EN

Dünyanın ürəyi Bakıda WUF-13-lə döyünür

Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı adi günlərindən birini yaşamırdı. Şəhərin ritmi dəyişmişdi. “Koroğlu” metrostansiyasından çıxan kimi bunu daha dərindən hiss etmək olurdu. Müxtəlif dillərdə danışan insanlar, əllərində forum nişanları, fərqli ölkələrin bayraqları, kameralar, media nümayəndələri…

Hamı eyni istiqamətə - WUF13 forumunun keçirildiyi Olimpiya Stadionuna doğru hərəkət edirdi. Adama elə gəlir ki, sanki dünya bir neçə günlük Bakıya köçüb. Qərbdən şərqə, şimaldan cənuba dünyanın müxtəlif ölkələrindən gələn insanlar paytaxta xüsusi rəng qatıb. Meksikadan Çinə, Somalidən İspaniyaya qədər onlarla ölkənin nümayəndələri bu gün Bakıda bir araya gəlib. Forum ətrafında yaranan beynəlxalq atmosfer şəhərin hər yerində hiss olunur. Yaşıl avtobuslar bir-birinin ardınca qonaqları stadion istiqamətinə aparırdı. Avtobus dayanacaqlarında müxtəlif dillərdə söhbətlər eşidilir, insanlar forum barədə fikir mübadiləsi aparır, şəhəri telefon kameraları ilə lentə alırdılar. Xarici qonaqların üzündəki maraq və məmnunluq isə diqqətdən qaçmırdı.

Hafta.az olaraq forumun nəbzini yerində hiss etmək üçün Olimpiya Stadionuna yollandıq. Məkanda müxtəlif ölkələrdən olan iştirakçılarla söhbətləşdik. Onların əksəriyyəti Bakının müasir görünüşünü, şəhərdəki təhlükəsizlik mühitini və insanların münasibətini yüksək qiymətləndirdiklərini bildirirlər.

Bəli, WUF13 yalnız şəhərsalma forumu deyil. Bu gün Bakı fərqli mədəniyyətlərin, fərqli baxışların və ortaq gələcək ideyalarının görüş nöqtəsinə çevrilib.

“Bakı həm rahat, həm də qonaqpərvər şəhər təəssüratı yaradır”

İspaniyalı qonaq Javier Harry deyir ki, müasir dövrdə şəhərlərin əsas inkişaf istiqaməti dayanıqlı urbanizasiya və əlçatan yaşayış mühitinin formalaşdırılması olmalıdır.

İspaniyadan Bakıya gələn qonaq qeyd edib ki, onlar beynəlxalq tədqiqat layihəsi çərçivəsində “15 dəqiqəlik şəhər” konsepsiyası və dayanıqlı yaşayış modelləri ilə bağlı əldə etdikləri nəticələri təqdim etmək üçün forumda iştirak edirlər. Onun sözlərinə görə, “15 dəqiqəlik şəhər” modeli insanların gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın məsafədə qarşılamasını hədəfləyir və bu yanaşma gələcəyin şəhərləri üçün mühüm istiqamətlərdən biri hesab olunur.

Bakının foruma ev sahibliyinin yüksək səviyyədə olduğunu deyən Javier Harry vurğulayıb ki, şəhərdə ilk təəssüratları olduqca müsbətdir. O qeyd edib ki, insanlar və könüllülər çox mehriban davranırlar, qonaqlara kömək etməyə çalışırlar və şəhərdə rahat atmosfer hiss olunur.

İspaniyalı mütəxəssis bildirib ki, gələcəkdə şəhərlərin əsas prioriteti dayanıqlı inkişaf və mənzil probleminin həlli olmalıdır. Onun fikrincə, əhalinin sürətli artımı fonunda mənzil məsələsi artıq yalnız inkişaf etməkdə olan ölkələrin deyil, inkişaf etmiş dövlətlərin də ciddi problemlərindən birinə çevrilib. Javier Harry qeyd edib ki, hətta İspaninda belə gənclər üçün yeni mənzil əldə etmək olduqca çətindir.

Qonaq həmçinin Azərbaycan mətbəxini daha əvvəlki səfərlərində dadığını və yeməkləri çox bəyəndiyini bildirib. O əlavə edib ki, Bakı həm rahat, həm də qonaqpərvər şəhər təəssüratı yaradır.

Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri ilə bağlı geniş məlumata malik olmadığını deyən Javier Harry vurğulayıb ki, onların fəaliyyəti əsasən mülki mühəndislik və şəhərsalma layihələrinin hazırlanması istiqamətindədir.

“Bakıdakı qonaqpərvərlik və təşkilatçılıq xüsusi təqdirəlayiqdir”

Nigeriyalı Desmond Chesh bildirib ki, Baku haqqında ilk təəssüratları olduqca müsbətdir.

Onun sözlərinə görə, şəhərin memarlıq üslubu, dizaynı və yol infrastrukturunun yüksək səviyyədə qurulması diqqət çəkir. O qeyd edib ki, tədbirin keçirildiyi məkanın strateji yerləşməsi də şəhərsalma baxımından uğurlu yanaşmanın göstəricisidir.

Desmond Chesh vurğulayıb ki, Bakıdakı qonaqpərvərlik və təşkilatçılıq xüsusi təqdirəlayiqdir. O bildirib ki, şəhərə gəldiyi ilk gündən etibarən hər mərhələdə insanların diqqəti və dəstəyi ilə qarşılaşıb. Ekspertin sözlərinə görə, könüllülərin davranışı, qonaqlarla ünsiyyəti və yanaşması onların yüksək səviyyədə hazırlandığını göstərir.

Nigeriyalı qonaq qeyd edib ki, hər hansı şəhərin yenidən qurulması zamanı ilk növbədə qeyri-formal yaşayış məntəqələrinin və yerli icmaların vəziyyəti nəzərə alınmalıdır. Onun fikrincə, şəhərsalma prosesində həmin insanların da şəhərin bir hissəsi olduqları hissini yaşamaları vacibdir.

Şəhərlərin müqayisəsinə toxunan Desmond Chesh bildirib ki, Bakının fərqləndirici cəhətlərindən biri memarlıq dizaynı və şəhər planlamasıdır. O qeyd edib ki, qısa müddətdə şəhərdə açıq bazar məkanlarına çox rast gəlməyib və bunun digər şəhərlərlə müqayisədə fərqli yanaşma olduğunu düşünür.

Habitat International Coalition nümayəndəsi əlavə edib ki, Bakı həm müasir infrastrukturu, həm də insan amilinə verilən önəmlə yadda qalır. Onun sözlərinə görə, şəhərdə istiqamət tapmaq və tədbir məkanlarına rahat şəkildə çatmaq olduqca asandır ki, bu da təşkilatçılığın yüksək səviyyədə qurulduğunu göstərir.

“Bakı məni xüsusilə insanların qonaqpərvərliyi, şəhərin təmizliyi və yüksək təşkilatçılığı ilə heyran edib”

Somalili forum iştirakçısı bildirib ki, Bakıya gəlməzdən əvvəl şəhər haqqında müəyyən təsəvvürü olmayıb. Lakin ilk təəssüratlarının çox müsbət olduğunu vurğulayan qonaq qeyd edib ki, Bakı onu xüsusilə insanların qonaqpərvərliyi, şəhərin təmizliyi və yüksək təşkilatçılığı ilə heyran edib.

Somaliadan olan iştirakçı bildirib ki, şəhərdə dünyanın müxtəlif ölkələrindən gələn insanların rahat və məmnun şəkildə forumda iştirak etdiyini görmək olduqca xoş təəssürat yaradır. Onun sözlərinə görə, Bakı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən şəhərlərdən biridir.
Könüllülərin fəaliyyətini yüksək qiymətləndirən qonaq qeyd edib ki, tədbir boyunca könüllülər iştirakçılara çox diqqətlə yanaşırlar. O bildirib ki, hər addımda qonaqları qarşılayan, onlara istiqamət göstərən və daim yardım etməyə çalışan könüllülər forumun ən güclü tərəflərindən biridir. Xüsusilə onların ingilis dilində sərbəst ünsiyyət qurmasını vacib üstünlük kimi qiymətləndirib.

