EN

Parisin neokolonial siyasəti iflasa məhkumdur-deputatdan sərt açıqlama

 

“Fransa bu gün də özünün imperiya iddialarından və müstəmləkəçi təfəkküründən əl çəkə bilmir. XXI əsrdə, insan hüquqları və demokratiyadan ən uca səslə danışan Paris, pərdəarxasında klassik müstəmləkə idarəetməsini modernləşdirərək neokolonializm formasında davam etdirir”.

Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib. O, bildirib ki, söylədiklərinin ən bariz və ağrılı nümunəsi hazırda Sakit okeanın cənubunda, Yeni Kaledoniyada (Kanakda) yaşanmaqdadır: “Kanak xalqının onilliklərdir apardığı azadlıq və öz müqəddəratını təyinetmə mübarizəsi Parisin formal demokratiya bəyanatları fonunda siyasi təzyiqlər, demoqrafik manipulyasiyalar və amansız repressiyalarla boğulmağa çalışılır. Yeni Kaledoniyada hadisələrin kulminasiya nöqtəsi 2024-cü ilin may ayında baş verən hadisələr oldu. Paris yerli xalqın-kanakların siyasi çəkisini və səs çoxluğunu süni şəkildə azaltmaq üçün seçki qanunvericiliyinə müdaxilə etdi. Məqsəd bəlli idi: bölgəyə sonradan köçürülən fransızların səs hüququnu genişləndirməklə kanakların müstəqillik iradəsini sındırmaq. Bu addım illər əvvəl imzalanmış və sülhü qoruyan Numeya sazişinin prinsiplərinə birbaşa xəyanət idi. Paris bu prosesdə qərəzsiz vasitəçi deyil, müstəmləkəçi bir tərəf olduğunu açıq şəkildə nümayiş etdirdi. Müstəqillik tərəfdarları siyasi təqiblərə məruz qaldı, kanak liderləri qanunsuz şəkildə həbs edilərək minlərlə kilometr uzağa – Fransaya aparıldı və siyasi məhbusa çevrildi. 2021-ci ildə, pandemiya dövründə xalqın matəm günlərinə hörmətsizlik edilərək keçirilən və kanakların boykot etdiyi referendum isə Paris tərəfindən "qapadılmış məsələ" kimi qəbul etdirilməyə çalışılır. Kanak fəalı və USTKE-nin beynəlxalq koordinatoru Rok Haokasın da vuruğuladığı kimi, Fransa hakimiyyəti seçici korpusunu dəyişməklə kanakların siyasi iradəsini zəiflətməyə, müstəqillik perspektivini isə birdəfəlik aradan qaldırmağa çalışır. Paris demokratiya və insan hüquqları haqqında danışsa da, əslində yerli xalqın öz gələcəyini müəyyən etmək hüququnu sistemli şəkildə məhdudlaşdırır”.

Vüqar

Parlamentari onu da qeyd etdi ki, Fransanın neokolonial siyasətinin ən mənfur alətlərindən biri də sosial-iqtisadi asılılıq mexanizmidir: “May hadisələrinə rəvac verən rəsmi Paris, Yeni Kaledoniyanı ağır iqtisadi böhrana sürükləyib, infrastrukturu dağıdıb və minlərlə insanı çıxılmaz vəziyyətdə qoyub. İndi isə Paris xilaskar cildinə girərək bölgəyə milyardlarla avroluq yardım vəd edir. Lakin kanak tərəfinin haqlı olaraq bildirdiyi kimi, bu yardımlar humanitar missiya deyil, konkret siyasi şərtlərlə müşayiət olunan yeni asılılıq mexanizmidir. Makron hakimiyyəti bu iqtisadi rıçaqla qarşıdan gələn regional seçkilərdə loyalist qüvvələri gücləndirmək, kanakların azadlıq mübarizəsini zəiflətmək istəyir. Lakin unudulan bir reallıq var ki, Yeni Kaledoniya hələ də BMT-nin dekolonizasiya olunmalı ərazilər siyahısındadır. Yəni bu məsələ Fransanın daxili işi deyil, beynəlxalq hüquq və tarixi ədalət məsələsidir”.

Müsahibimiz sonda onu da diqqətə çatdırdı ki, Fransa rəsmi Numeyanı dünyadan təcrid etməyə, kanakların səsini boğmağa çalışdığı bir vaxtda, qlobal ədalətin tərəfində dayanan Azərbaycan meydana çıxdı:

 “Bu gün Bakı, Fransanın və digər imperialist güclərin susdurmağa çalışdığı məzlum xalqların beynəlxalq tribunasına çevrilib. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mübarizədə yeni bir mərhələ açdı. Azərbaycanın prinsipial mövqeyi, BTQ-nin təşkil etdiyi beynəlxalq konfranslar və mövzunun BMT platformalarına daşınması kanak xalqına mühüm siyasi və mənəvi dəstək verdi. Rok Haokasın da müsahibəsində xüsusi minnətdarlıqla vurğuladığı kimi, Azərbaycan Fransanın susdurmağa çalışdığı xalqlara səs verir, onların problemlərini dünya ictimaiyyətinə çatdırır. Bu baxımdan Bakı təkcə diplomatik platforma deyil, həm də müstəmləkəçilik əleyhinə qlobal həmrəyliyin mühüm mərkəzidir.

Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi neokolonial avantüra iflasa məhkumdur. Tarix sübut edir ki, heç bir imperiya süni demoqrafik oyunlarla, iqtisadi şantajla və repressiv idarəetmə üsulları ilə bir xalqın azadlıq eşqini zəncirləyə bilməyib. Kanak xalqı öz haqlı davasını davam etdirir və bu yolda onların yanında Azərbaycan kimi prinsipial, ədalətli və cəsarətli müttəfiqlər var”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
24
musavat.com

1Sources