Rusiyanın Çinlə strateji yaxınlaşmanı nümayiş etdirməsi və ABŞ-la rəqabət fonunda verilən mesajlar göstərir ki, qlobal güclər arasında geosiyasi balans uğrunda mübarizə daha da sərtləşir. Pekin və Moskvanın son təmasları təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də beynəlxalq təhlükəsizlik arxitekturasının gələcək istiqamətləri baxımından diqqətlə izlənilir. Xüsusilə ABŞ-ın Asiya-Sakit okean strategiyası, Tayvan məsələsi və Ukrayna müharibəsi ətrafında formalaşan yeni siyasi dinamika Rusiya–Çin münasibətlərinə əlavə strateji məzmun qazandırır.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri ABŞ Prezidenti Donald Trampın Pekinə səfərindən dərhal sonra baş tutması baxımından xüsusi diqqət çəkir:

“Yəni Ağ Ev rəhbərinin Çinə səfərinin başa çatmasından cəmi bir gün sonra Rusiya prezidenti Pekinə yollandı. Belə siyasi-diplomatik addımların təsadüfi olmadığı aydındır. Görünür ki, Kreml Trampın Pekinə səfərini diqqətlə izləyib və Putinin səfərini məhz bundan sonra planlaşdırıb.
Kremli narahat edən əsas məsələlərdən biri ABŞ və Çin arasında mümkün yaxınlaşma ehtimalıdır. Rusiyada anlayırlar ki, Çinin dəstəyi zəifləyərsə və ya Pekin Moskva ilə məsafəli davranmağa başlarsa, bu, Rusiya üçün ciddi problemlər yarada bilər.
Əslində Trampın Pekinə səfəri çərçivəsində ABŞ-Çin münasibətlərində müəyyən yumşalma müşahidə olunmuşdu. Xüsusilə də Tramp Ağ Evin ənənəvi siyasətindən fərqli olaraq Tayvan məsələsi ilə bağlı gözlənilməz açıqlamalar vermişdi. O bildirmişdi ki, Çin və Tayvan arasında hərbi qarşıdurma yaranarsa, ABŞ-ın müdaxilə imkanları coğrafi məsafəyə görə məhdud ola bilər. Bu isə müəyyən mənada Vaşinqtonun Tayvan məsələsində əvvəlki mövqeyindən fərqli yanaşma sərgilədiyini göstərirdi. Ehtimal olunur ki, qapalı danışıqlarda müəyyən siyasi razılaşmalar və qarşılıqlı anlaşmalar əldə olunub.
Belə bir şəraitdə Putinin Pekinə səfəri və səfər çərçivəsində Çinlə yeni anlaşmaların əldə olunması təsadüfi hesab edilmir. Həm Pekində, həm də Kremldə yaxşı anlayırlar ki, ABŞ-ın əsas strateji məqsədlərindən biri həm Rusiyanı, həm də Çini paralel şəkildə zəiflətməkdir. Xüsusilə Vaşinqton Çin-Rusiya münasibətlərində məsafə yaratmağa çalışır. Məqsəd Çinin Rusiyanı dəstəkləməsinin qarşısını almaq, eyni zamanda Rusiyanın da Çindən uzaqlaşmasına nail olmaqdır. Tramp administrasiyasının Ukrayna müharibəsi fonunda Rusiyaya müəyyən güzəştlər etməsinin arxasında da Moskvanı Pekindən uzaqlaşdırmaq niyyətinin dayandığı ehtimal olunur”.
Politoloqun fikrincə, Kreml ABŞ-la münasibətlərdə mümkün taktiki yaxınlaşmanı müvəqqəti manevr kimi qiymətləndirir:
“Rusiyada hesab edirlər ki, ABŞ uzunmüddətli perspektivdə yenə də Rusiyanın əsas qlobal rəqiblərindən biri olaraq qalacaq. Buna görə də Moskva Çinlə münasibətləri strateji səviyyədə qorumağa və Qərbə qarşı ortaq fəaliyyət mexanizmləri formalaşdırmağa çalışır.
Bütün bunlar göstərir ki, qlobal geosiyasi rəqabət artıq daha sərt mərhələyə daxil olub. Çin və Rusiyanın koordinasiyalı şəkildə hərəkət etməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu isə ABŞ və Qərb üçün ciddi strateji çağırış hesab olunur. Çin hazırda həm iqtisadi-ticari potensialına görə dünyanın aparıcı güclərindən biridir, həm də son illərdə ordusunu müasir texnologiyalar əsasında ciddi şəkildə modernləşdirib.
Mövcud proseslər onu deməyə əsas verir ki, ABŞ-Çin qarşıdurmasının dərinləşdiyi indiki mərhələdə Rusiya və Çin arasında yaxınlaşma daha da sürətlənə bilər. Bu proses müəyyən mərhələdə ABŞ-ın bəzi istiqamətlərdə geri çəkilməsinə və yeni geosiyasi balansın formalaşmasına təsir göstərə bilər”.
//Gülnarə Abasova, Editor.az