EN

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

Bakı, 21 may, AZƏRTAC

Qlobal iqlim dəyişikliyinin təsirləri artıq dünyanın hər yerində açıq şəkildə hiss olunur: meşə yanğınları, sellər, quraqlıqlar, eroziya və digər ekoloji fəlakətlər. Bunlar artıq bütün insanlığın ortaq problemi halına gəlib. Buna görə şəhərlərimizi, təbii sərvətlərimizi və yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik. Buradan xüsusilə şəhər rəhbərlərinə, bələdiyyə başçılarına və qərarvericilərə müraciət edirik: Şəhərlərimizin gələcəyi planlı şəhərsalma, ekoloji dayanıqlılıq və fəlakətlərə davamlı şəhərlər anlayışı ilə formalaşmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirci Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı deyib.

"Təbiəti nəzərə almayan tətbiqlərin uzunmüddətli perspektivdə ciddi risklər yaratdığı artıq açıq şəkildə görünür. Bu baxımdan mühəndislərimiz, memarlarımız, şəhər planlaşdırıcılarımız və dizaynerlərimiz böyük məsuliyyət daşıyırlar. WUF13 tədbirinin əsas vurğularından biri də şəhərlərin gələcəyi, təhlükəsiz yaşayış məkanları və ekoloji həssaslığın artırılmasıdır. Biz Türk Dünyası Mühəndislər və Memarlar Birliyi olaraq inanırıq ki, şəhərlər gələcək nəsillərin hüquqları nəzərə alınaraq planlanmalıdır. Çünki şəhərlər insanların təhlükəsiz yaşadığı, təbii resursların qorunduğu və həyat keyfiyyətinin dayanıqlı olduğu məkanlar olmalıdır. Ətraf mühitin qorunması dövlət qurumlarından fərdlərə qədər hər kəsin ortaq məsuliyyətidir. İnsanların bu mövzuda maarifləndirilməsi, xüsusilə uşaqlardan başlayaraq bütün yaş qruplarında şüurun artırılması çox vacibdir", - deyə o vurğulayıb.

Müxbir - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Şövqi Əzizov
Chosen
39
2
azertag.az

3Sources