EN

“Bakı Metropoliteni”nin əməkdaşı arvadını döydü, elektron qolbaq taxıldı

Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Bayram İmanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama əsasən, hadisə 13 yanvar 2026-cı il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən yaşayış komplekslərinin birinin həyətində qeydə alınıb.

 

Məlumata görə, Bayram İmanovla həyat yoldaşı, zərərçəkmiş Lamiyə İmanova (adı, soyadı şərtidir) arasında yaranmış mübahisə zamanı qadına qəsdən xəsarət yetirib.

 

Belə ki, şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs arvadının sağ ayaq nahiyəsinə təpik zərbəsi endirib. Nəticədə Lamiyəyə sağ aşıq-baldır oynağı nahiyəsində və sağ ayağın oynaq-hərəkət funksiyasının pozulması ilə müşayiət olunan iri həcmli dərialtı hematoma xəsarəti yetirilib.

 

Ekspertiza rəylərinə əsasən, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilib.

 

Məhkəmə iclasında Bayram İmanov ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

 

Onun sözlərinə görə, hadisədən təxminən 10 gün əvvəl həyat yoldaşı azyaşlı övladlarını götürərək heç bir məlumat vermədən valideynlərinin yaşadığı ünvana gedib. Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxtdan etibarən Lamiyənin evdən getmə səbəbini öyrənmək üçün ona dəfələrlə zəng etsə də, zənglər cavabsız qalıb.

 

Bayram bildirib ki, bir neçə dəfə həyat yoldaşının yaşadığı ata evinə gedərək övladlarını görmək istəsə də, qapını açan olmayıb. 13 yanvar 2026-cı il tarixdə saat 16 radələrində övladlarını görmək məqsədilə Lamiyənin yaşadığı istiqamətə gedib və həmin orada onunla rastlaşıb.

 

O, həyat yoldaşına yaxınlaşaraq xəbərsiz şəkildə niyə evi tərk etdiyini və hansı səbəbdən valideynlərinin evinə getdiyini soruşduğunu söyləyib. Azad qadının onunla kobud danışması və övladlarını ona göstərməkdən imtina etməsi səbəbindən əsəbiləşib və bu zaman ona ayaq zərbəsi vurub.

 

İfadəsində Azad daha sonra həyat yoldaşının onunla danışmadan ərazidən uzaqlaşmağa çalışdığını, cavab almaq məqsədilə isə onun saçından tutaraq geri dartdığını da etiraf edib.

 

Təqsirləndirilən şəxs sonradan arvadı hadisə ilə bağlı polis orqanlarına müraciət etdiyini öyrəndiyini bildirib.

 

Məhkəmə iclasının sonunda o, törətdiyi əmələ görə səmimi peşman olduğunu deyib və məhkəmədən barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib.

 

Azad həmçinin cəza təyin ediləcəyi təqdirdə “Bakı Metropoliteni” QSC-də gecə növbəsində yol montyoru vəzifəsində işləməsinin, eləcə də əmək fəaliyyəti və ailə vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 22 May 2026, 08:06   
Chosen
79
pravda.az

1Sources