EN

​Erməni müxalifəti Paşinyana qarşı küçələrə çıxır Ölkəni onun ümidinə buraxmayacağıq

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda hüquq-mühafizə orqanlarının müxalifət liderlərinə qarşı casusluq və dövlətə xəyanət ittihamları ilə başladığı həbs və axtarış dalğasına cavab olaraq, müxalifət düşərgəsi genişmiqyaslı küçə mübarizəsinə start verəcəyini elan edib.

"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyan jurnalistlərə açıqlamasında müxalif qüvvələrin Paşinyan hakimiyyətinə qarşı radikal addımlar atmağa tam hazır olduğunu bildirib.

Son günlər müxalifət nümayəndələrinin ofislərində və mənzillərində aparılan axtarışları şərh edən Karapetyan, bunun hakimiyyətin daxili qorxusundan irəli gəldiyini vurğulayıb: "Hökumət hazırda ciddi daxili təşviş içindədir. Onlar bölgələri gəzərkən xalqın dəstəyini tamamilə itirdiklərini öz gözləri ilə görürlər. İndi yeganə ümidlərini inzibati təzyiqlərə və repressiyalara bağlayıblar. Lakin bu təzyiqlər onlara kömək etməyəcək. Biz gələndə, ümid edirəm ki, meydanda sadəcə Paşinyan özü qalacaq".

Ermənistan-Azərbaycan normallaşma prosesinə toxunan müxalifət lideri, rəsmi İrəvanın yürütdüyü mövcud xarici siyasəti kəskin tənqid edib.

O iddia edib ki, beynəlxalq zəmanətçilər olmadan regionda real sülhün əldə olunması qeyri-mümkündür: "Bu alçaldıcı vəziyyətdən çox tezliklə qurtulacağıq. Zəmanətçi dövlətlər olmadan Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh ola bilməz. Biz nə edəcəyik, Paşinyanın bəyanatlarına və andlarına inanacağıq? Bizim sülh formulmuz güclü diplomatiyaya əsaslanır".

Samvel Karapetyan qeyd edib ki, müxalifət hakimiyyətə gələcəyi təqdirdə ənənəvi müttəfiqlərlə əlaqələri bərpa etməklə yanaşı, digər qlobal güclərlə də münasibətləri gücləndirməyi planlaşdırır. 

O, Ermənistanın təhlükəsizliyini təmin edəcək konkret ölkələrin adlarını çəkməkdən yayınsa da, bəzi mesajlar verib: "Biz kiçik bir ölkəyik və etibarlı münasibətlərə ehtiyacımız var. Ermənistanın təhlükəsizliyini təmin edəcək dövlətlərlə konkret sazişlər imzalanmalıdır. Əgər ABŞ bu prosesdə zəmanətçi səviyyəsinə yüksəlmək istəyirsə, biz bundan məmnun olarıq. Eyni şey Avropa İttifaqına da aid edilə bilər. Lakin biz bu ölkəni Paşinyanın ümidinə buraxmayacağıq".

Müxalifət liderinin sözlərinə görə, Paşinyan hökuməti öz hakimiyyətini qorumaq xatirinə davamlı olaraq müxtəlif qütblər arasında vurnuxur və rəsmi Bakının ritorikasını Ermənistanın daxili siyasi gündəminə daşıyır.

Rasim

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
azpolitika.info

1Sources