EN

“Bakı Baş Planı dayanıqlı və rəqabətqabiliyyətli şəhər inkişafını hədəfləyir” - Read Qasımov

Bakının Baş planı şəhəri yalnız böyüyən meqapolis kimi deyil, daha yaşıl, dayanıqlı və qlobal rəqabətə davamlı şəhər kimi formalaşdırmağı hədəfləyir.

SİA xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov WUF13 çərçivəsində “İnkişafın yeni əsri” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Baş planın əsas prioritetlərindən biri şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsidir: “Uğurlu şəhər təkcə infrastrukturla deyil, vətəndaşların rahat, təhlükəsiz və əlçatan mühitdə yaşaması ilə ölçülür”.

Read Qasımov qeyd edib ki, bu çərçivədə parkların genişləndirilməsi, piyada dostu mühitlərin yaradılması, sahil zolağının inkişafı və sosial infrastrukturun gücləndirilməsi əsas istiqamətlərdəndir.

O əlavə edib ki, ikinci prioritet iqlimə davamlılıq və ekoloji dayanıqlılıqdır: “Bakı sahil şəhəri kimi ciddi ekoloji çağırışlarla üz-üzədir. Baş plan yaşıl şəhərsalma, enerji səmərəliliyi və dayanıqlı mobillik prinsiplərini özündə birləşdirir”.

İdarə rəisi vurğulayıb ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində yaşıl tikinti standartlarının tətbiqi istiqamətində də irəliləyişlər əldə olunur və bu, qlobal iqlim məqsədlərinə töhfə verir.

Onun sözlərinə görə, üçüncü prioritet inteqrasiya olunmuş mobillik sisteminin qurulmasıdır: “Məqsəd daha səmərəli nəqliyyat sistemi yaratmaq və insanların gündəlik vaxtını daha məhsuldar istifadə etməsinə şərait yaratmaqdır”.

Read Qasımov bildirib ki, dördüncü prioritet Bakı şəhərinin tarixi-mədəni irsinin qorunmasıdır: “Modernləşmə prosesi tarixi kimliyin qorunması ilə paralel aparılmalıdır”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
16
sia.az

1Sources