Şəhərsalma ilə bağlı fikirlərini bölüşən iştirakçı vurğulayıb ki, yeni şəhər qurularkən ilk növbədə insanların əsas ehtiyacları nəzərə alınmalıdır. Onun fikrincə, insanlar yaşayış məntəqəsinə köçməzdən əvvəl bütün vacib xidmətlər və infrastruktur hazır vəziyyətdə olmalıdır.

Digər şəhərlərlə müqayisəyə gəlincə isə somalili qonaq qeyd edib ki, o indiyədək əsasən Afrika ölkələrində olub və buna görə geniş müqayisə aparmaqda çətinlik çəkir. Bununla belə, Bakı ilə bağlı ilk müşahidələrinin çox müsbət olduğunu bildirib.

Forum iştirakçısı gələcəkdə yenidən Azərbaycana gəlmək istədiyini də qeyd edib və Bakı haqqında xoş təəssüratlarla ayrılacağını vurğulayıb.

“Gələcəyin şəhərləri sosial bərabərliyi təmin etməli və bütün vətəndaşların ehtiyaclarını nəzərə almalıdır”

Ishii bildirib ki, o, Republic of the Congodan WUF13 çərçivəsində Bakıya gəlib.

Qonaq qeyd edib ki, forum proqramı ilə tanış olur və iştirak edəcəyi panel seçimlərini nəzərdən keçirir.
Müsahibə zamanı o, əsasən fransız dilində danışmağa üstünlük verdiyini bildirib və bəzi sualların onun üçün daha rahat şəkildə fransız dilində ifadə oluna biləcəyini qeyd edib.
Ishii bildirib ki, WUF13 kimi beynəlxalq görüşlər müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dünya hazırda həm iqlim, həm ətraf mühit, həm də urbanizasiya ilə bağlı ciddi çağırışlarla üz-üzədir və belə platformalar müxtəlif ölkələrin təcrübələrini bir araya gətirərək ortaq həll yollarının tapılmasına imkan yaradır.

Republic of the Congodan olan iştirakçı qeyd edib ki, xüsusilə mənzil və yaşayış problemi bu gün bir çox ölkədə ciddi sosial məsələyə çevrilib. O bildirib ki, dünyada çox sayda insan yaşayış yeri problemi yaşayır və bu da sosial balansın pozulmasına səbəb olur. Onun fikrincə, forumun əsas məqsədlərindən biri də bu kimi problemlər üçün davamlı və uzunmüddətli həllərin tapılmasıdır.

Qonaq vurğulayıb ki, urbanizasiya və şəhərsalma siyasəti artıq mütləq şəkildə iqlim və ekoloji amilləri nəzərə almalıdır. O qeyd edib ki, müasir şəhərlər demoqrafik artım, tullantıların idarə olunması, iqlim dəyişiklikləri və yaşayış sahələrinin çatışmazlığı kimi ciddi problemlərlə qarşı-qarşıyadır. Xüsusilə məişət tullantılarının idarə olunması bir çox ölkələrdə əsas problemlərdən biri olaraq qalır.

İshii əlavə edib ki, bəzi ölkələrdə dövlət tərəfindən yaşayış kompleksləri tikilsə də, bu imkanlar hər zaman bütün sosial təbəqələr üçün əlçatan olmur. Onun sözlərinə görə, gələcəyin şəhərləri sosial bərabərliyi təmin etməli və bütün vətəndaşların ehtiyaclarını nəzərə almalıdır.

Gələcək şəhərlərin qurulmasında gənclərin roluna toxunan forum iştirakçısı bildirib ki, şəhərsalma prosesində iştirakçılıq prinsipi çox vacibdir. O qeyd edib ki, gənclər qərarvermə prosesinə cəlb olunmalı, gələcəyin şəhərləri onların iştirakı ilə planlaşdırılmalıdır. Onun fikrincə, vətəndaş iştirakı olmadan qurulan şəhərlər gələcək nəsillərin ehtiyaclarına uyğun olmayacaq.

İqlim dəyişikliklərinin gələcəkdə daha fərqli reallıqlar yaradacağını vurğulayan qonaq qeyd edib ki, bu gün inşa olunan şəhərlər gələcək iqlim risklərinə uyğun şəkildə planlaşdırılmalıdır. O bildirib ki, şəhərsalma siyasəti həm bugünkü, həm də gələcək çağırışları nəzərə almalıdır.

