EN

Əfqanıstanda qızların nikah yaşı faktiki olaraq 9 yaşa endirilib

“Taliban”ın təsdiqlədiyi yeni qaydalar beynəlxalq narahatlıq yaradıb...

Əfqanıstanda qızların nikah yaşı faktiki olaraq 9 yaşa endirilib.

Poliqon xəbər verir ki, bu barədə “The Times” qəzeti ölkədə qəbul olunan “Ər-arvad arasında məhkəmə bölgüsü kodeksi”nə istinadən məlumat yayıb.

Məlumata görə, qərar Taliban lideri Hibatullah Akhundzada tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minib. Yeni qaydalara əsasən, qızların evlənməsi üçün konkret minimum yaş həddi faktiki olaraq ləğv olunub və nikah üçün əsas meyar kimi yetkinlik dövrünə çatma götürülüb.

Sənəddə nikaha razılıq məsələsi də fərqli şəkildə şərh olunur. Belə ki, cinsi yetkinlik yaşına çatmış qızın susması onun nikaha razılığı kimi qəbul edilə bilər. Bu dəyişiklik beynəlxalq insan haqları təşkilatları və qadın hüquqları müdafiəçiləri arasında ciddi narahatlıq doğurub.

Qeyd olunur ki, bundan əvvəl Əfqanıstanın 1977-ci il Mülki Məcəlləsinə əsasən, qızlar üçün rəsmi nikah yaşı 16, oğlanlar üçün isə 18 idi. 16 yaşdan kiçik qızların evlənməsinə yalnız ata və ya hakim icazəsi ilə yol verilirdi.

Ekspertlər hesab edirlər ki, yeni qaydalar qadın və uşaq hüquqları sahəsində vəziyyəti daha da ağırlaşdıra bilər. Beynəlxalq təşkilatlar son illərdə “Taliban” hakimiyyəti dövründə qadınların təhsil, əmək və ictimai həyatda iştirak imkanlarının ciddi şəkildə məhdudlaşdırıldığını dəfələrlə bəyan ediblər.

Poliqon.info

Chosen
65
poliqon.info

1Sources