BAKI, 21 may. TELEQRAF
Macarıstanın hakim “Tisa” Partiyası parlamentə baş nazirlərin səkkiz ildən çox olmayaraq vəzifədə qalmasına icazə verən və keçmiş baş nazir Viktor Orbanın yenidən vəzifə tutmasının qarşısını alan Konstitusiya dəyişikliyi layihəsi təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
16 illik hakimiyyətdən sonra aprel seçkilərində Orbanı hakimiyyətdən devirən Macarıstanın yeni Baş naziri Peter Madyar demokratiya və balanslı sistemi bərpa etmək üçün Konstitusiya da daxil olmaqla, Orbanın “Fides” Partiyası tərəfindən qəbul edilmiş qanunları ləğv etmək və dəyişdirmək üçün parlamentdəki üstünlüyündən istifadə edəcəyini bildirib.
Parlamentin saytında dərc olunmuş düzəliş layihəsinə görə, əvvəllər ən azı səkkiz il Macarıstan hökumətinin başçısı vəzifəsində çalışmış şəxslər baş nazir seçilə bilməzlər. Bu, 1990-cı il mayın 2-dən sonrakı baş nazirlik müddətlərinə aiddir.
Düzəlişdə qeyd olunur ki, baş nazir ümumilikdə səkkiz il və ya iki müddət vəzifədə olduqdan sonra postundan getməlidir.
Dəyişiklik həmçinin 2023-cü ildə Orban tərəfindən yaradılan və Macarıstanın suverenliyinə təhdid hesab edilən media qurumlarını siyahıya alan və ölkənin suverenliyinə təhdid yaradan fəaliyyətləri araşdırmaq səlahiyyətinə malik olan Suverenliyin Müdafiəsi Ofisinin ləğvinə yol açır.
Qanun layihəsinə əsasən, Macarıstan hökuməti əlavə olaraq ictimai maraq üçün aktivlərin idarə olunması üzrə yaradılmış fondların təsisçi hüquqlarını geri ala bilər. Bu fondlar təxminən 20-yə yaxın universiteti idarə edir. Bu halda, Orban hökuməti tərəfindən bu fondlara köçürülmüş yüz milyardlarla forint dəyərində aktivlər dövlət mülkiyyətinə qaytarılacaq.