EN

“Bu addım insanların sosial siyasi proseslərə marağını artırıb” ŞƏRH KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

İnsan hüquqları və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi təminatı müasir cəmiyyətlərin əsas prinsiplərindən biridir. Bu sahədə dövlətin rolu, qanunvericilik, hüquq mühafizə orqanları və müstəqil təşkilatlar vacibdir.

Azərbaycanda da insan hüquqlarının qorunması və vətəndaşların hüquqi təminatı ilə bağlı müəyyən qanunlar və mexanizmlər mövcuddur.

Demokratiyanın dayanıqlı olması üçün vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Azərbaycanda insan hüquqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu sahəsində davamlı islahatlar aparılır. Hüquq mədəniyyətinin inkişaf etdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində cənab Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq silsilə proqramlar, layihələr həyata keçirilir.

Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təminatı və müdafiəsi dövlətin ümdə vəzifələrindən biridir. İnsan, vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikası Konstitusiyasına əsasən təmin olunur.

Prezident İlham Əliyev deyib ki, hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanıb və 1995-ci il noyabrın 12-də referendumda xalq tərəfindən qəbul edilib:

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu. Lakin respublikamız müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən ictimai-siyasi qeyri-sabitlik, xaos və anarxiya yeni konstitusiyanın qəbul edilməsini mümkünsüz edirdi. Azərbaycan vətəndaş qarşıdurması astanasına sürüklənmiş, milli dövlətçiliyimiz isə məhv olmaq təhlükəsi altında idi. Mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Məhz belə bir çətin məqamda, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyimizin tarixi səhifələrini yazdı.

Ümummilli liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılıb. Ölkədə ictimai-siyasi sabitlik bərqərar olunandan sonra, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərpa edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi.

Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Yeni qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəmin yaratdı.

Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla addımlamasına, milli-mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkan yaratdı.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi maariflənməsi, cəmiyyətdə fəallığın artırılması bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Xüsusilə hüquqi biliklərin genişlənməsi və insanların ictimai-siyasi proseslərdə daha aktiv iştirakı demokratik cəmiyyətin inkişafı baxımından mühüm hesab olunur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, insan hüquq və azadlıqlarının qorunması yalnız qanunların mövcudluğu ilə məhdudlaşmır, eyni zamanda vətəndaşların öz hüquqlarını bilməsi və onları müdafiə etməyi bacarması ilə birbaşa bağlıdır:

“Bu istiqamətdə hüquqi və siyasi mədəniyyətin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. İnsan nə qədər məlumatlı olarsa, cəmiyyətin ictimai-siyasi həyatında da bir o qədər fəal iştirak edər. Bu isə həm dövlət-vətəndaş münasibətlərinin inkişafına, həm də demokratik institutların güclənməsinə xidmət edir”.

Politoloq qeyd edib ki, son illər cəmiyyətdə hüquqi maarifləndirmə istiqamətində aparılan işlər insanların sosial və siyasi proseslərə marağını artırıb:

“Vətəndaşların hüquqi savadlılığının yüksəlməsi onların öz hüquqlarını daha effektiv şəkildə müdafiə etməsinə imkan yaradır. Eyni zamanda ictimai fəallığın artması cəmiyyətin inkişafına müsbət təsir göstərən əsas amillərdən biridir”.

Z. Əmrəliyev hesab edir ki, gələcək dövrdə də bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacib olaraq qalacaq.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması”  mövzusuna uyğun olaraq dərc edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
konkret.az

2Sources