EN

Əsl hədəf İran deyilmiş... – Yaxın Şərqdəki savaşın əsas qalibi və məğlubları – ARAŞDIRMA

ABŞ və İsrailin İrana qarşı müharibəsi başa çatsa da, qarşıdurma və təhdidlər hələ bitməyib. Əksər ekspertlər hər an müharibənin başlaya biləcəyini proqnozlaşdırırlar.

Doğrudanmı, müharibə yenidən başlayacaq?

Aparılan təhlillər göstərir ki, ABŞ-ın yenidən İrana hücum etmək planı real görünmür. Çünki açıq savaş Tramp hökumətinin maraqlarına cavab vermir. Üstəlik Amerikanın daxilində bu müharibəni çox az adam dəstəkləyir. Məsələn ötən gün ABŞ Senatı Prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
 

Qanun layihəsi İranla bağlı mümkün hərbi əməliyyatların Konqresin təsdiqi olmadan həyata keçirilməsinin qarşısını almağı nəzərdə tutur. Sənədi 50 senator dəstəkləyib, 47 senator isə əleyhinə səs verib. Bildirilir ki, layihənin lehinə demokratların əksəriyyəti və dörd respublikaçı senator səs verib. Respublikaçıların böyük hissəsi və bir demokrat senator isə təşəbbüsə qarşı çıxıb.


Əslində Tramp da münaqişənin aktiv fazaya keçməsini istəmir. Çünki o istədiklərinə nail oldu.

Tramp nə istəyirdi?

Amerika lideri Yaxın Şərqdə yeni müharibə ocağı yaratmaqla bir neçə hədəfinə çatmağı planlaşdırırdı. Məlumdur ki, Trampın Ukrayna ilə bağlı planları suya düşdü. Bir həftəyə həll etmək istədiyi müharibə hələ də davam edir. Digər tərəfdən Tramp hakimiyyətə gələn gündən bütün dünyanı vergi dərəcəsi ilə hədələməyə başladı. Bu isə ABŞ-ın xarici siyasətinə ağır zərbə vurdu. Üstəlik Venesuela Prezidentinin evindən qaçırılması da ABŞ-ın demokratik imicinə xələl gətirdi.

Bütün bunları unutdurmaq üçün rəsmi Vaşinqton razılaşdırılmış müharibəyə başladı. Yəni İranla müharibənin əsl hədəfi başqa idi. Nə İranın nüvə tədqiqatları, nə ağır rejim altında inləyən xalqın vəziyyəti Trampı narahat edirdi. O, bu müharibəyə başlamaqla uğursuzluqları unutdurmaq, dünyada yeni gündəm formalaşdırmaq, həm də bəzi ölkələri yeni müharibənin ağuşuna atmaq istəyirdi.

Yada salaq ki, münaqişənin davam etdiyi 39 gündə ABŞ və İsrail İranın əsas strateji hədəflərini məhv etmədi. Onların ilk hədəfi qızlar məktəbi oldu. Daha sonra isə Ali dini liderin ofisi vuruldu.

Eyni zamanda İran cavab tədbirlərində İsraildən daha çox ərəb dövlətlərini hədəfə aldı.

Bu da onu göstərirdi ki, bu müharibə 3 ölkə arasında gizli razılaşmanın təzahürüdür. Hədəf sürətlə inkişaf edən ərəb dövlətləri və Türkiyə idi. Hansısa yolla bu ölkələri müharibəyə cəlb eləmək lazım gəlirdi. Amma nə ərəb dövlətləri, nə də Türkiyə təxribata uymadı və təmkinlərini qorudu. Belə vəziyyətdə Ağ Ev müharibəni dayandırdı və “B” variantına keçdi.

“B” variantı nə idi?

Məlumdur ki, Hörmüz boğazı dünya iqtiasiyyatının arterial damarlarından biridir. Bu damarın sıxılması və yaxud kəsilməsi ilə dünya iqtisadiyyatı, xüsusilə də region dövlətləri ciddi zərər görə bilir. Təsadüfi deyil ki, Tramp İrana hücumları dayandırdıqdan sonra bütün diqqətini bu boğaza yönəldib. Bu gün dünyanın iqtisadi nizamı pozulub.

Hazırda həm Avropa, həm region ölkələri, həm də Çin və Hindistan kimi dövlətlər körfəz böhranından əziyyət çəkir.

Boğazın açılması Avropa üçün həyati əhəmiyyət kəsb edir. Çünki qitənin enerji təhlükəsizliyi hazırda ciddi sınaq qarşısındadır. Hazırda Avropada qaz ehtiyatları 35,6% təşkil edir. Ötən ilin eyni dövründə bu rəqəm 42,8% idi. Mövcud göstəricilər hətta 2022-ci ilin kəskin enerji böhranı dövründəki səviyyələrdən də aşağıdır ki, bu da qitəni hər hansı bir tədarük kəsilməsinə qarşı daha müdafiəsiz durumda qoyur.

Neft təchizatı baxımından Avropada vəziyyət çox çətinləşib.
 

