EN

Keniyalı nümayəndə: Bakının müasirliyi və mədəni atmosferi xüsusi diqqət çəkir

WUF-13-də  müzakirə olunan mövzular müasir dövr üçün son dərəcə aktualdır və xüsusilə şəhərlərin inkişafı, yaşayış məkanlarının transformasiyası və dayanıqlı həllər barədə aparılan fikir mübadilələri yeni baxış bucaqları formalaşdırır

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.

“İki sahil” olaraq biz də forumun gedişini izləyir, iştirakçıların tədbirlə bağlı gözləntilərini və  təəssüratlarını öyrənirik.

Keniya təmsilçisi olaraq Şərqi Afrikadan uzun yol qət edərək Azərbaycana gəlmək  həm maraqlı, həm də unudulmaz bir təcrübədir.

Bunu  Keniyalı nümayəndə, African Alliance” təşkilatının direktoru Jacqueline Chege “İki sahil”ə özəl açıqlamasında söyləyib.

O qeyd edib ki, səfər müddətində Bakı şəhərində keçirdikləri günlər ərzində həm şəhərin müasirliyi, həm də mədəni atmosferi xüsusi diqqət çəkib. Jacqueline Shege vurğulayıb ki, səfər zamanı ən çox yadda qalan məqamlardan biri insanların qonaqpərvərliyi olub: “Burada insanlar olduqca mehriban və açıqdır, xüsusilə ingilis dilində danışa bilən gənclərin göstərdiyi dəstək onlara böyük rahatlıq yaradıb.

O, həmçinin forumun təşkilatçılığını və məzmununu yüksək qiymətləndirib və bildirib ki, qlobal urbanizasiya, şəhərsalma və davamlı inkişaf mövzularında keçirilən sessiyalar onlar üçün çox dəyərli olub. Onun sözlərinə görə, forumda müzakirə olunan mövzular müasir dövr üçün son dərəcə aktualdır və xüsusilə şəhərlərin inkişafı, yaşayış məkanlarının transformasiyası və dayanıqlı həllər barədə aparılan fikir mübadilələri yeni baxış bucaqları formalaşdırıb.

Keniyalı nümayəndə diqqətə çatdırıb ki,forum yalnız bilik mübadiləsi deyil, eyni zamanda müxtəlif ölkələrdən gələn iştirakçılar arasında əməkdaşlıq və təcrübə paylaşımı üçün mühüm platforma rolunu oynayıb.

Jacqueline Shege Bakı şəhərinin memarlığından da xüsusi təsirləndiyini də əlavə edib:”Şəhərin müasir görünüşü ilə tarixi və mədəni elementlərin harmoniyası onda dərin təəssürat yaradıb”.

Forum iştirakçısının sözlərinə görə, Azərbaycanda keçirdikləri vaxt onlar üçün çox dəyərli olub və ölkə turizm baxımından daha geniş tanıdılmağa layiqdir. Onun fikrincə, regionda tez-tez Türkiyə və Gürcüstan ön plana çıxsa da, Azərbaycan da eyni dərəcədə diqqətəlayiq və cəlbedici bir turizm məkanıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
29
ikisahil.az

1Sources