EN

Ekspert: “WUF13 ölkəmizə yeni turist portfeli qazandıracaq”

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) bütün dünya mediasında işıqlandırıldığı üçün Azərbaycanın turizm sektorunun çox geniş hədəfli bir reklamına çevriləcək”.

Bu sözləri turizm eksperti Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu Foruma dövlət və hökumət başçıları, nazirlər kimi yüksək rütbəli şəxlər qatılıb:


“Üstəlik, günlərdir bütün dünya mediasında ölkəmizdən danışılır. Bu isə turizm üçün əvəzolunmaz reklamdır. Eyni zamanda, Foruma gələn 50 mindən çox iştirakçı Azərbaycanda potensial turistə çevrilir. Tədbir iştirakçılarının hamısı işgüzar səfərdir, amma Forum bitdikdən bir neçə gün sonra da ölkəmizdə pul xərcləyəcəklər, bəlkə də regionlarımıza gedəcəklər. Əslində, 50 min iştirakçının Azərbaycana səyahət etməsi gələcəkdə milyon turist deməkdir. Düşünürəm ki, WUF13 ölkəmizə yeni turist portfeli qazandıracaq”.

Ekspert qeyd edib ki, turistlərə qarşı qonaqpərvərliyimizi göstərməliyik:
“Ümid edirəm ki, xidmət sektorunda gələn turistlərə artıq qiymətlər deməzlər. Çünki onlar bizim qonaqlarımızdır. Biz isə çox qonaqpərvər millətik. Keçmişdən indiyə kimi evə gələn qonaq sanki bayram əhval-ruhiyyəsi gətirir. Bu baxımdan da ənənələrimizi qorumalıyıq. Azərbaycana gələn bu qədər tədbir iştirakçılarını öz qonağımız kimi görməliyik və onlara individual fərdi xidmət göstərməliyik”.

Rəhman Quliyev diqqətə çatdırıb ki, ölkə turizminin böyük perspektivi var:
“Hesab edirəm ki, Azərbaycan turizminin inkişafı üçün hələ gələcəkdə də böyük işlər görməliyik. Hər birimizin belə öhdəliyi olsa, turizmimiz daha da inkişaf edər. Ən böyük öhdəlik də bu gün belə bir beynəlxalq səviyyəli, mötəbər tədbirləri ölkəmizdə keçirməkdir. Üstəlik, onların hər birinə çox yüksək səviyyədə ev sahibliyi edirik. Çünki Azərbaycan turizminin ən böyük reklamı elə görəcəyimiz işlərdir”.

Pərviz

Chosen
4
hit.az

1Sources