EN

Enerji içkiləri sağlamlığa necə təsir EDİR? EKSPERT AÇIQLADI

"Bu maddələr xüsusilə inkişaf dövründə olan uşaq və yeniyetmələrdə fiziki və əqli inkişafın ləngiməsinə, ürək-damar problemlərinə səbəb ola bilər". 

Bunu Day.Az-a açıqlamasında enerji içkilərinin mənfi təsirləri ilə bağlı fikirlərini səsləndirən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O, bildirib ki, enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı Azərbaycan qanunvericiliyinə əsasən qadağandır.

"Məşhur şəxslərin, idmançıların, müğənnilərin iştirakı ilə aparılan reklamların geniş yayılması bu məhsullara marağı artırır. Reklamların məhdudlaşdırılması, xüsusilə gənclərə yönəlmiş təşviqatın qarşısının alınması və məhsullar üzərində sağlamlıqla bağlı açıq xəbərdarlıqların yerləşdirilməsi vacibdir. Eyni zamanda, bu sahədə mütəmadi maarifləndirmə işlərinin aparılması zəruridir.

Enerji içkilərinin tərkibində yüksək miqdarda kafein, şəkər və sintetik mənşəli maddələrin olması insan sağlamlığı üçün ciddi risklər yaradır. Bu maddələr xüsusilə inkişaf dövründə olan uşaq və yeniyetmələrdə fiziki və əqli inkişafın ləngiməsinə, ürək-damar problemlərinə səbəb ola bilər. Kafein ürək ritmini sürətləndirir, qan təzyiqini artırır, eyni zamanda aqressivlik, yuxusuzluq, əsəbilik və diqqət dağınıqlığı kimi hallar yaradır", - o deyib.

Ekspert qeyd edib ki, enerji içkilərinin təsiri qısamüddətli olur - qısa müddətli enerji artımından sonra kəskin enerji düşüşü baş verir ki, bu da təkrar istifadəyə meyli artırır:

"Bu isə zamanla həm fiziki, həm də psixoloji asılılıq yaradır. Yüksək şəkər tərkibi isə diabet riskini artırır, diş minasının zədələnməsinə və çürümələrə səbəb olur.

Xüsusilə uşaqlar üçün risk daha böyükdür. Çünki onların orqanizmi hələ tam formalaşmayıb, daxili orqanlar inkişaf mərhələsindədir və qəbul edilən maddələrin təsirini düzgün tənzimləyə bilmirlər. Bu isə hormonal balansın pozulmasına, boy və inkişaf problemlərinə gətirib çıxara bilər", - deyə o bildirib.

Nəsimi Ələsgərli

Chosen
13
day.az

1Sources