İndoneziyanın şərqindəki Dağlıq Papua əyalətində separatçıların hücumu nəticəsində səkkiz qızıl axtaran qətlə yetirilib.
Qaziler.az xəbər verir ki, bu barədə "Jakarta Globe" qəzeti hərbçilərin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, hücum "Azad Papua Hərəkatı" (Free Papua Movement) separatçı qruplaşmasının üzvləri tərəfindən törədilib. Onlar mülki şəxsləri İndoneziya hüquq-mühafizə orqanlarına məlumat ötürməkdə ittiham ediblər.
"Həlak olanlar separatçıların iddia etdiyi kimi güc strukturlarının əməkdaşları deyil, qızıl axtarışı ilə məşğul olan mülki şəxslər olub", - qəzet ordu rəsmisinin sözlərini sitat gətirib.
Hərbçilərin verdiyi məlumata görə, separatçılar hücumdan sonra hadisə yerini tərk ediblər. Ordu onların axtarışı üçün bölgəyə əlavə bölmələr və helikopterlər göndərib, həmçinin rayonda patrul nəzarətinin gücləndiriləcəyini vurğulayıb. Hazırda həlak olanların meyidlərinin hadisə yerindən təxliyəsi həyata keçirilir.
Qeyd olunur ki, separatçılar hücumdan sonra video müraciət yayımlayıblar. Müraciətdə onlar hadisəyə görə məsuliyyəti üzərlərinə götürüblər və qızıl axtaranları kəşfiyyat fəaliyyətində ittiham ediblər.
QAZİLER.AZ