EN

Vüqar Süleymanov: "Böyük Qayıdış" Proqramına uyğun olaraq genişmiqyaslı fəaliyyət həyata keçirilir

BAKI, 22 may. TELEQRAF

Azərbaycanda "Böyük Qayıdış" Proqramına uyğun olaraq genişmiqyaslı fəaliyyət həyata keçirilir və burada bütün işlər müəyyən plan, mərhələ və ardıcıllıq əsasında icra olunur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu fəaliyyətlərin hər biri ilk növbədə mina təmizləmə prosesindən sonra həyata keçirilməlidir. Azərbaycan da hazırda məhz bu istiqamətdə sistemli iş aparır:

"Hazırda işğaldan azad olunmuş ərazilərdə kənd və şəhərlərimiz yenidən qurulur, infrastruktur layihələri həyata keçirilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bütün bu fəaliyyətlərin başlanğıcında isə mina təmizləmə prosesi dayanır. Çünki təhlükəsizlik təmin edilmədən nə bərpa işləri, nə də insanların geri dönüşü mümkündür".

ANAMA sədri 2020-ci ilin noyabr ayından bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizləndiyini vurğulayıb:
"Aparılan əməliyyatlar nəticəsində 252 mindən çox mina və digər partlayıcı vasitə aşkarlanaraq zərərsizləşdirilib.

Bu göstəricilər həm görülən işlərin miqyasını, həm də post-münaqişə dövründə mina təmizləmənin nə qədər vacib və strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir".

Chosen
3
teleqraf.com

1Sources