EN

Nazir: Qambiyada məhkəmə çəkişmələrinin böyük hissəsi torpaq mübahisələri ilə bağlıdır

Qambiyada bütün məhkəmə çəkişmələrinin 67%-i torpaq mübahisələri ilə bağlıdır.

"APA-Economics" xəbər verir ki, bunu Qambiyanın Torpaq, Regional İdarəetmə və Dini İşlər naziri Hamat N.K. Bah WUF13 çərçivəsində keçirilən "Afrikada əlçatan mənzil üzrə tərəfdaşlığın investor sessiyası"nda bildirib.

Nazirin sözlərinə görə, torpaq mübahisələrinin çoxluğu ölkədə yeni milli torpaq siyasətinin hazırlanmasını zəruri edib.

O qeyd edib ki, islahatlar çərçivəsində torpaq qeydiyyatının rəqəmsallaşdırılması, vahid torpaq məlumat sisteminin yaradılması, kadastr xəritələrinin hazırlanması və torpaq qanunvericiliyinin yenilənməsi nəzərdə tutulur.

H.Bah bildirib ki, yeni siyasət investorlar üçün torpaq resurslarına çıxışı asanlaşdırmağa, hüquqi qeyri-müəyyənliyi azaltmağa və investisiya mühitini yaxşılaşdırmağa xidmət edəcək.

Nazir əlavə edib ki, Dünya Bankının dəstəyi ilə torpaq qanunvericiliyinin yenilənməsi, rəqəmsallaşdırma və kadastr sisteminin qurulması istiqamətində işlər artıq başlayıb. Onun sözlərinə görə, məqsəd torpaq idarəçiliyində şəffaflığı artırmaq, mübahisələri azaltmaq və torpaq bazarının fəaliyyətini sürətləndirməkdir.

Chosen
31
1
apa.az

2Sources