EN

Fərid Şəfiyev: Qarabağ və Şərqi Zəngəzurda törədilən dağıntılar birbaşa urbisid nümunəsidir

BAKI, 21 may. TELEQRAF

"Urbisid - şəhərlərin məhvi termini ilk dəfə 1960-cı illərdə Qərb mühitində şəhər inkişafı, yaradıcı məhəllələrin məhvi və sivil layihələrin uğursuzluğu kontekstində yaranıb. Lakin son 30 ildə, xüsusilə silahlı münaqişələrin artması ilə "urbisid" tam fərqli və xüsusi bir tətbiq sahəsi qazandı. Bu gün biz bu termindən danışarkən adi müharibə fəsadlarını deyil, tamamilə fərqli şəhərsalma cinayətlərini nəzərdə tuturuq”.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” adlı tədbirdə deyib.

Müharibə zamanı yaranan adi fiziki dağıntılarla "urbisid" arasındakı incə, lakin fundamental fərqləri izah edən BMTM sədri bəzi tarixi nümunələri önə çəkib:

​“Hər hansı bir şəhərin dağılması hələ tam olaraq urbisid demək deyil. Məsələn, İkinci Dünya Müharibəsi zamanı Stalinqrad şəhəri demək olar ki, tamamilə yerlə-yeksan edilmişdi. Lakin akademik dairələr bunu urbisid hesab etmir, çünki orada dağıntılar hərbi zərurətdən – tərəflərin bir-biri ilə döyüşməsi, bombalaması və atəşə tutması nəticəsində yaranmışdı. Urbisidi fərqləndirən əsas element isə qəsdən törədilən "etnik təmizləmə" və şəhərin "mədəni kimliyinin silinməsi" (erasure of cultural identity) cəhdidir”.

​Fərid Şəfiyev Qarabağ və Şərqi Zəngəzurda törədilən dağıntıların məhz bu kontekstdə birbaşa urbisid nümunəsi olduğunu vurğulayıb:

“Urbisiddə əsas məqsəd hərbi obyektləri deyil, birbaşa şəhərin özünü, onun mədəni əhəmiyyətini, tarixini və əhalinin yaşayış mühitini qəsdən yox etməkdir. Şəhərlər məhz konkret bir icmanın izlərini silmək, oranı tamamilə insansızlaşdırmaq üçün hədəfə alınır. Qarabağ hadisələrində də biz qarşı tərəfin hərbi zərurət olmadan, şəhərlərimizin mədəni kimliyini və tarixi mənsubiyyətini hədəf alaraq onları tamamilə məhv etmək niyyətinin şahidi olduq. Bu səbəbdən Qarabağdakı mənzərə dünya elmi ədəbiyyatındakı ən bariz urbisid nümunələrindən biridir”.

Chosen
31
teleqraf.com

1Sources