“Bakıda həm müasir böyük binalar, həm də kiçik tikililər diqqət çəkir və…”

Kenyalı Modilzau bildirib ki, Azərbaycana səfəri zamanı onu ən çox maraqlandıran məsələlərdən biri ölkənin mədəniyyəti, insanların gündəlik həyatı və tarixi olub.

Kenyadan olan qonaq qeyd edib ki, Azərbaycan insanlarının yaşayış tərzi, milli geyimləri, mətbəxi və tarixi irsi haqqında daha çox məlumat əldə etmək istəyir. Onun sözlərinə görə, Bakuda həm müasir böyük binalar, həm də kiçik tikililər diqqət çəkir və şəhərin memarlıq müxtəlifliyi maraqlı təəssürat yaradır. Modilzau həmçinin Azərbaycanın regionlarında yerləşən təbii landşaftlar, vəhşi təbiət və bitki örtüyü ilə də yaxından tanış olmaq istədiyini bildirib.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirən keniyalı tədqiqatçı qeyd edib ki, bu cür forumlar ölkənin dünyada daha yaxşı tanınmasına böyük töhfə verir. O bildirib ki, bir çox insan Bakı haqqında kifayət qədər məlumatlı deyil və belə tədbirlər Azərbaycanın beynəlxalq görünürlüğünü artırır. Onun sözlərinə görə, hətta bəzi insanlar Bakının hansı regionda yerləşdiyini belə bilmirlər.

Modilzau vurğulayıb ki, forum yalnız yüksək səviyyəli müzakirələr üçün deyil, eyni zamanda iqlim dəyişikliyi və dayanıqlılıqla bağlı mesajların yerli əhaliyə çatdırılması baxımından da əhəmiyyətlidir. O qeyd edib ki, şəhərdə WUF13 ilə bağlı geniş məlumatlandırma aparılır və bu, insanların iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığını artırır.

Gələcəyin şəhərləri ilə bağlı fikirlərini bölüşən forum iştirakçısı bildirib ki, dayanıqlı şəhərlər yalnız böyük və müasir binalardan ibarət olmamalıdır. Onun fikrincə, gələcəyin şəhərləri insanların iştirakı ilə formalaşdırılmalı, mədəni irs qorunmalı və vətəndaşlara öz yaşayış məkanlarını və memarlıq üslublarını seçmək imkanı verilməlidir.

“Bakı onu elektrik avtobusları və şəhərin iqlimə uyğun yanaşması ilə heyran edib”

Anomwe bildirib ki, Bakuda keçirilən proqramda iştirak etdiyi üçün çox sevinir və sessiyaların çox maraqlı və öyrədici olduğunu qeyd edib.

Onun sözlərinə görə, xüsusilə mənzil və şəhərsalma mövzularında çox şey öyrənir və bu bilikləri ölkəsinə apararaq daha yaxşı həllər yaratmaq istəyir.

Kenyadan gələn iştirakçı bildirib ki, qeyri-formal yaşayış məntəqələrində mənzil problemləri ciddi xarakter daşıyır və bu sahədə həll yollarının tapılması vacibdir. O qeyd edib ki, iqlimə uyğun və daha yaxşı mənzil həlləri üzərində işləyirlər. O həmçinin bildirib ki, Bakıya ilk təəssüratı qarışıq olub və hava limanında qarşılanma onun üçün müsbət olmayıb. Onun sözlərinə görə, sonradan forum çərçivəsində hər şey dəyişib və insanlar çox mehriban, köməksevər və qonaqpərvər olub.

Anomwe qeyd edib ki, Bakı onu elektrik avtobusları və şəhərin iqlimə uyğun yanaşması ilə heyran edib. O bildirib ki, şəhərdə yaşıllıq və inkişaf aydın şəkildə görünür. O, həmçinin Nairobi ilə müqayisədə Bakıda ictimai nəqliyyatın daha çox elektrik əsaslı olduğunu qeyd edib və bunun iqlim dayanıqlılığı baxımından müsbət olduğunu vurğulayıb.

Chosen
22
hafta.az

1Sources