EN

Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur

Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur.

"APA-Economics" xəbər verir ki, bunu WUF13-də "The Rights of Indigenous Peoples Roundtable: Adequate Housing for All Indigenous Peoples in Their Diversity" (Aborigen xalqların hüquqları: Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil) adlı sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.

O bildirib ki, sürətli urbanizasiya iqtisadi inkişaf və innovasiya üçün imkanlar yaratsa da, bir çox icmalar, o cümlədən aborigen xalqlar səhiyyə, təhsil, mənzil və məşğulluq imkanlarına çıxışda çətinliklərlə üzləşirlər.

Rəvan Həsənovun sözlərinə görə, Azərbaycanda "aborigen xalq" termini istifadə olunmasa da, ölkə əsrlər boyu mədəni, etnik və dini müxtəlifliyin mövcud olduğu məkan olub. O qeyd edib ki, Azərbaycanda müxtəlif dillərə, mədəniyyətlərə və inanclara malik 30-dan çox etnik qrup yaşayır və multikulturalizm həm həyat tərzi, həm də dövlət siyasətidir.

İcraçı direktor vurğulayıb ki, Azərbaycan azad edilmiş Qarabağ ərazilərində şəhərləri yenidən qurarkən müasirlik, innovasiya və müxtəlifliyin uzlaşdırılmasına xüsusi diqqət yetirir.

"Şəhər bizim üçün yalnız körpü, yol və ya bina deyil, həm də insanların yaşadığı sosial və mədəni mühitdir", – deyə o əlavə edib.

Rəvan Həsənov qeyd edib ki, tarixi abidələrin, dini ibadət yerlərinin və müxtəlif icmaların mədəni irsinin qorunması şəhərlərdə sosial həmrəyliyin və qarşılıqlı hörmətin güclənməsinə xidmət edir.

Chosen
13
apa.az

1Sources