Köhnə qitə Hörmüz boğazı vasitəsilə neftin təxminən 5%-ni və LNG-nin 13%-ni alırdı. Böhran nəticəsində dizel yanacağı çatışmazlığı yaranıb və qaz qiymətləri kəskin artıb. Mart ayında qiymətlər 1,5 dəfə yüksələrək 1000 kubmetr üçün 600 avro həddini keçib.


Fars körfəzindəki gərginlik qlobal gəmiçilik marşrutlarını iflic edib. Birjalarda qiymətlər 4-6 dəfə bahalaşıb. Hörmüz boğazından keçidin riskli olması dəniz sığortası (war risk insurance) və fraxt (gəmi daşınması) haqlarını astronomik səviyyəyə qaldırıb.

Şirkətlərin dəniz yolundan imtina edərək quru yollarına və yük maşınlarına müraciət etməsi ümumi logistik xərcləri minlərlə dollar artırıb. Məsələn Şanxay – Körfəz xətti 15 may 2026-cı il tarixinə olan rəsmi birja göstəricilərinə görə, Şanxay limanından Fars körfəzi və Qırmızı dəniz istiqamətinə standart konteynerin dəniz yolu ilə daşınma qiyməti böhrandan 980 dollardan kəskin artaraq 4 131 dollara yüksəlib.

Bölgədə fəaliyyət göstərən ticarət şəbəkələri tədarükün tam kəsilməməsi üçün yeni təcili hibrid marşrutlar formalaşdırıblar. Okean gəmiləri ilə gətirilən irimiqyaslı taxıl və ərzaq yükləri Hörmüz boğazına daxil olmadan, BƏƏ-nin daxili dəniz limanlarında boşaldılır. Buradan yüklər kütləvi şəkildə yük maşınlarına yığılaraq quru yolla digər körfəz ölkələrinə daşınır.

Bununla belə yük maşınları nəhəng donanmanı tam əvəz edə bilmir. Belə ki, bu yolla əvvəlki yüklərin ancaq 15-20 faizi qədər yük daşına bilir.

Bəs, ABŞ bundan nə qazandı?

Rəsmi Vaşinqton ilk növbədə Amerikanın üçüncü növ ehtiyatlarını hərəkətə gətirdi. Nəzərə alaq ki,  ABŞ-ın WTI markalı nefti dünyada ən aşağı keyfiyyətli məhsul sayılır. Ona görə də uzun illər idi ki, emal edilən neft ABŞ-ın anbarlarında yığılıb qalmışdı. Hörmüz böhranı hesabına ABŞ-ın WTI markalı neftinə tələbat artdı. Hazırda Avropa dövlətləri bu neftdən daha çox pay almaq üçün növbəyə dayanıb.
 

Hörmüz boğazındakı böhran səbəbi ilə Avropaya satılan qazın da həcmi azaldı. Yenə Amerika ortaya atıldı. Hazırda Avropa dövlətləri Amerikadan sıxılmış qaz idxalını kəskin şəkildə artırıb. Beləliklə Tramp ölkə daxilindəki durğunluğu aradan qaldırdı. Eyni zamanda Avropanı dizə gətirdi. Hazırda Avropa liderləri böhran vəziyyətindən çıxmaq üçün Trampa elçi düşüb. Tramp isə gündə bir bəyanat verməklə Fars körfəzində vəziyyəti gərginlikdə saxlayır.


Ən çox zərər görən ölkələr

Böhrandan böyük ölçüdə zərər görən dövlətlər sırasında BƏƏ, Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı da var. Bu gün Dubay daha əvvəlki kimi dünyanın əsas biznes mərkəzlərindən biri sayılmır. İş adamları sürətlə BƏƏ-dən qaçır. Qətər təkcə neft-qaz yox, gübrə ehtiyatlarını da dünya bazarına çıxartmaqda çətinlik çəkir. Qətər mayeləşdirilmiş təbii qaz (LNG) istehsal gücünün təxminən beşdə birini itirib və bu itkilərin bərpası 3–5 il çəkə bilər.

Nəzərə alaq ki, Qətər dünyanın ən böyük gübrə istehsalçısıdır və körfəz böhranı səbəbindən bir çox ölkələr ciddi gübrə qıtlığı yaşayır. Gübrə qıtlığı isə son nəticədə aşağı məhsuldarlıq deməkdir.

Yaxın Şərqdə artan gərginlik və zəifləyən dollar qızıla tələbatı artırıb. Bu inkişaflara uyğun olaraq, qızıl qiyməti proqnozları yuxarıya doğru yenilənir. Boğazın bağlandığı ilk həftədə Böyük Çarşıda 24 karatlıq qızıl külçəsinin qramının satış qiyməti 4,22 faiz artaraq 4350 TL-yə çatıb. Respublika qızılının satış qiyməti 4,20 faiz artaraq 29400 TL-yə çatıb. Lirə yenə dəyər itirməyə başlayıb.

Təbii ki, digər ölkələrin ABŞ-ın iqtisadi cəhətdən daha da qüdrətlənməsidir. Yaxın Şərqdəki vəziyyətlə Tramp göstərdi ki, dünyanın nizami ABŞ-ın əlindədir. Hətta potensial rəqiblər - Çin, Rusiya, Hindistan və Avropa İttifaqı da bu reallığı qəbul etmək məcburiyyətindədir.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
11
2
bizim.media

3Sources