EN

Fərid Şəfiyev: Azərbaycanın azad edilmiş ərazilərdəki təcrübəsi tamamilə unikaldır

BAKI, 21 may. TELEQRAF

"Məlumdur ki, ətraf rayonlar — yəni Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Ağdam münaqişə dövründə bir növ bufer zona kimi saxlanılırdı və Ermənistan rəhbərliyi gələcək danışıqlarda bu əraziləri müstəqillik statusu qarşılığında geri qaytarmağı düşünürdü. Lakin Kəlbəcər və Laçın rayonları Ermənistan üçün tam fərqli strateji və hərbi əhəmiyyət kəsb edirdi. Onlar bu iki rayonu birbaşa Ermənistanın öz mərkəzi nüvəsinə birləşdirmək, yəni qanunsuz olaraq ilhaq etmək niyyətində idilər".

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

O bildirib ki xüsusilə Laçın dəhlizi və bu marşrut üzərindən daşınan hərbi yüklər regional təhlükəsizlik baxımından onlar üçün kritik idi:Məhz bu səbəbdən Laçın və Kəlbəcər ətrafındakı ərazilər, infrastruktur tamamilə dağıdıldı. Qarabağdakı mənzərə növbəti dəfə sübut edir ki, urbisid hərbi münaqişələrin gedişində yaranan dolayı zərər (collateral damage) deyil, məqsədyönlü və planlı şəkildə həyata keçirilən qəsdən məhvetmə aksiyasıdır. Təəssüf ki, biz eyni dağıdıcı fenomeni bu gün Yaxın Şərq, Ukrayna və Afrikada da müşahidə edirik. Sudandakı vətəndaş müharibəsi də daxil olmaqla, dünyada urbisid hadisələrinin sayı getdikcə artmaqdadır”.

​Fərid Şəfiyev Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda həyata keçirdiyi yenidənqurma işlərinin dünya praktikasında analoqu olmadığını və mühüm töhfələr verə biləcəyini vurğulayıb:

​“Azərbaycanın qazandığı təcrübə tamamilə unikaldır. Birincisi, miqyas baxımından biz bütövlükdə Livan dövlətinin ölçüsündə olan nəhəng bir ərazini yenidən qururuq. İkincisi, bizim yanaşmamız birtərəfli deyil, kompleks və holistikdir. Biz sadəcə bir neçə ev inşa etmirik; biz iqtisadi cəhətdən dayanıqlı, kommunal təminatı tam qurulmuş, yaşıl enerji ilə təchiz olunmuş bütöv icmalar və şəhərlər yaradırıq, əhalini iş yerləri ilə təmin edirik. Bu unikal bərpa modeli gələcəkdə Yaxın Şərqdə - Livan və Suriyada, eləcə də Ukraynada müharibə bitdikdən sonra şəhərlərin yenidən qurulmasında əvəzsiz bir baza kimi istifadə oluna bilər”.

​Çıxışının sonunda bərpa prosesinin qarşısında duran maliyyə çətinliklərinə və beynəlxalq dəstəyin zəifliyinə toxunan BMTM sədri kəskin bir faktı açıqlayıb:
​“Yenidənqurmanın qarşısında duran ən böyük əngəl hələ də mina problemidir. Bu sahədə beynəlxalq yardımların həcmi çox kiçikdir".

Chosen
20
teleqraf.com

1Sources