EN

“Gələcəyin şəhərləri iqtisadi və investisiya mərkəzlərinə çevrilməlidir” - QHT sədri

"Bu gün dünyada urbanizasiya və şəhərsalma prosesləri sürətlə davam edir. Artıq 2040-cı ilə qədər dünya əhalisinin təxminən 70%-nin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Maraqlıdır ki, həmin əhalinin böyük hissəsini — təxminən 65%-i gənclər təşkil edəcək".

QHT.az  xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “İqtisadi və Sosial Araşdırmalara Dəstək” İctimai Birliyinin sədri Əyyub Kərimli Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı panel sessiyasında çıxışı zamanı söyləyib.

Ə.Kərimlinin sözlərinə görə, gənclərin şəhərlərə axını şəhərsalma və maliyyələşmə sahəsində yeni çağırışlar yaradır: "Hazırda gənclərin şəhərlərə axını daha intensiv xarakter alıb və bu, şəhərsalma sahəsində yeni çağırışlar yaradır. Bu çağırışların əsas istiqamətləri şəhərlərə investisiyanın cəlb olunması və şəhər idarəçiliyinin dayanıqlı maliyyələşdirilməsidir".

Əyyub Kərimli bildirib ki, beynəlxalq təcrübədə şəhərlər yalnız yaşayış məkanı deyil, həm də iqtisadi və investisiya mərkəzi kimi qiymətləndirilir: "Bu sahədə müxtəlif beynəlxalq təcrübələr mövcuddur. Habitat təşkilatının məlumatlarına əsasən, hazırda dünya şəhərlərinin idarə olunmasına ildə 4 milyard dollardan artıq vəsait sərf edilir. Bu baxımdan şəhərə yalnız yaşayış məkanı kimi deyil, həm də iş, biznes və investisiya mərkəzi kimi yanaşmaq vacibdir".

Sədr vurğulayıb ki, şəhərlərdə iqtisadi aktivliyin artırılması üçün əsas istiqamətlər müəyyən edilib: "Şəhərlərdə iqtisadi aktivliyin artırılması və biznes mühitinin genişləndirilməsi üçün bir neçə əsas istiqamət müəyyən olunub. Bunlardan biri nəqliyyat əsaslı şəhər iqtisadiyyatının formalaşdırılmasıdır".

Ə.Kərimlinin sözlərinə görə, beynəlxalq təcrübədə əvvəlcə nəqliyyat infrastrukturu qurulur, sonra yaşayış və biznes zonaları inkişaf etdirilir: "Təəssüf ki, bizdə bəzən əvvəlcə yaşayış massivləri salınır, daha sonra həmin ərazilərə nəqliyyat infrastrukturu çəkilir. Halbuki beynəlxalq təcrübədə tam əks model tətbiq olunur: ilk olaraq nəqliyyat infrastrukturu və nəqliyyat hubları formalaşdırılır, daha sonra isə onların ətrafında yaşayış və biznes zonaları inkişaf etdirilir".

Əyyub Kərimli bildirib ki, nəqliyyat hubları həm biznesin inkişafına, həm də insanların rahat şəhər həyatına şərait yaradır: "Avtobus, metro, mikromobillik və taksi hublarının yaradılması həm biznesin inkişafına, həm də insanların daha rahat və əlçatan şəhər həyatına imkan yaradır. Məktəblər, sosial xidmət müəssisələri, biznes mərkəzləri və digər xidmətlər həmin nəqliyyat nöqtələrinin ətrafında cəmləşir. Bu da insanların əlavə vaxt və resurs itkisini azaldır".

Sədr qeyd edib ki, şəhərlərin inkişafı üçün beynəlxalq maliyyələşmə mexanizmlərindən istifadə edilir: "Bu istiqamətdə beynəlxalq maliyyələşmə mexanizmləri də mövcuddur. Onlardan biri biznes fondlarının yaradılmasıdır. Bu modeldə biznes subyektləri şəhərin inkişafında maraqlı tərəf kimi çıxış edir və müxtəlif fondlar vasitəsilə əlavə maliyyə ayırırlar. Həmin vəsaitlər ətraf mühitin qorunmasına, təmizliyə, reklam və biznes mühitinin inkişafına yönəldilir".

Ə.Kərimlinin sözlərinə görə, rəqəmsal ekosistemin formalaşdırılması şəhər idarəçiliyində səmərəliliyi artırır: "Digər mühüm istiqamət rəqəmsal ekosistemin formalaşdırılmasıdır. Rəqəmsal idarəetmə şəhərlərdə şəffaflığı və əlçatanlığı artırır, xidmətlərin daha səmərəli təşkilinə və iqtisadi dinamikanın güclənməsinə imkan yaradır".

Əyyub Kərimli bildirib ki, yaşıl maliyyə mexanizmləri şəhərlərin inkişafında mühüm maliyyə mənbəyi hesab olunur: "3-cü vacib maliyyə mənbəyi isə yaşıl maliyyə mexanizmləridir. Bu model əsasən bələdiyyə idarəçiliyi və yerli maliyyə alətləri üzərində qurulur. Şəhər ətrafındakı torpaqların dəyərinin artması, əmlak vergiləri, tikinti icazələri və şəhərsalma normaları vasitəsilə əlavə investisiyalar cəlb edilir və şəhərin inkişafı maliyyələşdirilir".

Sədr vurğulayıb ki, gələcəkdə şəhərlər güclü iqtisadi mərkəzlərə çevrilməlidir: "Ümumilikdə hesab edirəm ki, 2050-ci ilə qədər şəhərlər yalnız yaşayış məkanı deyil, həm də güclü iqtisadi mərkəzlər kimi formalaşmalıdır".

Ə.Kərimlinin sözlərinə görə, regionlarda sənaye potensialının artırılması iqtisadi disbalansın aradan qaldırılmasına kömək edəcək: "Bu gün ölkəmizdə regionlar arasında qeyri-proporsional iqtisadi inkişaf müşahidə olunur və iqtisadiyyatın böyük hissəsi paytaxtda cəmləşib. Bu disbalansın aradan qaldırılması üçün regionlarda sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, istehsal imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu addımlar həm şəhərlərin maliyyə dayanıqlığını artırar, həm də insanların iqtisadi aktivliyinin güclənməsinə töhfə verər".

Zəhra Ağayeva

Chosen
40
qht.az

1Sources