək üçün məcbur çantama pul qoymağı da unutmurdu. Baxmayaraq ki, nəvəsi Avropada oxuyurdu və onun xərcləri daha çox idi, özü də işləmirdi. Amma almamaq olardımı? Mümkün deyildi. Onun insanlara yanaşma tərzi çox məsumdur, içdəndir, o qədər səmimidir ki, etiraz da edə bilmirsən, başdan sona qədər sevgi doludur - anlamaqdır onun adı.

Bizi ən çox 44 günlük Vətən müharibəsi bağladı bir-birimizə. Tariximizin və taleyimizin dəyişdiyi o günlərdə Əminə xanım Yevlax şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün kitab yazırdı. Atəşin düşdüyü hər ailə ilə birlikdə yanıb külə dönürdü. O günlərdə keçirdiyi gərginliyi, yaşadıqlarımızı, əminəm ki, hamı eyni şəkildə yaşayıb. Gözünün yaşını, içinin yanğısını mürəkkəbə çevirib yazıları ilə Yevlax şəhidlərinə ana laylası deyirdi. Bəzən dözə bilmirdi, yanında olmağa çalışırdım, yazılarını korrektura edirdim, dərdimizi bərabər bölüşürdük. Nəhayət, şəhidlərimizə layiq iki kitab ərsəyə gətirdi. M.F.Axundov adına Respublika Milli Kitabxanasında "Biz Vətən üçün doğulduq" kitabının geniş tərkibdə təqdimatı keçirildi. Son söz müəllifə veriləndə o, sadəcə: "Allah bir daha mənə şəhid kitabı yazmağı nəsib etməsin" - dedi. Bu hadisələrdən sonra hərdən deyirdi Rəsmiyyə, Leyla Əliyevanın "Gedim bir az ağlayım" şeirini çox sevirəm və şəhidlərin özlərindən deyil, ailələrindən danışıb ağlayırdı:
Gedim bir az ağlayım,
Elə-belə astaca.
Ürəyimi gizlədim,
yastığımın altında
Pəncərəni açaraq
Kövrəlmiş ürəyimi
Bəlkə həyətə atım
Həyatın ağuşuna.
Kitabları ərsəyə gətirdiyi zaman gördükləri və yaşadıqları səhhətinə ciddi təsir elədi, sağlamlığını ağır zədələdi.
Bu yazını oxuyan və onu tanımayan gənc oxuculara bildirim ki, Əminə xanım Yusifqızı vaxtilə Bakı Dövlət Universitetini bitirdikdən sonra doğulub böyüdüyü Yevlax rayonuna dönüb və əmək fəaliyyətinin düz 50 ilini rayon qəzetinə bağlayıb. Korrektor kimi iş stajına başlayıb, 30 il Yevlaxın "Kür" qəzetinin baş redaktoru olur. Onun rəhbərliyi dövründə qəzet regionda sağlam mətbuatın nümunəsinə çevrilib. Tirajına, dövriliyinə və oxunaqlığına görə "Kür" təkcə bölgədə deyil, respublika mətbuatında da sayılıb-seçilib, oxunub, regionda ictimai mühitə və ictimai fikirə təsir göstərib. 7800 tirajla işıq üzü görən qəzetin hər sayı maraqla oxunurdu. Çünki qəzetin rəhbəri işinin sevdalısı, peşəsinin vurğunu idi. Yazları daha çox tənqidi məqalələr, felyetonlar olurdu. Haqsızlığı heç zaman bəzəyib düzəmədi, bölgə insanını, ona inananları aldatmadı, hər şeyi olduğu kimi yazdı. Nə gurultulu, gözqamaşdıran başlıqlar çıxartdı baş səhifələrinə, nə də yalançı sensasiyalara imkan verdi. Böyük Sabir demiş, gördüyü nilkü-bədi eylədi izhar yazdı. Nə özünə, nə qələminə, nə də oxucularına xəyanət elədi. Əminə xanım iliyinə qədər jurnalistdir, peşəyə sevginin əyani nümunəsidir, əziyyətlərə, mərhumiyyətlərə qatlaşmanın, jurnalistikaya fədakar yanaşmanın obrazıdır. Gənclərlə söhbəti zamanı deyirdi ki, yaradıcı gənclər rayonun redaksiyasında yetişir, qəzet oxumaq, maariflənmək ənənəsi formalaşır, bu ənənəni yox edə bilmərik. Bir sözlə, Əminə xanımın həyatı və əmək fəaliyyəti öyrənilməli nümunədir. İnsan qala bilmək, sevgisini və mərhəmətini işindən, statusunundan yüksəkdə tutmaq inanın ki, onun alın yazısıdır.
