EN

Federasiya Şurası Putinə o səlahiyyətləri verdi-Bundan sonra nə olacaq?

“The Moscow Times” qəzetinin məlumatına görə, Federasiya Şurası Rusiya prezidentinin xaricdə silahlı qüvvələrdən istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu təsdiqləyib.

Musavat.com bildirir ki, sənədə əsasən, Vladimir Putin xaricdə həbs olunma, saxlanılma və ya cinayət təqibi halında “Rusiya vətəndaşlarını qorumaq” üçün ordudan istifadə edə biləcək. Buraya beynəlxalq məhkəmələrin və Moskvanın tanımadığı orqanların qərarları da daxildir. “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” qanunlara dəyişikliklər edilir. Federasiya Şurası bildirib ki, yeni versiya Rusiya vətəndaşlarını qorumaq üçün prezidentin qərarı ilə silahlı qüvvələrdən istifadəyə imkan verir. “The Moscow Times” qeyd edir ki, genişləndirilmiş səlahiyyət Qərb kəşfiyyat orqanlarının Rusiyanın mümkün eskalasiyası və NATO ilə münaqişə riski barədə xəbərdarlıqları fonunda baş verib. Bu, Rusiyaya hansı imkanları qazandıracaq? Qonşu ölkələr, xüsusən postsovet məkanı üçün təhlükə varmı?
Rusiya

Hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ-da bu cür qanunlar çoxdan mövcuddur: “Müxtəlif adlar altında, insan hüquqlarının müdafiəsi, ABŞ vətəndaşlarının qorunması, ABŞ-ın milli maraqlarının təmin edilməsi adı ilə prezident müəyyən müddətə qoşunlardan istifadə edə bilər. Buraya dəniz donanması, hava qüvvələri və digər hərbi strukturlar da daxildir. Yəni bu praktika böyük dövlətlərin hamısında var”. S.Məmmədov qeyd edib ki, Rusiyada da analoji yanaşma mövcuddur: “Onsuz da Ukraynaya qarşı aparılan “xüsusi hərbi əməliyyat”ın əsaslandırmalarından biri kimi orada yaşayan Rusiya mənşəli şəxslər göstərilirdi. O cümlədən həmin şəxslərin bir qisminin Rusiya vətəndaşlığı da var idi, yəni onların ikili vətəndaşlığı mövcud idi. Bu, daha çox Rusiyanın güc nümayişidir və artıq bunu qanunvericilik səviyyəsinə qədər gətirib çıxarıblar”.
Hüquqşünasın sözlərinə görə, ümumiyyətlə, beynəlxalq hüquq zəiflədikcə və beynəlxalq münasibətlər sistemi əvvəlki oturuşmuş formasını itirdikcə, belə hallar daha çox baş verəcək: “Əslində əvvəllər də qaydalar istənilən vaxt pozulurdu, indi isə artıq açıq şəkildə ayaq altına atılır. Belə proseslər təkcə Rusiya ilə məhdudlaşmayacaq. Amerikada da oxşar yanaşmalar var, Rusiya da bunu edir və digər dövlətlər də analoji addımlar ata bilərlər. Təəssüf ki, bu, dünyada yayılmaqda olan mənfi bir praktikadır”.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Rusiya Prezidenti getdikcə avtoritarlaşır və daha böyük səlahiyyətlər istəyir: “Ardınca da bu səlahiyyətlər onun istəyinə uyğun olaraq Federasiya Şurası tərəfindən təqdim edilir. Zatən, Dnestryanı bölgə ilə bağlı da təhlükəli qərarlar veriblər ki, həmin separatçılara dəstək göstərə bilərlər. Üstəlik, indiki halda hansısa ölkədə Rusiya vətəndaşının “azad olunması” məsələsi gündəmə gələrsə, sanki burada da Putinin manevr imkanları genişlənir”.
1643877349

E.Şahinoğlunun sözlərinə görə, amma indi Rusiya elə bir vəziyyətdədir ki, Ukrayna müharibəsini apara-apara başqa dövlətlərə qarşı da müxtəlif təxribatlar həyata keçirsin: “Yəqin ki, Federasiya Şurasının bu son qərarı bir qədər də Ermənistanla bağlıdır. Çünki Putin Paşinyana da demişdi ki, rusiyapərəst qüvvələrin fəaliyyətinə imkan versin və Karapetyan əsas müxalifət təmsilçilərindən biridir, onun da Rusiya vətəndaşlığı var. Ola bilsin ki, Ermənistanda seçkilərə müdaxilə imkanlarını da nəzərdən keçirirlər”.
Bununla belə, politoloq belə bir perspektivin Kreml üçün əlverişli olmadığını zənn edir: “Rusiyanın iki cəbhədə savaşması, mübarizə aparması nə dərəcədə mümkündür, resursları buna nə qədər çatacaq - bu ayrıca sualdır. Amma hər halda təhlükə var və bu yeni qaydalar əslində Rusiyaya qonşu olan bütün ölkələr, hətta Rusiyanın tərəfdaşı sayılan dövlətlər üçün də təhlükədir. Hətta Qazaxıstan üçün də təhlükədir. Orada da rusdilli əhali var. Onların hüquqlarını qoruma bəhanəsi ilə orada da təxribatlar həyata keçirilə bilər. Belə olan halda digər dövlətlərin müqavimət gücü artmalıdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatına əhəmiyyət verməsinin əsas səbəblərindən biri də məhz budur ki, türk dövlətlərinin birgə müqavimət gücü artsın. Müxtəlif təhlükələr var və əsas təhlükə də indi məhz Rusiyadandır”.

E.Paşasoy,
Musavat.com

 

Chosen
34
musavat.com

1Sources