EN

Bloomberg: NATO Trampın Polşaya əlavə qoşun göndərilməsi qərarını alqışlayıb...

ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmağa hazırlaşdığı vaxt Vaşinqtonun yeni qərarı NATO daxilində qarışıq reaksiyalar yaradıb...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin yaydığı məlumata əsasən, NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trump tərəfindən Polşaya əlavə 5 min hərbçinin göndərilməsi ilə bağlı verilən gözlənilməz qərarı müsbət qiymətləndirib.

Məlumata görə, alyans rəhbərliyi ABŞ-nin Avropadakı hərbi iştirakının azaldılmasına dair ehtimalları müzakirə etdiyi bir vaxtda Vaşinqtonun yeni addımı NATO daxilində diqqətlə izlənilir. Tramp administrasiyası daha əvvəl planlaşdırılmış yerləşdirmənin dayandırılması qərarını ləğv edərək əlavə qüvvələrin Polşaya göndəriləcəyini açıqlayıb.

İsveçin Helsingborq şəhərində keçirilən NATO xarici işlər nazirlərinin toplantısında çıxış edən Mark Rutte bildirib ki, alyans üçün əsas prioritet Avropanın təhlükəsizlik xərclərinin artırılması olaraq qalır.

“Pul həqiqətən daxil olur”, deyə Rutte vurğulayıb. O qeyd edib ki, Avropa ölkələri müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizi səviyyəsinə çatdırmaqla bağlı öhdəliklərini yerinə yetirməyə başlayıblar.

Bununla belə, Donald Trampın Polşaya əlavə hərbi qüvvə göndərilməsi barədə qərarı NATO daxilində müəyyən çaşqınlıq yaradıb. Çünki bu addım ABŞ-nin regiondakı hərbi mövcudluğunu azaltmağa dair əvvəlki siqnallarla ziddiyyət təşkil edir.

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard məsələ ilə bağlı bildirib ki, Vaşinqtonun son qərarlarını izləmək və onların strateji məntiqini anlamaq hər zaman asan olmur.

“Bu, həqiqətən də çaşdırıcıdır və hər zaman bunu başa düşmək asan deyil”, deyə Stenerqard qeyd edib.

Analitiklərin fikrincə, Tramp administrasiyasının son qərarı bir tərəfdən ABŞ-nin NATO qarşısındakı öhdəliklərini davam etdirdiyi mesajını versə də, digər tərəfdən alyans daxilində uzunmüddətli təhlükəsizlik strategiyası ilə bağlı qeyri-müəyyənliyi artırır.

Poliqon.info

Chosen
45
poliqon.info

1Sources