EN

Orxan Məmmədov: Şuşa və Füzulidəki yenidənqurma Azərbaycanın dayanıqlı şəhər mühiti qurmaq öhdəliyini göstərir

Dayanıqlı şəhərlər yalnız dövlət investisiyaları və siyasət çərçivələri hesabına qurula bilməz.

APA xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 çərçivəsində keçirilən “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” adlı sessiyada bildirib.

O bildirib ki, sahibkarlar, KOB-lar, startaplar, texnologiya təminatçıları, memarlar, şəhər innovatorları və infrastruktur qurucuları — onların hamısı gələcək nəsillər üçün daha ağıllı, daha yaşıl və daha inklüziv şəhərlərin yaradılmasında vacib rol oynayır: “Azərbaycan artıq bu istiqamətdə mühüm irəliləyişlər əldə edir. Genişmiqyaslı şəhər transformasiyası layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl zonaların genişləndirilməsi, şəhər infrastrukturunun modernləşdirilməsi və azad edilmiş ərazilərdə dayanıqlılıq prinsiplərinə əsaslanan yenidənqurma işləri ölkənin innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətinə sadiqliyini nümayiş etdirir”.

Orxan Məmmədov qeyd edib ki, KOB-lar yalnız iqtisadi artıma və məşğulluğa töhfə vermir, həm də innovasiya, yaşıl keçid, rəqəmsallaşma, yerli xidmətlərin inkişafı və şəhər icmaları daxilində sosial inklüzivliyin gücləndirilməsində mühüm rol oynayır.

“Xüsusilə qeyd etməliyik ki, Prezidentimizin rəhbərliyi altında azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma təşəbbüsləri tamamilə yeni yaşayış məntəqələrinin ağıllı texnologiyalar, bərpa olunan enerji həlləri, müasir infrastruktur və ekoloji dayanıqlılıq standartları əsasında qurulmasını nəzərdə tutur. Məsələn, Ağalı kəndində həyata keçirilmiş “ağıllı kənd” layihəsi regionun ilk innovativ məskunlaşma modellərindən birinə çevrilmişdir. Bu model bərpa olunan enerji, ağıllı idarəetmə sistemləri, dayanıqlı kənd təsərrüfatı və rəqəmsal ictimai xidmətləri bir araya gətirir. Bundan əlavə, Şuşa və Füzuli kimi şəhərlərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma işləri Azərbaycanın müasir, ekoloji baxımdan dayanıqlı şəhər mühiti qurmaq öhdəliyini bir daha nümayiş etdirir. Bu səbəbdən bugünkü panel müzakirələri kiçik və orta müəssisələrin dayanıqlı, inklüziv və dayanıqlı şəhərlərin formalaşmasına töhfə verən əsas tərəflər kimi rolunun vurğulanması baxımından mühüm platforma rolunu oynayır. Eyni zamanda, bu müzakirələr dövlət qurumları, beynəlxalq təşkilatlar və əlbəttə ki, özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir”,- o bildirib.

Chosen
60
1
apa.az

10Sources