EN

Görünməyən yorğunluq: Müasir gənclərin səssiz mübarizəsi

Bugünkü gənclər zahirdə enerjili və sosial görünsələr də, daxilən ciddi psixoloji yük daşıyırlar. Bu vəziyyət çox vaxt diqqətdən kənarda qalır və “görünməyən yorğunluq” kimi xarakterizə olunur.

Mövzu ilə bağlı “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova QHT.az-a açıqlamasında bildirib ki, müasir gənclər ən çox görünməyən yorğunluq yaşayırlar. Xaricdən gülümsəyən, aktiv və sosial görünən bir çox gəncin daxilində ciddi narahatlıq, gələcək qorxusu və tükənmişlik hissi olur. Onlar daim nəyəsə çatmağa çalışır, amma eyni zamanda özlərini kifayət qədər yaxşı hesab etmirlər. Bu daxili təzyiq zamanla stressi, panik vəziyyətləri və emosional boşluğu artırır.

Samirə İsmayılova öz açıqlamasında qeyd edib ki, psixoloqa müraciət etməmələrinin əsas səbəblərindən biri cəmiyyətin psixoloji dəstəyə qarşı formalaşdırdığı yanlış düşüncələrdir. Bir çox gənc “mən dəliyəm ki, psixoloqa gedim?” kimi stereotiplərdən çəkinir və hisslərini içində saxlamağa üstünlük verir. Halbuki susdurulan emosiyalar zamanla insanın həm ruhuna, həm də həyat keyfiyyətinə təsir edir.

Həmçinin, mütəxəssis vurğulayıb ki, sosial media isə bu vəziyyəti daha da dərinləşdirə bilir. İnsanlar orada ən xoşbəxt, ən uğurlu və ən ideal görünən anlarını paylaşırlar. Gənc isə öz adi həyatını başqasının “seçilmiş kadrları” ilə müqayisə etdikcə özünü yetərsiz hiss etməyə başlayır. Virtual aləmdə çox görünən insanın belə real həyatda özünü çox tənha hiss etməsi mümkündür.

Psixoloq Samirə İsmayılova son olaraq deyib ki, psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər vacibdir. İnsan ruhu çox yorulanda ən böyük problemlərə yol açır.

Piranə Xasiyeva

Chosen
49
qht.az

1Sources