Son vaxtlar ölkəmizdə belə bir tendensiya yaranıb, uşaqlar ilk növbədə ailədəmi, yoxsa məktəbdəmi tərbiyə olunmalıdır? Bunun üçün Əminə xanım kimi insanların həyatı nümunə olmalıdır, öyrənilməlidir. İnsan ailədə tərbiyə olunur. Bu qədər sadə!
Doğulduğu ailədə sevgilə böyüyüb Əminə xanım. Valideynləri ona ata-ananı, bacı-qardaşı, müəllimi, insanları sev deyə öyrətməyiblər, onu sadəcə seviblər. Bu da ən böyük tərbiyədir, məktəbdir. Ona verilən sevgi özü ilə bərabər böyüyüb və borc kimi qarşı tərəfə qayıdıb. Sevgi qədər insanı və bütün canlını heç nə tərbiyə etmir. Hər insanın həyat hekayəsi də oradan başlayır - həm tərsinə, həm düzünə.
İkinci Dünya müharibəsinin azərbaycanlı qadın qəhrəmanlarından birinin - 90 illik ömrünün 70 ilini şagirdlərinin təlim-tərbiyyəsinə həsr eləyən Nazxanım Səfərovanın və uzun illər sürücü işləyən, amma hər kəsin "Yusif bəy" deyə müraciət etdiyi bir ailədə doğulub Əminə xanım. 10 uşaqlı böyük və köklü ailənin üç üzvü Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi və Əməkdar müəllimdir. Nə yaxşı ki, hələ də cəmiyyətimizdə ailənin, qadının, ananın dəyəri çox önəmlidir.
Torpaq kimidir qadın - ruhunda çiçək bitirir, yetişdirir və ətrafa yayır. Bu mənada Azərbaycan xalqının tarixində adını hörmət və ləyaqətlə yazdıran qadınlarımızın sayı kifayət qədərdir. Onlardan biri də mənim çox sevdiyim və mətbuatımızın görkəmli nümayəndəsi Əminə Yusifqızıdır. O, möhtəşəm anadır, sədaqətli qadındır, çox sevimli nənədir. Cəmiyyətimizin irfan işığı qadınlarından biridir. Peşəsi jurnalist və qəzet redaktoru olsa da, vurğunu olduğu Yevlax rayonunda elə bir iş yoxdur ki, orada Əminə xanımın əməyi, sağlam fikri, zəhməti keçməsin. Rayonda yaşından, mövqeyindən asılı olmayaraq hər kəs onu sayır və sevir - ana kimi, ziyalı kimi, mərhəmətli insan kimi, xarakter kimi.
Nə yaxşı ki, dəyərli Rəşad Məcid əvvəldən tanıdığı, qələminə, ürəyinə bələd olduğu Əminə xanımı - bu işgüzar insanı Mətbuat Şurasına işə dəvət edib. Bu gün Əminə xanım buradakı abu-havadan elə sevinclə söhbət açır ki...
Deyirlər, əsl dost sözü üzə deyəndir. Mən bu fikrin doğru olmadığını düşünürəm. Əsl dost, əsl insan qarşısındakına mərhəmətlə yanaşandır, onun yanlışını deyən deyil, yanlışını düzəltməyə çalışandır, ağır günündə yanında olan deyil, sevincli günlərində onunla bərabər sevinməyi bacarandır. Əminə Yusifqızı həmin o insandır, o xanımdır. İçindəki uşaq sevgisini, mərhəmətini bu yaşına qədər qoruyub saxlayıb yaşadır.
Əminə xanımın xarakteri geyimlərinə də yansayıb - rəngarəng, bəyazı və gözəlliyi tərcih edir. Hələ də tərtəmiz uşaq kimi bəmbəyaz düşünür. Dünya şöhrətli alimlər Lütfi Zadə və Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsi sənayedə, texnikada deyil, insanlar üzərində tətbiq edilsə, ilk nümunəsi mübaliğəsiz Əminə xanımdır. Həddən artıq mərhəmətli, sevgi dolu, içindəki uşağı heç böyütmədən, türklər demiş, dövlət qadın. "Sizin yaxşılığınızı düşünən insanları ürəyinizin ən gözəl yerində saxlayın" - deyir yunan filosofları. Biz də Əminə xanımı ürəyimizin ən təmiz, ən gözəl yerində saxlayaq. Çünki o, hamının yaxşılığını, inanın ki, onun özündən çox düşünür. Tanrım dünyamızı ürəyi gözəl insanlara həsrət qoymasın.
Rəsmiyyə QARAYEVA
"Azərnəşr"in redaktoru
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.