“QOLAT Sport Service”şirkəti tərəfindən həyata keçirilən“Football Conference Baku” tədbiri bu il ikinci dəfə təşkil olunacaq.
Qısa müddətdə regionun diqqət çəkən futbol platformalarından birinə çevrilən konfrans həm yerli, həm də beynəlxalq səviyyədə futbol ictimaiyyətinin nümayəndələrini bir araya gətirəcək.
“QOLAT Sport Service”şirkətinin rəhbəri Səid Baığrov “Sportinfo TV“nin qonağı olub.
O, qarşıdakı mötəbər tədbir barədə danışıb. Bildirib ki, konfransın əsas məqsədi Azərbaycanda və ümumilikdə regionda futbolun inkişafı mövzularının müzakirəsini artırmaq, bu sahədə müasir yanaşmaları təşviq etmək və beynəlxalq təcrübənin paylaşılması üçün əlverişli mühit yaratmaqdır.
Müsahib deyib ki, konfrans proqramına müxtəlif mövzuları əhatə eləyən panel müzakirələri daxil edilib.
Belə ki, bu sessiyalarda futbol idarəçiliyi, klub strukturlarının inkişafı, oyunçu yetişdirilməsi, akademiya sistemləri, rəqəmsallaşma, media və kommunikasiya, eləcə də müasir futbolun qarşısında duran əsas çağırışlar geniş şəkildə müzakirə olunacaq.
Səid Bağırov söhbət əsnasında şirkətin menecerlik fəaliyyətindən söz açıb, maraqlı məqamlara aydınlıq gətirib. Bildirib ki, “Qarabağ“ın avrokuboklarda qazandığı uğurlar dünya futbol bazarının diqqətini Azərbaycana yönəldib.