Amerikanın texnologiya korporasiyası IBM ABŞ Ticarət Nazirliyi ilə razılaşma imzaladığını açıqlayıb. Razılaşmaya əsasən, şirkət kvant çiplərinin hazırlanması və istehsalı üçün hökumətdən 1 milyard dollar həcmində qrant alacaq. “Anderon” adlı layihə bu cür qurğuların tamamilə ABŞ-də istehsal olunduğu ilk müəssisə olmalıdır. IBM özü də layihəyə 1 milyard dollar sərmayə yatıracaq.
IBM dövlət investisiyasını 2022-ci ildə Co Bayden administrasiyası dövründə qəbul edilmiş “CHIPS for America Act” proqramı çərçivəsində əldə edib. ABŞ federal hökuməti ölkədə qabaqcıl çiplərin, yarımkeçiricilərin və komponentlərin hazırlanması və istehsalına investisiya üçün təxminən 280 milyard dollar ayırıb. CHIPS qanunu çərçivəsində daha əvvəl “Intel”, “Samsung”, “GlobalFoundries”, TSMC, “Micron Technology” və digər şirkətlər də çoxmilyardlı investisiya və qrantlar alıblar.
Bu gün IBM ilə imzalanmış sazişi şərh edən ABŞ-ınin ticarət naziri Hovard Lutnik bildirib: “Kvant texnologiyalarına yönələn bu strateji investisiyalar daxili sənayenin inkişafına, Amerikada minlərlə yüksək maaşlı iş yerinin yaradılmasına və ABŞ-nin kvant imkanlarının genişlənməsinə töhfə verəcək”.