EN

ANAMA sədri: “Mina təhlükəsi Qarabağın bərpasını ləngidir”  

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) sonuncu günü başlayıb.

Musavat.com xəbər verir ki, bu çərçivədə Azərbaycan Republikasının Minatəmizləmə Agentliyinin təşkilatçılığı ilə “Münaqişədən sonra şəhərlərin yenidən qurulması: humanitar minalarla mübarizənin kritik rolu” mövzusunda tədbir keçirilir.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bugünkü platforma post-münaqişə dövründə bərpa, yenidənqurma və dayanıqlı inkişaf sahəsində qarşılaşdığımız mürəkkəb çağırışların müzakirəsi üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ən ciddi və davamlı problemlərdən biri mina və partlamamış hərbi sursatlarla çirklənmə məsələsidir:

"Bu problem bu gün də yenidənqurma və inkişaf prosesinin qarşısındakı ən böyük maneələrdən biri olaraq qalır. Onun təsiri yalnız humanitar nəticələrlə məhdudlaşmır. Mina çirklənməsi məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtmasına mane olur, şəhər və yaşayış məntəqələrinin bərpasını ləngidir, kritik infrastrukturun yenidən qurulmasını çətinləşdirir, kənd təsərrüfatı sahələrinə və təbii resurslara çıxışı məhdudlaşdırır və nəticə etibarilə uzunmüddətli inkişaf və sabitliyə ciddi təsir göstərir. Başqa sözlə desək, biz dünyanın ən böyük mina çirklənməsi problemlərindən biri ilə üz-üzəyik".

V.Süleymanov diqqətə çatdırıb ki, milli qiymətləndirmələrə əsasən, işğal nəticəsində təxminən 11 min kvadrat kilometrdən artıq ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib:

“Bu isə yenidənqurma və iqtisadi dirçəliş prosesində ciddi maneələr yaradır. Problem yalnız insanların təhlükəsizliyinə və gündəlik həyatına təsir göstərmir, eyni zamanda şəhərlərin və yaşayış məntəqələrinin bərpasını da çətinləşdirir. Münaqişənin başa çatmasından sonra 425 nəfər mina və partlayıcı qalıqların qurbanı olub. Bu fakt bir daha göstərir ki, təhlükə aktiv hərbi əməliyyatlar bitdikdən sonra da davam edir. Eyni zamanda aydındır ki, mina təmizlənməsi və beynəlxalq əməkdaşlıq olmadan dayanıqlı bərpa prosesini tam şəkildə həyata keçirmək mümkün deyil. 2020-ci ildə münaqişənin başa çatmasından sonra bu problemin aradan qaldırılması istiqamətində genişmiqyaslı fəaliyyətə başlanılıb. 2020-ci ilin noyabr ayından etibarən 272 min hektardan artıq ərazi təmizlənib, 200 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”,- ANAMA sədri qeyd edib.

Nigar Həsənli,
Musavat.com

Chosen
11
musavat.com

1Sources