EN

Britaniya parlamentində Güney Azərbaycan və İranın gələcəyi müzakirə olundu

Britaniya parlamentində İranın mövcud vəziyyəti və ölkənin gələcəyi ilə bağlı toplantı keçirilib. Musavat.com xəbər verir ki, tədbir Britaniya parlamentinin üzvü Bambos Charalambousun təşkilatçılığı ilə baş tutub.

Toplantıda çıxış edən Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin İranın çoxmillətli dövlət olduğunu, ölkədə türklər, kürdlər, ərəblər, bəluclar, qaşqaylar və digər xalqların yaşadığını bildirib. O qeyd edib ki, İran əhalisinin mühüm hissəsini türklər təşkil etsə də, son yüz ildə ölkənin mərkəzləşdirilmiş fars hakimiyyəti tərəfindən idarə olunduğunu vurğulayıb.

Mahmud Bilgin çıxışında Güney Azərbaycan milli hərəkatının uzun illərdir dinc mübarizə apardığını qeyd edərək Babək qalası toplantılarını, 2006-cı il etirazlarını, Urmiya gölünün müdafiəsi aksiyalarını və “Traktor” futbol oyunlarında səsləndirilən milli şüarları bu mübarizənin əsas nümunələri kimi göstərib.

O, 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökumətini də xatırladıb. Bilgin bildirib ki, həmin dövrdə ana dilində təhsil, demokratiya və özünüidarə prinsipləri tətbiq olunsa da, 1946-cı ildə şah qüvvələri tərəfindən bu hökumət dağıdılıb və on minlərlə insan qətlə yetirilib.

Çıxışında İran İslam Respublikasını sərt tənqid edən Mahmud Bilgin deyib ki, milyonlarla insanın kimliyi tanınmadan ölkədə demokratiya və ədalətdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, Güney Azərbaycan fəalları və siyasi hərəkatları həm rejim, həm də bəzi xarici müxalif qüvvələr tərəfindən görməzdən gəlinir.

Bilgin bildirib ki, İranın gələcəyi yalnız ölkədə yaşayan bütün xalqların hüquqlarının tanınması və mərkəzləşdirilmiş idarəetmənin federativ və ya konfederativ sistemlə əvəz olunması ilə mümkün ola bilər.

“İranın gələcəyini küçələrə çıxan milyonlarla insan müəyyən edəcək. Heç bir güc xalqın iradəsindən üstün deyil”, - deyə o vurğulayıb.

Mahmud Bilgin çıxışını Güney Azərbaycan milli hərəkatının şüarı ilə tamamlayıb:

“Gələcək bizimdir – Azadlıq, ədalət və milli hökumət!”

Musavat.com

Chosen
22
musavat.com

1Sources