EN

Məktəblər onlayn rejimə keçdi, yollar nəfəs aldı AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bakıda keçirilən beynəlxalq tədbirlərə görə bəzi təhsil müəssisələri distant (məsafədən) təhsilə keçib. Bu addım şəhər nəqliyyatına dərhal təsir edib. Son günlər paytaxt küçələrində tıxaclar xeyli azalıb, hərəkət rahatlaşıb. Yaranan mənzərə təhsil müəssisələrinin iş rejiminin şəhərdəki sıxlığa necə təsir etdiyini növbəti dəfə sübut edib.Bakıda nəqliyyat infrastrukturunun yüklənməsi xüsusilə səhər və axşam saatlarında pik həddə çatır. Minlərlə şəxsi avtomobilin eyni vaxtda yola çıxması, məktəblərin qarşısında yaranan nizamsız parklanma hərəkəti tamamilə iflic edir. Mövcud mənzərə göstərir ki, təhsil səbəbindən yaranan gündəlik hərəkət şəhərin yol-nəqliyyat sisteminin gərginlik səbəblərindən biridir. Distant rejim bu gərginliyi müvəqqəti aradan qaldırsa da, problemin köklü həlli üçün yaşayış yeri üzrə təhsilə keçid mütləq xarakter daşıyır.Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar paytaxtın bir sıra rayonlarında yerləşən təhsil müəssisələrində tədris forması dəyişdirilib:"İbtidai siniflər üçün nəzərdə tutulan tətil dövrünə görə şagirdlər hazırda istirahətdədirlər, digər siniflərdə isə dərslər distant formada keçirilir. Nəticədə şəhərdə tıxacın və insan sıxlığının əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunur. Ayın 18-dən etibarən artıq dörd gündür ki, paytaxtda nəzərəçarpacaq seyrəklik hiss edilir və avtomobil nəqliyyatında əvvəlki günlərlə müqayisədə ciddi sıxlıq müşahidə olunmur.Bu vəziyyət həm universitetlərdə dərslərin distant formada təşkili, həm də məktəblərdə şagird və valideyn hərəkətliliyinin azalması ilə bağlıdır. Sıxlığın əsas səbəblərindən biri isə valideynlərin övladlarını yaşadıqları ərazi üzrə deyil, şəhərin digər hissələrində yerləşən məktəblərdə oxutmağa üstünlük vermələridir. Bunun səbəbi uzaq məktəblərdə çalışan müəllimlərin daha keyfiyyətli olması ilə bağlı formalaşmış təsəvvür və cəmiyyətdə mövcud olan təqlid meylidir. Hər hansı lisey və ya məktəbin nüfuzlu hesab edilməsi digər valideynlərdə də övladlarını həmin təhsil müəssisəsinə yönləndirmək istəyi yaradır. Bu isə nəticədə şəhərdə nəqliyyat sıxlığının daha da artmasına səbəb olur".Ekspert deyib ki, artıq Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qeydiyyat prosesində müəyyən meyarlar tətbiq edib ki, şagirdlərin əsasən yaşadıqları ərazi üzrə məktəblərə qəbul olunması təmin edilsin:"Çünki ən əlçatan və səmərəli məktəb, ilk növbədə, yaşayış yerinə yaxın olan məktəb hesab edilir. Hazırda 1-ci siniflərə qəbul prosesi davam etdiyi üçün valideynlərin yaxınlıqdakı məktəblərə üstünlük verməsi məqsədəuyğun sayılır. Başqa ərazidə yerləşən məktəbin seçilməsi zamanı isə müəyyən şərtlər tələb olunur. Belə ki, uşağın valideynlərindən biri və ya nənə-babası həmin ərazidə işləməli, yaxud ailənin digər övladı artıq həmin məktəbdə təhsil almalıdır. Bu tələblər olmadıqda uzaq məktəblərə edilən müraciətlər sistem tərəfindən qəbul edilmir. Buna görə də valideynlərə tövsiyə olunur ki, qeydiyyat zamanı yaşadıqları əraziyə yaxın olan məktəbləri seçsinlər”, - deyə o qeyd edib.Təhsil müəssisələrində dərslərin distant formaya keçirilməsi fonunda yollarda yaranan rahatlıq paytaxtın nəqliyyat siyasətinə yenidən baxmağı tələb edir. Bu təcrübə gələcəkdə pik günlərdə və ya müəyyən mövsümlərdə bəzi təhsil pillələrində onlayn rejimdən alternativ çıxış yolu kimi istifadə edilməsinin effektivliyini ortaya qoyur.Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant formada keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunub.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
demokrat.az

1Sources