EN

Ermənistanda böyük qarşıdurmaların şahidi olacağıq ŞƏRH

Sherg.az saytına istinadən ain.az xəbər verir.

“Elə bir gün yoxdur ki, Kremldən İrəvana ciddi xəbərdarlıq və siqnallar gəlməsin"

“Kreml Paşinyanın Avropa kursunu dayandırmaq üçün seçkilərə təsir göstərir”

“Moskvanın Ermənistandakı əsas adamı Karapetyandır” 

Ermənistan siyasi arenası, hökümətlə müxalif qüvvələr arasında mübarizə meydanına çevirilib. Bir zamanlar Rusiya ilə qardaşlıq prinsipinə əsaslanan Paşinyan komandası, indi ondan uzaqlaşmağı ölkənin tərəqqisi üçün əsas meyar hesab edir. Lakin bunu reallaşdırmaq üçün Paşinyan hökümətinin qarşısında “mübarizə koalisiya”sı var.

İyunun 7-də keçiriləcək parlament seçkilərində, Paşinyanın qarşısında sabiq prezident Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır. Köçəryan bugünkü açıqlamasında ermənilərin yalnız Qarabağa qayıdış məsələsini gündəmdə saxladıqlarını və bundan başqa heç bir iddialarının olmadığını bildirib. Paşinyan isə onlara müraciətində, “Əgər Qarabağı istəyirdinizsə, onun uğrunda can verərdiniz” sözlərini dilə gətirib. Baş nazir, Sarukyan və Karapetyanla birgə hərəkət edən Köçəryanın casus olduğunu bildirərək, onlar arasındakı birliyi “üçbaşlı müharibə koalisiyası” adlandırıb. Paşinyan cinayətkar oliqarxiyanın Qarabağ ermənilərinə alınıb-satılan əmtəə kimi yanaşdıqlarını açıqlayıb.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Moskva dairələri Paşinyanın Avropa İttifaqına inteqrasiya planlarına mane olmaq üçün seçkilərin nəticələrinə müdaxilə etməyə çalışırlar:

“Rusiyanın Ermənistanda təmsil olunan lideri isə “Güclü Ermənistan” partiyasının rəhbəri erməni əsilli rusiyalı oliqarx Samvel karapetyandır. Karapetyan Ermənistanda həbs olunduqdan sonra Kreml onun qardaşı oğlu vasitəsilə parlament seçkilərində iştirak üçün “Güclü Ermənistan” partiyasının yaradılmasına göstəriş verib. Son vaxtlar Rusiyanın göstərdiyi səylər nəticəsində Ermənistanda revanşist qüvvələrin tərəfdarlarının sayı artıb. Bununla bağlı Rusiyanın sabiq Baş naziri Sergey Kiriyenkonun rəhbərliyi altında xüsusi qrup yaradılıb. Moskvanın proksi qüvvələrinin fəaliyyətinin artması, Paşinyan hökumətində narahatlıq yaradır”. 

Politoloqun sözlərinə görə bir neçə gündür ki, Ermənistanın hüquq-mühafizə orqanları müxalif blokun obyektlərində yoxlamalar aparırlar:

“Ermənistan cəmiyyətində revanşist düşüncələr həmişə ön planda olub. Karapetyan və Köçəryanla vahid müstəvidə çıxış edən “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanın fəaliyyət mexanizmi də Ermənistan hökumətinin diqqət mərkəzindədir. O, Rusiyanın xarici xidmət orqanlarına bağlıdır. Paşinyan dünənki bəyanatında, Sarukyanın şirkətlər imperiyasının onurğa sütunu olan Ağrıdağ sement zavodunu, onun əlindən alacağını açıqladı”. 

S.İsgəndərov qeyd edib ki, Paşinyan rəqiblərinin təsir imkanlarını zəiflətmək üçün onların iqtisadi dayaqlarına zərbə vuracaq:

“Paşinyan və ona dəstək olan Avropa İttifaqı administrativ resurslardan istifadə etməklə proksi qüvvələrin uğur qazanmasına əngəl olacaqlar. 44 günlük müharibədən məğlub çıxan Paşinyan hökümətinə qarşı etimadsızlıq yaransa da, Azərbaycanın Ermənistana göstərdiyi jestlər Baş nazirin nüfuzunu gücləndirib. Paşinyanın Moskvaya son səfərində prezident Vladimir Putin, ona birmənalı şəkildə rusiyayönümlü qüvvələrin seçkilərdə imkanlarının məhdudlaşdırılmasına laqeyd qalmayacaqlarını bildirdi”. 

Politoloqun fikrincə, seçkilərə yaxınlaşdıqca, böyük qarşıdurmaların şahidi olacağıq:

“Elə bir gün yoxdur ki, Kremldən İrəvana ciddi xəbərdarlıq və siqnallar gəlməsin. Ötən gün Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Ermənistanın beynəlxalq platformalarda mütəmadi olaraq Avropa İttifaqının mövqeyinə qoşulması ilə bağlı rəsmi İrəvana ciddi xəbərdarlıq etdi. Belə bir iddia da gündəmdədir ki, Ermənistan və Rusiya arasında pərdəarxası danışıqlar çərçivəsində revanşist qüvvələrin parlamentdə təmsilçiliyinin təmin olunması ilə bağlı əvvəlcədən müəyyən razılaşma əldə olunub”. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
sherg.az

1Sources