Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Mayın 20-də Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə gediş haqları açıqlanıb.
Məlumata görə, bilet qiymətləri məsafədən və komfort sinfindən asılı olaraq 51-81 manat arasında dəyişir. Tariflərin yüksək olması sosial şəbəkələrdə və ictimaiyyətdə narazılıq doğurub.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də qiymətlərlə bağlı tənqidi mövqe sərgiləyib. Deputat “Pravda az”a bildirib ki, qatar reysinin bərpası müsbət addımdır, lakin tarif siyasəti əhalinin sosial vəziyyətinə uyğun qurulmalıdır.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları”nın tariflərlə bağlı açıqlaması peşəkar yanaşma təsiri bağışlamayıb:
“Qiymətlərin İsveçrə frankı ilə hesablanması və minimum əməkhaqqının artırılması ilə əlaqələndirilməsi məni qane etmədi. Qiymətin formalaşmasına təsir edən faktorlar ictimaiyyətə izah edilməlidir. Ən azından qatardakı vaqonların sayı bir neçə sinfə bölünməli, hər sinfin özünə uyğun xidmət və qiymət səviyyəsi müəyyənləşməlidir”.
Deputat həmçinin Gürcüstanla Azərbaycan arasında sıx əlaqələri nəzərə alaraq müəyyən sosial güzəştlərin tətbiqini təklif edib.
“Gürcüstanda yarım milyona yaxın soydaşımız yaşayır. Onların qohum-əqrəbaları da Azərbaycanda müxtəlif rayonlarda, xüsusilə, Bakı-Gəncə istiqamətində yaşayırlar. Bu insanlara müəyyən imtiyazlar tanısaydıq, yaxşı olardı”, – deyə o bildirib.
Deputat əlavə edib ki, gələcəkdə quru sərhədlərin tam açılması fonunda qatar qiymətləri digər nəqliyyat vasitələri ilə müqayisədə rəqabətə davamlı olmaya bilər:
“Təsəvvür edin, bunun arxasınca quru sərhədlər tamamilə açılacaqsa, Bakıdan Tbilisiyə bir nəfərin qatarla getməsi üç-dörd nəfərin taksi ilə getməsindən baha başa gələcək. Bu da gələcəkdə ADY-nin öz tarif cədvəlinə yenidən baxmasına gətirib çıxaracaq”.
Musa Quliyev qeyd edib ki, dünyada dəmir yolu nəqliyyatı artıq ən ucuz nəqliyyat növü hesab olunmur. Bununla belə, o vurğulayıb ki, qiymət siyasəti vətəndaşların sosial rifahına mənfi təsir göstərməməlidir.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.